Bakı metrosunda tüstülənmədən sonra qatarların hərəkəti bərpa olunub

Bakı

Şəklin mənbəyi, Getty Images

Çap edildi

28 May stansiyasında tüstülənməyə görə qatarların hərəkəti qısa müddətə məhdudlaşdırıldıqdan sonra bərpa olunub. Baş nazir Əli Əsədov Azərbaycanda "xüsusi karantin rejiminin" uzadılması barədə qərar imzalayıb. Romada G20 liderlərinin sammiti keçirilir - ətraflı BBC News Azərbaycancanın icmalında.

Bakı metrosunda tüstülənmədən sonra qatarların qrafikə uyğun hərəkəti bərpa olunub

Bu gün "28 May" stansiyasında baş vermis tüstülənməyə görə bəzi istiqamətlərdə qatarların hərəkəti məhdudlaşdırıldıqdan bir müddət sonra tam bərpa olunub.

Bakı metropolitenin mətbuat xidmətinin məlumatına görə, "28 May" stansiyasında "tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib."

Stansiyanın elektrik mühafizə sistemi alışmanın qarşısını alıb.

"Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib", məlumatda qeyd olunub.

Ehtiyat tədbiri kimi, "Həzi Aslanov-28 May" istiqamətində təxminən 5 dəqiqə ərzində hərəkət məhdudlaşdırılıb.

Bakı vaxtı ilə 16:09-dan sonra bütün istiqamətlərdə sərnişindaşıma fəaliyyəti bərpa olunub.

"Hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir", Bakı metropliteni bildirib.

Azərbaycanda koronavirus: karantin rejimi yanvarın 1-dək uzadılıb

Bakı, şəhər, maşınlar, yoldan keçənlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yanvarın 1-dək uzadılıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" qərar imzalayıb.

"Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb", məlumatda deyilib.

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 2132 yoluxma faktı qeydə alınıb, 1757 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.

Son məlumatllara görə, ölkədə koronavirus infeksiyasına yoluxanların sayı ümumilikdə 526 min 920 nəfərdir, onlardan 490 min 789 nəfər müalicə olunaraq sağalıb, 7 min 21 nəfər vəfat edib. Hazırda müalicə keçənlərin sayı 29 min 110 nəfərdir.

Bunları da oxuyun:

Romada G20 sammiti başlayıb

G20

Şəklin mənbəyi, Getty Images

İtaliya paytaxtı Romada G20 liderlərinin 2 gün davam edəcək sammiti başlayıb.

COVID-19 epidemiyasının başlamasından bəri ilk dəfədir ki, G20 liderləri bir araya gəlib üz-üzə görüş keçirirlər.

Çin Prezidenti Xi Jinping və Rusiya Prezidenti Vladimir Putin G20 sammitinin işində videokonfrans rejimində iştirak etməyə üstünlük veriblər.

Romaya gəlmiş Türkiyə Prezidenti Recep Tayyip Erdoğan G20 sammitində birbaşa iştirak edir.

Onun Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel ilə danışıqlar aparacağı gözlənilir.

Sammitin gündəliyində duran ən vacib məsələlərin pandemiya və iqlim dəyişikliyi olduğu bildirilib.

Bakı və Ankara ABŞ-da türk diplomatını qətlə yetirən ASALA üzvünün azadlğa buraxılmasını pisləyiblər

Leyla Abdullayeva

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Leyla Abdullayeva

Erməni mediası 1982-ci ildə ABŞ-da Los Angeles şəhərində Türkiyə Baş konsulu Kemal Arıkanın qətlə yetirmiş ASALA üzvü Ambik (Hampig) Sasunyanın ABŞ-da azadlğa buraxıldığını və artıq Ermənistana gəldiyini bildirib.

Türkiyə XİN-i Sasunyanın ABŞ-da azalığa buraxılması qərarını "ciddi səhv" adlandıraraq pisləyib.

"Bu cür qərarlar terrorçuluğa qarşı mübarizə aparmağa yox, terrorizmi siyasi məqsədlər üçün istifadə etməyə çalışan dairələrə xidmət edəcək", Türkiyə XİN-in açıqlamasında deyilib.

Bu məsələyə Azərbaycan XİN-i də münasibət bildirib.

"ABŞ-ın Los Angeles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sasunyanın həbsdən azad edilməsi qərarını pisləyirik. Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviq edilməsinə xidmət edir", Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

"Ermənistan KİV-də yayılmış məlumata əsasən bu ölkədə olduğu bildirilən terrorçunun hər-hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır", - Leyla Abdullayeva qeyd edib.