Azərbaycan-Ermənistan sərhədində atışma: bir azərbaycanlı hərbçi həlak olub

Çərşənbə günü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində atışmada Azərbaycan hərbçisi əsgər Asif Əliyev həlak olub.
Ermənistan tərəfi atışmanın Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində olduğunu deyib və özünün itki vermədiyini bildirib.
Azərbaycan və Ermənistan müdafiə nazirlikləri bir-birlərini sərhəddə "təxribat" törətməkdə günahlandırıblar.
İnsidentin dəqiq hansı ərazidə baş verməsi barədə məlumat verilməyib.
Ermənistan tərəfi bildirib ki, sərhəddəki döyüş mövqeləri Azərbaycan tərəfindən "müxtəlif çaplı odlu silahlardan atəşə tutulub".
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan tərəfinin atəşi "görülən müvafiq tədbirlər nəticəsində susdurulub".
Sergey Lavrov:"Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlərə tez bir zamanda başlamaq vacibdir"

Şəklin mənbəyi, Getty Images
Çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı zamanı ona Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlərə tez bir zamanda başlamağın vacibliyindən danışıb.
"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmalarının icrasına xüsusi diqqət yetirilib. Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonradan demarkasiyası üzrə işlərin tezliklə başlanmasının təmin edilməsinin zəruriliyi vurğulanıb", - Rusiya XİN bəyan edib.
TASS-ın məlumatına görə, Sergey Lavrov həmçinin Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaların praktiki müstəviyə keçməsi barədə də danışıb.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayıb 44 gün davam edib. Həmin il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri hərbi əməliyyatlar tam dayandıran üçtərəfli bəyanat imzalayıblar.
Bir neçə ay sonra, yanvarın 11-də üç ölkənin liderləri Moskvada görüşüblər. Razılığa əsasən üç ölkənin baş nazirinin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün işçi qrup yaradılıb.
Bu il noyabrın 26-da Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında üçtərəfli danışıqlar olub. Görüşdə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işi aparmaq barədə razılaşıblar. Rusiya bu işdə məsləhətçi kimi yardım göstərəcək.
Stokholmda Azərbaycan-Ermənistan görüşünün baş tutmaması həmsədrləri təəssüfləndirib

Şəklin mənbəyi, Getty Images
Bazar günü ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayaraq bildiriblər ki, "Stokholmda onların himayəsi altında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında birgə görüşün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər".
Həmsədrlər Andrew Schofer (ABŞ), İqor Xovayev (Rusiya ) və Brice Roquefeuil (Fransa) bu gün yaydıqları bəyanatda "sentyabrda New-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələri davam etdirmək üçün şərait imkan verən kimi belə bir görüşü təşkil etməyə hazır olduqlarını" bildiriblər.
Həmsədrlər dekabrın 1-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla və dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Stokholmda ATƏT Nazirlər Şurasının iclası çərçivəsində görüşüblər.
Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbigniew Rau ilə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk iştirak edib.
Azərbaycan və Ermənistan XİN başçılarının Stokholm görüşünun baş tutmamasının səbəbi

Şəklin mənbəyi, AZertag
Leyla Abdullayevanın sözlərinə görə, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirilib və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak edib.
"İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi, - Abdullayeva qeyd edib.
"Lakin, 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi."
"Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir", - Azərbaycan XİN rəsmisi bildirib.
Bundan əvvəl Ermənistan mediasının yaydığı məlumata görə, Ermənistan XİN-in mətbuat katibi Vahan Unanyan bildirib ki, Stokholmda ATƏT-in Nazirlər Şurasının konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 3-ə təyin olunmuş görüşü baş tutmayıb.
O, görüşün baş tutmamasının səbəbini açıqlamayıb. Eyni zamanda, Unanyan deyib ki, "Ermənistan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində görüşdən heç vaxt çəkinməyib".
Azərbaycan 10 erməni hərbçisini Ermənistana təhvil verib

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP via Getty Images
Bakı dekabrın 4-də "10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib".
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında qeyd olunub ki, Azərbaycan bu addımı "humanizm prinsiplərini əsas tutaraq" atıb.
Bildirilib ki, "təhvil verilmiş şəxslər noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb."
DTX qeyd edib ki, Azərbaycan "bir müddət öncə - noyabrın 26-da erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib."
Əvəzində Ermənistan tərəfi Azərbaycanın "işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib."
"Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə" Azərbaycan tərəfi Rusiya Müdafiə Nazirliyinə təşəkkürünü bildirib.


























