Prezident Əliyevin müsahibəsində: Qarabağ müharibəsi, Putinlə danışıqlar və "Dəmir yumruq" əməliyyatı

Şəklin mənbəyi, President.az
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Nasionalnaya oborona jurnalına eksklüziv müsahibəsində, 2-cı Qarabağ müharibəsi, "Dəmir yumruq" əməliyyatı, Rusiya ilə əlaqələr, hərbi qarşıdurmaya son qoyan üçtərəfli bəyannamənin imzalanması ilə bağlı indiyədək ictimaiyətə bəlli olmayan detalları açıqlayıb.
Azərbaycan Prezidenti hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyannamənin imzalanması ilə bağlı arxa planda qalan "siyasi mətbəx"in bəzi detallarından bəhs edib. İlham Əliyevin sözlərinə görə o, müharibəni dayandırmağa həmişə hazır olduğunu deyərək, Azərbaycanın bunun üçün irəli sürdüyü şərti açıqlayıb.
"Mən bunu hərbi əməliyyatlar zamanı mənə zəng edən və dayandırmağı tələb edən və ya xahiş edən bir çox Qərb liderlərinə də deyirdim", - İlham Əliyev deyib.
"Siz istəyirsiniz, müharibə dayansın? Mən də istəyirəm, tarix verin, Ermənistan rəhbərliyi ilə danışın, mənə bizim ərazilərin nə vaxt azad ediləcəyi tarixi lazımdır".
Putinlə ilk telefon söhbəti
Azərbaycan Prezidenti döyüşlərin müxtəlif mərhələlərində müntəzəm olaraq Vladimir Putinlə əlaqə saxladığını və ilk dəfə telefon təmasının 7 oktyabrda, Rusiya liderinin ad günündə olduğunu qeyd edib.
"Mənim təkliflərim vardı. Vladimir Vladimiroviç öz müsahibələrinin birində bu hadisələri qismən işıqlandırıb, buna görə də çox təfərrüata varmaq istəmirəm. Lakin artıq məlumdur ki, Rusiya tərəfi də bu təklifləri dəstəklədi, amma erməni tərəfi imtina etdi və mənim fikrimcə, faciəvi, məşum səhvə yol verdi".
İlham Əliyevə əsasən, Ermənistan Rusiya tərəfindən dəstəklənmiş planı qəbul etsəydi, məğlubiyyət onlar üçün bu dərəcədə "alçaldıcı olmazdı" və hər iki tərəfdən minlərlə hərbi qulluqçu sağ qalardı.
Azərbaycan Prezidenti Şuşanın azad olunmasından sonra Rusiya lideriylə söhbəti barədə də danışıb.
"Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır. O soruşdu: "Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?" Mən dedim: "Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq".
Bu, noyabrın 8-də axşam olmuşdu, İlham Əliyev deyir. Onun sözlərinə əsasən, ertəsi gün "çox fəal rol oynayan" Vladimir Putin tərəflərin ismarışlarını bir-birinə çatdırırdı.
Üçtərəfli bəyannamə
İlham Əliyev noyabrın 9-da hər şeyin "avral rejimində" cərəyan etdiyini deyir ki, çünki düşmənçilik edən iki ölkə arasında sənədin mətnini bir gün ərzində razılaşdırılmalı və həmin "mətndə reallıqlar nəzərə alınmalı idi".
"Və bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir".
Azərbaycan dövlət başçısının dediyinə görə, imzalanacaq sənədin razılaşdırılması gecədən xeyli keçənə qədər davam etdi.
Paşinyan sənədi harada imzalayıb?
"Nəhayət, mətn razılaşdırıldı. Təbii ki, onun imzalanması nəzərdə tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın da həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim".
İlham Əliyevə görə, o, sənədin birgə imzalanmasını israr etmədi, çünki bu, "insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik".
"Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə qədər məlum deyil".
"Dəmir yumruq" adı necə verildi?
Nasionalnaya oborona nəşrinə danışan Prezident İlham Əliyev 2-ci Qarabağ müharibəsinin başlanğıcında həyata keçirilən əməliyyatın heç bir adı olmadığını deyib.
Onun sözlərinə görə, əməliyyata sonradan "Dəmir yumruq" adı verilib. Belə ki, xalqa müraciətlər vaxtı deyilib ki, qarşı tərəf işğal olunmuş əraziləri tərk etməsə "dəmir yumruq" onun "başını əzəcək".
İlham Əliyevin sözlərinə görə, bu cəmiyyət tərəfindən müsbət qarşılandığı üçün o, əməliyyatı məhz "Dəmir yumruq" adlandırmaq qərarına gəldi.
Rusiya sülhməramlı qüvvələri
Nasionalnaya oborona nəşrinə müsahibəsində İlham Əiyev, həmçinin Rusiya-Azərbaycan əlaqələrinin inkişafı barədə danışıb.
Onun sözlərinə görə, Qarabağ regionunda rusiyalı sülhməramlılarının mövcud olması nəzərə alınmaqla əlaqələr daha fəal olub və təqribən son bir il "tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət" şəraitində keçib.
"Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitliyin mühüm amildir", Nasionalnaya oborona jurnalına İlham Əliyev deyib.
Həmçinin oxuyun:


























