Ermənistan Azərbaycanı Qaragöldə "təxribat törətməkdə" ittiham edib, Azərbaycan bunu "yalan" adlandırıb

Ermənistan: "Azərbaycanı Qaragöldə təxribat törədib", Azərbaycan bunu yalan adlandırıb
Çap edildi

Bu gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycanı Qaragöl istiqamətində "təxribat törətməkdə" ittiham edib, Azərbaycan isə bu məlumatı "yalan" adlandırıb və Ermənistanın Kəlbəcərin Yuxarı Ayrım kəndini və Şuşa ətrafının atəşə tutulduğunu bildirib.

Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, avqustun 16-na keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Sünik (Zəngəzur) vilayətində, xüsusən Qaragöl (Sevliç) hissəsində "mövqelərini irəli çəkmək cəhdi ediblər".

"Erməni qüvvələrin cavab tədbirləri nəticəsində qarşı tərəf çıxış mövqelərinə qaytarılıb. Baş vermiş atışma nəticəsində qarşı tərəfin azı bir insan itkisi verib. Ermənistan tərəfindən zərər çəkən olmayıb", - məlumatda deyilir.

Azərbaycan Müdafiə Nazirliyi isə rəsmi Facebook hesabında bəyan edib ki, "qarşı tərəfin Qaragöl ətrafında hadisələrlə bağlı yaydığı məlumat yalandır".

"Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır", - Azərbaycan MN bəyan edib.

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən "Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə" tutub, Müdafiə Nazirliyi bildirib.

Həmin gün saat 20:37-dən 22:40-dək "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd və Qaybalı yaşayış məntəqələri tərəfdən Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb", məlumatda deyilib.

Azərbaycan tərəfdən itki yoxdur.

Naxçıvan, Kəlbəcər, Şuşa

Avqustun 15-i və 14-də Azərbaycan mövqeləri atəşə tutulub. MN-in məlumatına əsasən, avqustun 14-ü axşam "qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı" Azərbaycan bölmələrinə qarşı "təxribat törədilib."

Müdafiə Nazirliyi bildirib ki, avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən (Yerasx - red.) kəndindəki mövqelərindən Naxçıvanın Sədərək rayonunun "Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub."

Bundan əvvəl, səhər saat 04:33 və 07:25-də isə həmin istiqamətdəki Azərbaycan mövqeləri "iriçaplı silahlardan atəşə tutub", məlumatda deyilib.

Avqustun 14-ü saat 19:08-dən 19:17-dək Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan mövqeləri "qarşı tərəfin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqeləri tərəfindən atıcı silahlardan atəşə tutulub."

MN qeyd edib ki, bundan əlavə avqustun 14-ü axşam saatlarında "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib."

"Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər. Bölmələrimiz tərəfindən müvafiq tədbir görülüb və bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib", Müdafiə Nazirliyi qeyd edib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur, MN bildirib.

Ermənistan bu məlumatları şərh etməyib.

Bir neçə gün əvvəl Ermənistan tərəfi öz mövqelərinin Azərbaycan tərəfindən atəşə məruz qaldığını bildirib. p

Azərbaycan-Ermənistan sərhədində atışma baş verib

Azərbaycan və Ermənistan cümə günü dövlət sərhədinə yaxın ərazilərdəki mövqelərin atəşə tutulduğunu bildirirlər.

Azərbaycan Müdafiə Nazirliyi öz şəxsi heyəti arasında itki olmadığını açıqlayıb.

"Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 16:25-dən 20:30-dək fasilələrlə Basarkeçər rayonunun Aşağı Zağalı, Zərkənd və Çəmbərək rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu, Yuxarı Ayrım və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub".

Ermənistan tərəfi isə sərhədin "şimal-şərq istiqamətində" öz mövqelərinin Azərbaycan tərəfindən acılan atəşə məruz qaldığını bildirir.

Məlumata əsasən, atışma yerli vaxtla saat 22:40-dək davam edib.

Son aylar Azərbaycan-Ermənistan sərhədində atışmalar nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edirlər.

Qarabağda uşaqlara "gənc döyüşçü" kursu keçirilib

Rusiya sülhməramlıları

Şəklin mənbəyi, TASS/Getty Images

Şəklin alt yazısı, Rusiya sülhməramlıları. (Arxiv görüntüsü)

Azərbaycanda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrin hərbçiləri Qarabağdakı uşaqlara "gənc döyüşçü" kursunu keçiriblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata əsasən, 13-18 yaş arası məktəblilər üçün praktiki məşqlər Ağdərə (Mardakert) rayonundakı idman-turizm düşərgəsinin ərazisində keçirilib.

Rusiyalı hərbçilər uşaqları sülhməramlı "kontingentin fəaliyyəti" ilə tanış ediblər. Məktəblilərə dağlarda sağ qalmağın əsasları öyrədilib və ilk tibbi yardım üzrə "praktiki dərslər" keçirilib, Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Korolyov deyib.

"Rusiya sülhməramlıları gənclərin idman düşərgələri ilə qarşılıqlı əlaqəni davam etdirəcəklər".

Yerli idman-turizm düşərgəsinin direktoru Vladimir Qriqoryan sülhməramlılarla bütün sahələrdə əməkdaşlığı davam etdirməyə çalışdığını bildirib.

Rusiya sülhməramlı qüvvələrinin mandatı ilə bağlı razılaşma əldə olunmayıb. Hazırda onların fəaliyyəti humanitar problemlərdən tutmuş infrastruktur layihələrədək geniş sahəni əhatə edir.

Azərbaycan Müdafiə Nazirliyi

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Kəlbəcərdə həlak olan hərbçilər dəfn olunub

Kəlbəcər rayonu ərazisində baş verən avtomobil qəzası nəticəsində həlak olan Azərbaycan ordusunun iki hərbçisi dəfn edilib, media xəbər verir.

Leytenant Eldar Həsənli və çavuş Anar Cəfərovla vidalaşma mərasimi şənbə günü keçirilib.

Mərasimdə qohumlar, həmkarlar, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib.

Hərbçilərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinin ötən gün axşam saatlarında baş verdiyi qeyd olunur.

Üzü maskalı insanlar

Şəklin mənbəyi, AFP/Getty images

Gürcüstanda karantin yenidən sərtləşdirildi

Gürcüstanda koronavirus hadisələrinin kəskin artmasına görə karantin tədbirləri yenidən sərtləşdirilib. Bu gündən etibarən ölkə boyunca, konsertlər kimi əyləncə tədbirləri qadağan olunub, restoran, kafe və barların iş saatları məhdudlaşdırılır.

Pandemiya ilə mübarizə aparan qurumun qərarına əsasən, avqustun 14 -dən sentyabrın 4 -dək metropolitenlə şəhərdaxili ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Peyvənd prosesinə hərbi həkimlər cəlb olunacaq və işəgötürənlərə işçilərini uzaq iş rejiminə keçirmələri tövsiyə olunur.

Dövlət və özəl sektora məsafədən işə keçmək tövsiyə olunur.

Gürcüstan Səhiyyə Nazirliyinin saytındakı məlumata görə bu gün 5165 yoluxma halı qeydə alınıb, 45 nəfər ölüb.

Pandemiya başlayandan bəri yoluxmaların ümumi sayı 1 milyona yaxınlaşır.