Səhiyyə Nazirliyi: "İmmunitet sertifikatı olanların bir doza vaksin vurdurması kifayətdir"

peyvənd

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Səhiyyə Nazirliyi 6 ay əvvəl koronavirusa yoluxmuş şəxslərin hazırda bir doza vaksin vurdurmasının kifayət olduğunu açıqlayıb.

Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac yoxdur, APA yazır.

Amma nazir müavini onu da əlavə edib ki, bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək.

Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi bildirmişdi ki, Azərbaycanda Covid-19 xəstəliyini keçirmiş şəxslər üçün "İmmunitet sertifikatı"nın müddəti sağaldıqdan 6 ay sonra bir vaksin dozasını aldıqda 6 ay uzadılacaq.

Məlumata əsasən, sertifikatın uzadılması üçün həmin şəxslər qeydiyyatda olmalı və Azərbaycanda tətbiq edilən peyvəndlərdən istifadə olunmalıdır.

Nazirlik iki doza ilə peyvəndlənmiş şəxslər üçün də sertifikatın müddətinin uzadılması şərtlərini açıqlayıb.

Bunun üçün ikinci doza tarixindən 6 ay keçdikdən sonra "müvafiq tibbi göstərişlərə uyğun olaraq" daha bir doza almaq lazım gələcək. Eynilə, peyvəndləmədə Azərbaycanda tətbiq edilən vaksinlərdən istifadə olunmalıdır.

Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, ilk dəfə vaksin olan şəxs birinci dozadan sonra 28-56 gün aralığında ikinci dozanı vurdurmalıdırlar. Əks halda, yəni bu müddəti ötürənlər 6 ay keçdikdən sonra yenidən hər 2 doza peyvəndi qəbul edə bilərlər.

Səhiyyə Nazirliyindən onu da deyiblər ki, birinci dozanı Azərbycanda vurdurub ikinci dozanı xarici ölkədə vurduran Azərbaycan vətəndaşının bu halda COVID pasportuna sahib olması nəzərdə tutulmayıb.

BBC News Azərbaycancanın icmalında başqa xəbərlər

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın bloku seçkilərlə bağlı Konstitusiya məhkəməsinə müraciət edib, İşğaldan azad olunmuş ərazilərdə xidmət edən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbçilərin maaşları Prezidentin sərəncamı ilə artırılıb.

Koçaryan

Şəklin mənbəyi, AFP/Getty images

Koçaryanın bloku seçkilərlə bağlı məhkəməyə müraciət edib

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın "Hayastan" bloku, erkən parlament seçkilərinin nəticələrini etibarsız tanımaq tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Bundan əvvəl "Pativ unem" (Təzim edirəm) bloku da seçkilərin nəticələriylə bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Bu barədə siyasi qüvvənin nümayəndəsi Sos Hakobyan Armenpress agentliyinə bildirib.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 20 iyunda keçirilən seçkilərdə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 53,91 faizini alıb.

Keçmiş Prezident Robert Koçaryanın "Hayastan" bloku 21,9 faiz və "Pativ unem" (Təzim edirəm) bloku səslərin 5.22 faizini qazanıb.

İşğaldan azad olunmuş ərazilərdə xidmət edən Daxili Qoşunların hərbçisi

Şəklin mənbəyi, Valery Sharifulin/Getty Images

İşğaldan azad olunmuş ərazilərdə xidmət edən Daxili Qoşunların hərbçilərinin maaşları artırılıb

İşğaldan azad olunmuş ərazilərdə xidmət edən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbçilərinin aylıq vəzifə maaşları 50 faiz artırılıb.

Prezident.az-da verilən məlumata görə, İlham Əliyev DİN-nin Daxili Qoşunlarında xidmət edən hərbçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə sərəncam imzalayıb.

Sərəncama əsasən hərbi qulluqçulara onların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 il müddətində Prezidentin əlavəsi DİN tərəfindən ödəniləcək.

Bu sərəncam Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət edən hərbi qulluqçulara tətbiq edilmir, qərarda bildirilib.

Sərəncamda maaşlara əlavənin 2021-ci il iyulun 1-dən ödənilməsi göstərilib.