Ankara 3+3 Platformasının növbəti iclasının Türkiyədə keçirilməsini istəyir

Şəklin mənbəyi, TASS/Getty Images
Ankara 3+3 Platformasının növbəti iclasını Türkiyədə keçirmək istəyir, Rusiya Prezidenti və Ermənistanın Baş naziri Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına dair razılaşmaların icrasını müzakirə ediblər, Azərbaycanda COVID-19 xəstəliyindən sağalanlarların immunitet sertifikatı testdən 7 gün sonra veriləcək, koronavirusa yoluxanların karantində qalma müddəti azaldılıb - ətraflı BBC News Azərbaycancanın icmalında.
Ankara Cənubi Qafqazda regional əməkdaşlığa dair 3+3 Platforması çərçivəsində növbəti toplantının Türkiyə keçirilməsini istəyir.
Bunu Türkiyə prezidenti Recep Tayyip Erdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı bildirib, Türkiyə Prezidentinin mətbuat xidməti xəbər verir.
İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı Ankaranın Qafqazda sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirdiyini qeyd edən Prezident Erdoğan "Türkiyə olaraq Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə hazırladıqları 3+3 Platformasının növbəti toplantısına ev sahibliyi etmək istədiklərini" bildirib, məlumatda qeyd olunub.
Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə və İran təmsilçilərinin qatıldığı 3+3 Platformasının ilk iclası dekabrın əvvəlində Moskvada keçirilib.
Türkiyə Prezidenti bundan əvvəl Cənubi Qafqaz üçün Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın iştirakını nəzərdə tutan 6 ölkənin regional əməkdaşlıq platformasını təklif edib.
Altılıq və ya 3+3 Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü 2020-ci ilin dekabrında, 44 günlük Qarabağ müharibəsi başa çatdıqdan sonra Türkiyə və Azərbaycan liderlərinin birgə təşəbbüsü kimi irəli sürülüb.
Prezident İlham Əliyevin sözlərinə görə, bu təşəbbüsün məqsədi Cənubi Qafqazı "gərginlik məkanından sabitlik və sülh regionuna" çevrirməkdir,
"Biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək", Azərbaycan Prezidenti ötən il etdiyi çıxışlarından birində qeyd edib.
3+3 Platforması Cənubi Qafqaz ölkələri və bu regiona həmsərhəd olan Türkiyə, İran və Rusiya arasında nəqliyyat kommunikasiyaların və iqtisadi-ticarət əlaqələrinin qarşılıqlı fayda əsasında inkişaf etdirilməsini nəzrədə tutur.
Qeyd olunan altı ölkədən yalnız Gürcüstan bu formatdan kənar duracağını bildirib.
Rəsmi Tbilisi öz mövqeyini Rusiya ilə münasibətlərində mövcud olan problemlərlə əsaslandırıb.
"Gürcüstanın Rusiya ilə istənilən formatda əməkdaşlığı yalnız bir şərtlə mümkün ola bilər. Rusiya Federasiyası beynəlxalq öhdəliklərini yerinə yetirəndən sonra Cənubi Qafqazda birgə əməkdaşlıqdan danışmaq mümkündür," - Gürcüstan XİN rəsmisi 2020-ci ilin sonunda bu məsələ ilə bağlı verilən açıqlamalarından birində bildirib.
Putin və Paşinyan sərhəd məsələsini müzakirə ediblər

Şəklin mənbəyi, AFP/Getty images
Ankara 3+3 Platformasının növbəti iclasını Türkiyədə keçirmək istəyir, Rusiya Prezidenti və Ermənistanın Baş naziri Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına dair razılaşmaların icrasını müzakirə ediblər, Azərbaycanda COVID-19 xəstəliyindən sağalanlarların immunitet sertifikatı testdən 7 gün sonra veriləcək, koronavirusa yoluxanların karantində qalma müddəti azaldılıb - ətraflı BBC News Azərbaycancanın icmalında.
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasına dair üçtərəfli razılaşmaların icrasını müzakirə ediblər.
Bu barədə Rusiya Prezidentinin mətbuat xidməti bildirir.
"Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan sazişlərin icrasının praktiki aspektləri, o cümlədən Ermənistanın- Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub," - rəsmi açıqlamada deyilir.
Noyabr ayında Rusiyanın vasitəçiliyilə Soçidə keçiriən görüşdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması barədə razılığa gəlinib.
Yanvar ayında Azərbaycan-Ermənistan sərhədində itkilərlə müşayiət olunan atəşkəs rejiminin pozulması halı qeydə alınıb. Bu, ötən ilin noyabr ayından bəri ilk ciddi insident olub. 16 noyabr döyüşlərində Ermənistan 6 hərbçinin həlak olduğunu, 32 nəfərin əsir düşdüyünü, Azərbaycan isə 7 hərbçisinin həlak olduğunu və 10 nəfərin yaralandığını bildirmişdi.

Şəklin mənbəyi, Anadolu Agency/Getty images
Koronavirusa yoluxanların karantində qalma müddəti azaldılıb
Azərbaycanda COVID-19 xəstəliyindən sağalanlar üçün immunitet sertifikatı test nəticəsindən artıq 7 gün sonra veriləcək. Yoluxanların karantində qalma müddəti də azaldılıb.
Bu barədə Nazirlər Kabinetinin son qərarında deyilir.
Məlumata əsasən, laboratoriya testinin nəticəsi pozitiv çıxan xəstələrin və onlarla təmasda olan şəxslərin yaşayış yerində təcrid olunma müddəti 14 gündən 7 günə azaldılır.
Həmçinin, koronavirusdan sonra sağalan şəxslərin immunitetə malik olmalarını təsdiqləyən sertifikat pozitiv PZR test tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləçək, - Nazirlər Kabinetinin saytında dərc olunan qərarda deyilir.
Bundan əvvəl karantinin azaldılması barədə məlumatı səhiyyə qurumları da yayıb.
"SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır", şənbə günü Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə açıqlamasında deyilir.

Açıqlamaya görə koronavirusun Omicron mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq, virusa yoluxma riskini azaldan tövsiyələrə əməl olunmalıdır.
Tibb mütəxəssislərinə görə vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır.
"Vətəndaşlarımızı gücləndirici (buster) doza ilə vaksin olunmağa çağırırıq", - sənəddə deyilir.
Son zamanlar dünya boyunca SARS-CoV-2 virusunun Omicron variantının yayılması müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırıb.


























