Yerevan: Müxalifətin mitinqində "ümummilli müqavimət prosesi" formalaşdığı elan olunub

Şəklin mənbəyi, armeniasputnik
Bu gün Ermənistan paytaxtının Azadlıq meydanında keçmiş ölkə prezidenti Robert Koçaryanın himayəlik etdiyi müxalif "Hayastan" blokun mitinqində "ümummilli müqavimət prosesi" formalaşdığı elan olunub.
"Bu gün burada erməni xalqın Qarabağda məhv edilməsinin qarşısını alacaq, Ermənistanın türkləşməsinə və yeni kapitulyasiyaya yol verməyəcək milli müqavimət hərəkatının əsası qoyulur", - Ermənistan parlamentinin sədr müavini, müxalif "Hayastan" fraksiyasının üzvü İşxan Sağatelyan öz nitqində bəyan edib.
Müqavimət prosesi iki - xarici və daxili - cəbhədə yeridiləcək.
"Xarici cəbhədə bütün dünyaya, xüsusilə düşmənlərimizə, göstərməli və isbat etməliyik ki, Nikol (Baş nazir Paşinyan - red.) erməni xalqın ümumiləşdirilmiş obrazı deyil və ona ölkəni yeni güzəştlərə aparmaq mandatı verilməyib... Bu hakimiyyət tərəfindən imzalanmış hər hansı anti-erməni sənəd bizim üçün qəbuledilməz olmayacaq", - Sağatelyan deyib.
Daxili cəbhədə müxalifət daxili həyatda "dövlətçiliyimiz və ölkəmiz üçün bütün dağıdıcı" hallara qarşı müqavimət göstərməyə çağırır.
Müxalifət artıq "Ermənistanın xilası naminə vətəndaşların müqavimət hərəkatına" yazılması üçün Yerevanda bir neçə informasiya məntəqələri açıb; yaxın günlərdə rayonlarda da belə məntəqələrin açılacağı nəzərdə tutulur.

Şəklin mənbəyi, BBC News Azərbaycanca
Keçmiş Ermənistan prezidenti Robert Koçaryan bütün xalqı mövcud hakimiyyət tərəfindən "Dağlıq Qarabağ və Ermənistan üçün risklər ehtiva edən" sənədlər imzalamağa yol verməməyə çağırıb.
Koçaryanın sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası, əslində, Ermənistan Respublikası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması və Dağlıq Qarabağın anklav vəziyyətinin həkk olunması deməkdir.
"Bunun baş tutması, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinin sonu deməkdir. Bu, o deməkdir ki, yeganə həll yolu qalır - Dağlıq Qarabağın Azərbaycanın tərkibində tanınması. Delimitasiya bundan başqa həll imkanı qoymur", - Koçaran bəyan edib.

Şəklin mənbəyi, BBC News Azərbaycanca
Koçaryanın sözlərinə görə, delimitasiyadan sonra Azərbaycan istədiyi vaxt öz sərhədçilərini Ermənistanı Dağlıq Qarabağla birləşdirən yolda yerləşdirib, gömrük məntəqələrini qoyub, Gorus-Qafan yolunda olduğu kimi, bu yolda da hərəkətini tam nəzarəti altına götürə bilər.
"Biz mübarizə edəcəyik və inanın, bu hakimiyyəti istər barrikadalarda, istər seçki yolu ilə - hansı yolla olursa olsun - qovacağıq", - deyə Koçaryan "barrikadalarda xalqın yanında, ön cərgədə" olacağını bildirib.

Şəklin mənbəyi, BBC News Azərbaycanca
Ötən həftə "Hayastan" bloku müraciət yayaraq insanları bu mitinqdə iştirak etməyə səsləyib.
Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın müxalif "Hayastan" bloku mitinqin Yerevanın Azadlıq meydanında "ləyaqət və müqavimət təşkili" şüarı altında keçəcəyini bildirib.
"Gəl meydana və öz iştirakınla göstər ki, Ermənistanın türkləşdirilməsini, ermənilərin Artsaxdan [ermənilər Qarabağı belə adlandırır- red.] qovulmasını, hakimiyyətin xəzinə oğurluğunu, ölkəmizin növbəti məğlubiyyətini rədd edirsən", - mitinq ərəfəsində yayılmış "Hayastan" blokunun müraciətində deyilirdi.
Mövcud Ermənistan hakimiyyətinə müxalif qüvvələr də mitinqə qatılacaqlarını bildirmişdilər.
"Yalan və saxtakarlıq hakimiyyəti sülh şüarları altında 2020-ci ildə müharibəyə və məğlubiyyətə düçar etdi. Qələbələrimizi və bayram günləri alıb, əvəzində bizə matəm, təhqir, kədər günləri bəxş etdilər. İndi bizə yenidən "əmin-amanlıq dövrü" adı ilə sülh vəd edirlər. Bu, yeni güzəşt, yeni rüsvayçılıq, yeni həqarət, yeni məğlubiyyət deməkdir".
Mitinq təşkilatçıları xalqı "hakimiyyət dəyişikliyi uğrunda mübarizəyə" çağırıblar: "Məğlubiyyət partiyası əmin-amanlıq və inkişaf gətirə bilməz, məğlubiyyət simvolu olan hakimiyyət ölkə maraqlarının layiqli təmsilçisi ola bilməz. Öz şəxsi maraqları və vəzifə naminə minlərlə insanı ölümə göndərən insan dövlətimizə rəhbərlik edə bilməz".
Müxalif qüvvələr ölkəni "bu vəziyyətdən" çıxarmaq, ləyaqətli sülh təmin etmək, iqtisadi-sosial böhranı aradan qaldırmaq, ölkənin təhlükəsizliyini təmin etmək üçün ilkin şərt olaraq "milli müqavimət təşkil etmək və hakimiyyət dəyişikliyini" nəzərdən keçirir.
Bu gün Azərbaycanda 2-ci Qarabağ müharibəsində qalibiyyətin bir illiyi münasibətilə Zəfər Günü qeyd edilir.
2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Şuşa da daxil olmaqla, 30 ilə yaxın işğal altında olan ərazilərini yenidən nəzarət altına alıb, Qarabağ və Laçın dəhlizinə rus sülhməramlıları yerləşdirilib.



























