Azərbaycan və Ermənistan prezidentlərindən xalqa müraciət

Şəklin mənbəyi, President.az
Bu günün xəbərləri: Azərbaycan Prezidenti xalqa müraciətində deyib ki, "kim istəsə," öz ərazində Dağlıq Qarabağ adında qurum yarada bilər və Azərbaycan da "onu tanıyar". Ermənistan prezidenti: "Kiçik addımlarla da olsa, irəliyə hərəkət etməliyik" - daha ətraflı BBC News Azərbaycanın icmalında
İlham Əliyev: "Əgər kimsə "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə..."
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək üçün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi açılacaq, o cümlədən abidə qoyulacaq.
Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından bir il ötür. Bu gün Azərbaycanda müharibədə həlak olanların Anım günüdür.
"İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq",- İlham Əliyev deyib.
O bildirib ki, Azərbaycan Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmayıb və ordusunu gücləndirərək "ədaləti və beynəlxalq hüququ bərpa edib".
Prezident müharibədə "300-dən çox şəhər və kənd döyüş meydanında, yüzlərlə şəhər və kəndin isə üçtərəfli bəyanatla işğaldan azad edildiyini" söyləyib.
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin "tarixdə qaldığını" və inzibati ərazi kimi "mövcud olmadığını" vurğulayıb.
"Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi mövcud deyil və əgər kimsə "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ" adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı".
Prezident müharibədə dəstək göstərən Türkiyə və Türkiyə Prezidenti Recep Tayyip Erdoğana və digər ölkələrə təşəkkürünü bildirib.
- İkinci Qarabağ müharibəsi: ölüm-dirim savaşından bir il sonra - BBC Azərbaycancanın sənədli filmi
- Zəngəzurdakı Qaragöl kimə məxsusdur, xəritələr nə göstərir? 5 suala cavab
- Türkiyə və Azərbaycan "üçüncü ölkədən təhlükə olarsa" bir-birini qoruyacaq - Şuşa bəyannaməsi
- Erdoğan və Əliyevin Şuşa sazişi: məxfi saxlanılan "hərtərəfli müqavilə”də nələr var?
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Silahlı Qüvvələrin II Qarabağ müharibəsində 3 minə yaxın hərbçisi həlak olub. 7 hərbçi hələ də itkin düşmüş sayılır. 44 günlük müharibə zamanı 100-ə yaxın dinc sakin də həyatını itirib.
Ermənistan bu müharibədə 3 mindən çox hərbçisini itirib.
Tərəflər müharibənin başlamasında bir-birini ittiham ediblər.
Ötən il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanıb, Qarabağda erməni əhali yaşayan bölgədə təhlükəsizliyə nəzarət etmək üçün Rusiya sülhməramlıları yerləşdirilib.
İki ölkə arasında hələ də sülh sazişi imzalanmayıb.

Şəklin mənbəyi, PARLIAMENT.AM
Ermənistan Prezidenti: "Kiçik addımlarla da olsa, irəliyə hərəkət etməliyik"
Ermənistan Prezidenti Armen Sarkisyan İkinci Qarabağ müharibəsinin başlanmasının birinci ildönümü münasibətilə xalqa müraciətində həmvətənlərini yaranmış vəziyyətdən çıxmaq üçün "irəli hərəkət etməyə" çağırıb.
"Bir il əvvəl bu gün ölkəmizin ən yeni tarixində ən dəhşətli müharibə - Artsax müharibəsi başlanıb. Bu gün bizim minlərlə həlak olmuş və yaralananlardan başqa, əsir və itkin düşmüş oğullarımız var. Bu gün biz səylərimizi əsirlərin qaytarılması, yaralıların sağalması və itkinlərin aşkar edilməsinə yönəltməliyik. Biz baş ucalığı ilə yaranmış vəziyyətdən çıxmalı və kiçik addımlarla da olsa, irəliyə hərəkət etməliyik", - Ermənistan Prezidenti yazıb.
Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan "Yerablur" hərbi panteona baş çəkib, Ermənistan hökuməti mətbuat xidmətinin məlumatında deyilir.
Paşinyan 44 günlük Qarabağ müharibəsində həlak olanların məzarlarına gül qoyub, onların xatirəsini yad edib.
Ermənistan Xüsusi İstintaq Komissiyasının bu gün açıqladığı son məlumata görə, müharibə nəticəsində 3781 nəfər həlak olub, 200-dən çox hərbçi itkin sayılır.



























