Ermənistanlı nazir: “Gorus-Qafan yolundan imtina etmirik”

Qafan-Gorus avtomobil yolu

Şəklin mənbəyi, OMBUDSMAN.AM

Şəklin alt yazısı, Qafan-Gorus avtomobil yolunun Azərbaycandan keçən hissəində basdırılan məlumat tablosu
Çap edildi

Ermənistanlı nazir bir hissəsi Azərbaycandan keçən Gorus-Qafan yolu barədə danışıb, ABŞ nümayəndəsi Qafqaza səfəri çərçivəsində Ermənistanda rəsmilərlə Qarabağ münaqişəsini müzakirə edib, Azərbaycan İkinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin cəsədini qarşı tərəfə verib - ətraflı BBC News Azərbaycancanın icmalında.

Ermənistan Gorus-Qafan yolunun Azərbaycanın nəzarəti altında olan 21 kilometrlik hissəsindən "tam imtina etmir" və bunun "sərhədin delimitasiya-demarkasiyası nəticəsində həll olunacağına" ümid edir, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

Azərbaycan bu ilin sentyabrında Ermənistanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində polis və gömrük nəzarəti qurub. Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə bildirmişdi ki, bu yoldan istifadə ilə bağlı ötən ilin dekabrında Azərbaycanla razılaşıblar.

Azərbaycan bu yolda İran nömrəli yük maşınlarını yoxlayır və gömrük rüsumu tətbiq edir. Bu, iranlı sürücülər arasında narazılıq yaratdığı üçün Ermənistan Gorus-Qafana alternativ yol tikir.

"Biz bu yoldan (Gorus-Qafan yolunun 21 kilometrindən) imtina etmirik, mübahisəli olan iki hissədən başqa, bu bizim yoldur. Bu belədir, ya belə deyil - delimitasiya və demarkasiya göstərər. Bu prosesdə ağrılı sahələr olacaq ya yox, hər halda bunları bilmək və qeyd etmək daha düzgündür ki, gələcəkdə insident olmasın", - Ermənistan ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentdə brifinq zamanı jurnalistlərə deyib.

Azərbaycan Qnel Sanosyanın bu açıqlamasını hələ şərh etməyib.

Qnel Sanosyanın onu da əlavə edib ki, delimitasiya və demarkasiya prosesində hansı sovet xəritələrindən istifadə ediləcəyini bilmir. Amma ixtisasca coğrafiyaşünas olan nazir vurğulayıb ki, müxtəlif illərin xəritələri bir-birindən fərqlənir.

Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi üçün sovet xəritələrindən istifadə ediləcəyi gözlənir. Ancaq hansı illərin xəritələrinin iki ölkə arasında müzakirə mövzusu olduğu ictimaiyyətə açıqlanmayıb.

ABŞ rəsmisi Ermənistanda "Dağlıq Qarabağı müzakirə edib"

Erika Olson

Şəklin mənbəyi, Ermənistan XİN

Şəklin alt yazısı, Erika Olson Yerevanda Ermənistan rəsmiləri ilə "Dağlıq Qarabağdakı vəziyyəti" müzakirə edib

ABŞ dövlət katibi müavininin Cənubi Avropa və Qafqaz siyasəti üzrə köməkçisi Erika Olson Yerevanda Ermənistan rəsmiləri ilə "Dağlıq Qarabağdakı vəziyyəti" müzakirə edib.

Ermənistan Xarici İşlər Nazirliyində keçirilən görüşdə "Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrlik mandatı çərçivəsində hərtərəfli həll olunmasından" danışılıb, qurumun yaydığı məlumatda bildirilir.

Ermənistan isə "Dağlıq Qarabağ"ın statusu məsələsinə görə Azərbaycanla sülh danışıqlarının ATƏT-in Minsk qrupu həmsədrlik mandatı çərçivəsində aparılmasında maraqlıdır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan münaqişənin artıq bitdiyini, "Dağlıq Qarabağ" adlı regionun mövcud olmadığını, o regiondakı bütün ərazilərin Qarabağ iqtisadi rayonunda birləşdiyini, Dağlıq Qarabağa hər hansı status verilməyəcəyini bəyan edib.

ABŞ rəsmisi ilə keçirilən görüşdə "Dağlıq Qarabağda müharibədən sonra yaranmış humanitar vəziyyət" müzakirə olunub, Ermənistan XİN rəhbəri Azərbaycanda saxlanan hərbçilərin və mülki şəxslərin qaytarılması, Azərbaycanın nəzarəti altında olan Dağlıq Qarabağ ərazilərində erməni dini və tarixi-mədəni abidələrin qorunmasının zəruriliyini qeyd edib".

ABŞ diplomatı ilə görüşdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Andrew Shofer də iştrirak edib.

Azərbaycan 11 erməni hərbçinin meyitini qarşı tərəfə verib

Xankəndi (Stepanakert)

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Xankəndi (Stepanakert)

Azərbaycan noyabrın 2-də Rusiya sülhməramlılarının iştirakı ilə İkinci Qarabağ müharibəsində həlak olmuş 11 erməni hərbçisinin cəsədini qarşı tərəfə verib.

Onlar bu günədək itkin düşmüş hesab olunurdular.

Bu barədə seperatçı "Dağlıq Qarabağ Respublikası"nın "Fövqəladə Hallar Xidməti"nin Facebook hesabında məlumat verilib.

Həlak olanların kimliyi məhkəmə-tibb ekspertizası nəticəsində müəyyən ediləcək.

Ermənistanın rəsmi statistikasına görə, ötən il noyabrın 13-dən bəri Azərbaycan müharibədə həlak olmuş 1600-dən çox erməni hərbi və mülki şəxsin meyitini qarşı tərəfə verib.

Azərbaycan-Ermənistan arasında ötən ilin payızında başlamış İkinci Qarabağ müharibəsində hər iki tərəf ümumilikdə 6 mindən çox hərbçi, yüzdən çox mülki şəxs itirib.