Ermənistan Azərbaycana gedəcək dəmir yolunun "bərpasını planlaşdırır”, "Tərtər işi" üzrə araşdırma "xüsusi nəzarətə" götürülüb

Şəklin mənbəyi, Gov.am
Ermənistan Azərbaycana gedəcək dəmir yolunun bir hissəsinin bərpasını "planlaşdırır", Azərbaycan prokurorluğu "Tərtər işi" ilə bağlı cinayət işləri üzrə ibtidai istintaqı "xüsusi nəzarətə" götürüb, daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Ermənistan hökuməti "Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz" dəmir yolunun 45 kilometrlik hissəsini bərpa etməyi planlaşdırır ki, buna təxminən 200 mln. dollar vəsait xərcləyəcək. Bu barədə Ermənistan Baş nazirinin müavini TASS agentliyinə bildirib.
"Mütəxəssislərin ilkin hesablamalarına görə, dəmir yolu relslərinin Ermənistan ərazisindən keçən hissələrinin bərpasının indikativ dəyəri təqribən 200 milyon dollar təşkil edəcək. Hissənin ümumi uzunluğu (Ermənistan ərazisində - red.) təxminən 45 km, yolun ümumi uzunluğu isə təxminən 340 kilometrdir," - Mher Qriqoryan deyib.
Ermənistan Baş naziri müavininin sözlərinə görə, Ermənistan və Azərbaycanı birləşdirən dəmir yolu marşrutu beynəlxalq qaydalara uyğun olaraq, "qarşılıqlı prinsip əsasında, ölkələrin suverenliyi və yurisdiksiyaları çərçivəsində fəaliyyət göstərəcək".
14 dekabrda Azərbaycan Prezidenti NATO-nun baş katibi ilə görüşdən sonra "Zəngəzur dəhlizi" barədə danışaraq deyib ki, bu nəqliyyat yolu Laçın dəhlizi ilə eyni rejimdə fəaliyyət göstərməlidir.
"Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır", - İlham Əliyev NATO-nun Baş katibi Jens Stoltenberg-lə alyansın Brüsseldəki mənzil-qərargahında keçirilən mətbuat konfransında deyib.
Bu həftənin əvvəlində Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilən görüşdən sonra tərəflər Azərbaycanla Naxçıvanı birləşdirəcək dəmir yolunun bərpasına dair razılığın əldə olunduğunu təsdiqləyiblər.

Şəklin mənbəyi, APA
"Tərtər işi" üzrə araşdırma "xüsusi nəzarətə" götürülüb
Azərbaycan prokurorluğu "Tərtər işi" ilə bağlı cinayət işləri üzrə ibtidai istintaqı "xüsusi nəzarətə" götürüb. Bu barədə Baş Prokurorluğun şənbə günü yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, 2017-ci ilin may-iyun aylarında Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonlarında yerləşən hərbi hissələrində "qanunazidd əməllərin" araşdırılması üçün cinayət işlərinin icraatının təzələnməsi haqqında qərar qəbul olunub.
"İbtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılmışdır".
2017-ci ilin mayında Azərbaycanın Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bir qrup hərbi qulluqçu və digər mülki şəxslərin ölkəyə xəyanət etdiklərini və Ermənistana məlumat ötürdükləri barədə bəyanat yayıb.
İddialara görə, 2017-ci ildə onlarla, bəzilərinə görə isə yüzlərlə hərbçi işgəncələrə məruz qalıb və onlardan vətənə xəyanət etmələrini və Ermənistana məlumat ötürmələrini və ya məlumat ötürənlərinin adlarını verməkləri istənilib.




























