İlham Əliyev uşaqları barədə: “Onların əsasən Azərbaycanda sərmayələri var”

Çap edildi

Prezident İlham Əliyev bir çox dünya liderləri və rəsmilərinin adının hallandığı, ofşor şirkətlərdən sızdırılmış "Pandora sənədlərində" haqqında çıxan iddialarla bağlı deyib ki, "orada ola bilsin 5 faiz həqiqətdir, qalanı isə yalandır".

Onun oktyabrın 7-də İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibə çərşənbə günü prezidentin saytında dərc olunub.

"Pandora sənədləri" üzə çıxarıb ki, zəngin və tanınmış insanlar Böyük Britaniyada daşınmaz əmlakı gizli yollarla almaq üçün qanuni şirkətlər təsis ediblər.

BBC-nin Panorama proqramının Guardian qəzeti və digər media partnyorları ilə birgə araşdırmasının nəticələrinə görə, Azərbaycan prezidenti İlham Əliyevin ailəsi Britaniyada 400 milyon funt sterlinqdən çox dəyəri olan daşınmaz əmlak alqı-satqısında iştirak edib.

BBC-nin Panorama proqramı deyir ki, üzə çıxan bu məlumatlar Britaniya hökuməti üçün utandırıcı ola bilər, çünki Əliyevlər özlərinin London malikanələrindən birini Kraliçaya məxsus daşınmaz əmlakları idarə edən və Crown Estate adlanan korporasiyaya satıb. Bu korporasiyanı Britaniya Maliyyə Nazirliyi idarə edir.

Sənədlərdə göstərilir ki, İlham Əliyevin ailəsi Britaniyada daşınmaz əmlakı ofşor şirkətlərdən istifadə edərək alıb. Sənədlərə görə, Əliyevlər ailəsi Britaniyada 17 daşınmaz əmlak alıb, onlardan biri Londonda prezidentin oğlu üçün 33 milyon funt sterlinq dəyərində ofis binasıdır. Londonun zənginlər yaşayan Mayfair ərazisindəki bu bina 2009-cu ildə, Heydər Əliyevin 11 yaşı olanda alınıb. Onu əvvəlcə Prezident İlham Əliyevin ailə dostunun şirkəti alıb, bir ay sonra isə Heydər Əliyevin adına keçirilib, BBC-nin Panorama proqramı yazır.

Əliyevlər ailəsinə məxsus digər bir bina isə 2018-ci ildə Crown Estate-ə 66 milyon funt sterlinqə satılıb.

İlham Əliyev "Pandora sənədlərini" Azərbaycan qarşı "yeni qarayaxma kampaniyası" kimi dəyərləndirib.

O söyləyib ki, bu cür məsələlər onu "illərdir müşayiət edir".

"Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm. Ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi".

İlham Əliyev deyib ki, 18 illik prezidentlik dövründən əvvəl bizneslə məşğul olub və prezident seçiləndə "kasıb adam olmayıb".

O bildirib ki, prezident olduqdan sonra biznesdə birbaşa iştirakını dayandırıb və bütün biznesini "uşaqlarına ötürüb".

Cənab Əliyev söyləyib ki, uşaqlarının həm Azərbaycanda, həm də ölkədən kənarda sərmayələri var.

"Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz", - prezident deyib.

Prezident deyib ki, onun və ailə üzvlərinin gördüyü işlər Qərbdə "bəzi insanların xoşuna gəlmir" və buna görə də onları ittham etmək istəyirlər.

"Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda - Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox!"

Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətindən "razıdır"

İlham Əliyev Rusiya sülhməramlılarının vasitəçiliyindən "ümumilikdə məmnun olduğunu" bildirib.

O deyib ki, bəzi xırda insidentlər istisna olmaqla "vəziyyət sabitdir".

"Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq".

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 12-də digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsi ilə bağlı Rusiya Müdafiə Nazirliyi və sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdı.

Məktubda bu kimi halların üçtərəfli bəyanata zidd olduğu və qarşısının alınması xahiş olunub.

İlham Əliyev sentyabrın 27-də Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində deyib ki, İrana iki xəbərdarlıqdan sonra Azərbaycan öz ərazisinə keçən yola nəzarət etməyə başlayıb və bununla Qarabağa gedən yük maşınlarının sayı sıfıra enib.

Azərbaycan "öz sərhədlərinə hörmətlə yanaşılmasını" istəyir

İlham Əliyev jurnalistin Azərbaycanın İsraillə yaxınlığının İranı məmnun etməməsi barədə sualına cavabında deyib ki, "bu, bəhanədir".

O deyib ki, baş verənlərin səbəbi Azərbaycanın bəzi digər ölkələrlə olan münasibəti deyil, çünki ölkənin xarici siyasəti "çox açıq, şəffaf, sabit və müstəqildir".

"Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq".

İranla Azərbaycan arasında fikir ayrılığı sentyabrda Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə, İran mənşəli sürücülərin sənədlərini yoxlamağa başlamasından və onların gömrük rüsumu ödəməsini istəməsindən sonra yaranıb.

İran hakimiyyəti Azərbaycanı onunla sərhəd bölgələrdə "sionist qüvvə yerləşdirməkdə" ittiham edir, Prezident İlham Əliyev isə bidirib ki, bu ittihamlar əsassızdır, İranla sərhəddə olan bu bölgələrdə nəinki İsrail, "heç bir bina da yoxdur".

Oktyabrın 1-də İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlaması rəsmi Bakıda narazılıq yaradıb. Prezident İlham Əliyev ölkənin İranla bəzi sərhəd rayonlarının 30 il işğal altında olduğu zaman belə bir təlim keçməməsinə diqqət çəkib.

İlham Əliyev müsahibəsində deyib ki, Azərbaycan "öz sərhədlərinə hörmətlə yanaşılmasını" istəyir.

"Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu!"

Prezident vurğulayıb ki, Azərbaycan bütün ölkələrlə və ilk növbədə, qonşuları ilə dost münasibətlərə malik olmaq istəyir.

O söyləyib ki, Azərbaycan əvvəlki İran hökuməti ilə münasibətlərini "ən yüksək mümkün səviyyəyə qaldıra bilmişdi".

Cənab Əliyev İranın prezident seçkilərində Azərbyacan nümayəndə heyətinin onun mesajlarını yeni hökumətə çatdırdığını bildirib.

"Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: "Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin". Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür".

İlham Əliyev Azərbaycanın Taliban hökumətini tanıyıb-tanımayacağı ilə bağlı suala cavabında deyib ki, "bu qərarı ilk olaraq Əfqanıstanın qonşuları verməlidir".

Müsahibədə Qarabağa qoyulacaq investisiya, Azərbaycanın qaz satışı potensialı və digər məsələlərdən də danışılıb.