Azərbaycanda Anım Günü ilə bağlı keçiriləcək tədbirlər açıqlanıb

Bayraq tutan əsgərlər

Şəklin mənbəyi, APA

Çap edildi

27 sentyabrda Anım Günü ilə bağlı Azərbaycanda keçiriləcək tədbirlər açıqlanıb, Qazaxıstanda Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında görüş keçirilib, Balakən və Zaqatala rayonlarında güclü yağışlardan sonra sel və daşqın olub, - BBC News Azərbaycancanın icmalında.

27 sentyabrda Anım Günü ilə bağlı bir sıra tədbirlər keçiriləcək, təşkilatçılara istinadən media xəbər verir.

Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə, məscidlərdə, kilsələrdə, sinaqoqlarda müharibədə həlak olanların ruhuna dualar oxunacaq. Günorta saat 12:00-da ölənlərin xatirəsi ölkə boyunca 1 dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq, Azərtac xəbər verir.

Anım Gününün təsis edilməsi haqqında qərar ötən il qəbul olunub. Müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən dekabrın 2-də imzalanıb.

Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında üçtərəfli görüş

Şəklin mənbəyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan və Ermənistan prokurorları Rusiyanın təşəbbüsü ilə görüşüb

Qazaxıstanın paytaxtında Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında görüş keçirilib. Bu barədə Azərbaycan prokurorluğunun açıqlamasında deyilir.

Nur-Sultan şəhərində MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası çərçivəsində baş tutan üçtərəfli görüşün təşəbbüskarı Rusiya olub.

Rusiya prokurorluğunun məlumatına əsasən, Baş prokuror İqor Krasnov öz həmkarlarını Qarabağda yerləşən Rusiya hərbi prokurorlarına müraciət etmək imkanından daha intensiv istifadə etməyə çağırıb.

Azərbaycan prokurorluğunun cümə axşamı günü yaydığı rəsmi məlumatında da bu məqama diqqət yetirilir:

"Qarabağda yerləşən Rusiya Sülhməramlı Qüvvələrinə təhkim olunmuş Baş Hərbi Prokurorluğunun nümayəndələri ilə əlaqəli şəkildə törədilmiş hüquqpozmalara dair məlumatların mübadiləsi, habelə həmin məlumatlar üzrə müvafiq tədbirlərin görülməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilmişdir".

Görüşdə Azərbaycanın 2-ci Qarabağ müharibəsindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində "birgə fəaliyyətin" əhəmiyyəti və bu prosesin "davam etdirilməsinin" vacibliyini qeyd edilib.

Tərəflər həmçinin əməkdaşlıq, mina xəritələrinin verilməsi və dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrasını müzakirə ediblər, Azərbaycan prokurorluğunun yaydığı məlumatda deyilir.

Çay

Şəklin mənbəyi, APA

Azərbaycanın şimalında sel və daşqınlar olub

Azərbaycanın şimalında sel və daşqın hadisələrinin müşahidə olunduğu xəbər verilir. Məlumata əsasən, belə hadisələrin mərkəzi Balakən və Zaqatala rayonlarıdır.

Fövqəladə Hallar Nazirliyi buradakı bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlərin, həyətyanı və əkin sahələrinin subasmaya məruz qaldığını bildirir.

"Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb".

Nazirliyin yaydığı açıqlamaya görə, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün yerli hakimiyyət orqanları ilə birlikdə tədbirlər həyata keçirilir.