Bakı və Tehran iranlı sürücülərin buraxılmasını şərh ediblər

Şəklin mənbəyi, Getty Images
Bakı və Tehran iranlı sürücülərin buraxılmasını şərh ediblər, Kreml sözçüsü Putin, Əliyev və Paşinyanın "mümkün görüşü" barədə yayılan məlumatlara münasibət bildirib, daha ətraflı BBC News Azərbaycancanın icmalında oxuyun.
İran və Azərbaycanın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov Azərbaycan tərəfinin saxladığı iki iranlı sürücünün sərbəst buraxılmasını müzakirə ediblər. Nazirlər arasında baş tutan telefon söhbəti barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı aşıqlamasında deyilir.
"Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 İranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar".
İran tərəfinin yaydığı məlumata əsasən, Hüseyn Əmir Abdullahian iki iranlı sürücünün sərbəst buraxılmasını təqdir edib və bu addımın anlaşılmazlıqların həlli baxımından konstruktiv zəmin yarada biləcəyini deyib, BBC Farsca yazır.
Hüseyn Əmir Abdullahian həmçinin İran yük maşınlarının Azərbaycanla həmsərhəd bölgələrdə hərəkət etməsini asanlaşdırmağa səsləyib.
Sentyabr ayında Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə başlayandan sonra, öz ərazisinə qanunsuz keçmək ittihamı ilə iki iranlı sürücünü saxlayıb. Bu addım Bakı ilə Tehran arasında münasibətləri daha da gərginləşdirib.
Cümə axşamı günü Azərbaycan İran sürücülərinin öz ölkələrinə qaytarıldığını bildirib.

Şəklin mənbəyi, TASS/Getty images
Kreml sözçüsü Putin, Əliyev və Paşinyanın "mümkün görüşü" barədə
Rusiya-Ermənistan-Azərbaycan zirvə görüşünün keçirilməsi ilə bağlı razılığın əldə oldunduğu təqdirdə Kreml müvafiq məlumat verəcək, üçtərəfli sammitin gözlənildiyi barədə suala cavab verən Rusiya Prezidentinin mətbuat katibi deyib.
"Belə bir razılaşmanın əldə ediləcəyi təqdirdə, bu barədə vaxtında məlumat verəcəyik", - Dmitri Peskov deyib.
Şənbə günü media Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvada görüşünün gözlənildiyini xəbər verib. Noyabrın ilk ongünlüyündə keçiriləcəyi deyilən sammitdə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli bəyanatların imzalanacağı gözlənilir, Ria Novosti yazır.
Ermənistan XİN-in nümayəndəsi Vahan Hunanyan fərqli görüşlərin keçirilməsi ilə bağlı təkliflərin müzakirə edildiyini söyləsə də, belə görüşün hələ ki planlaşdırılmadığını bildirib, Armenpress agentliyi xəbər verir.
Azərbaycan xəbərə münasibət bildirməyib.
Oktyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ermənistan və Azərbaycan Qarabağdakı böhranı həll edə biliblər, lakin regionda "uzunmüddətli nizamlanma" üçün şərait yaratmaq lazımdır.
Bu həftə Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinləri Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli işçi qrupun növbəti iclası keçirilib.
























