Avro 2020: Türkiyə millisi Uels komandasına 2-0 uduzub

Türkiyə-Uels oyunu

Şəklin mənbəyi, Marcio Machado/Getty Images

Çap edildi

Türkiyə-Uels oyunu Türkiyənin məğlubiyyəti ilə başa çatıb, Cenevrədə Putin-Biden danışıqları başlayıb, "İstiqlalçı deputat" İbrahim İbrahimli vəfat edib, Rusiyalı sülhməramlılar Qarabağda su çəkirlər, Levon Ter-Petrosyan deyib ki, Azərbaycanla müharibə təhlükəsi yoxdur.

Avro 2020: Türkiyə millisi Uels komandasına 2-0 uduzub

Türkiyənin milli futbol komandası Bakıda keçirilən Avro-2020 matçında Uels yığmasına 0:2 hesabı ilə uduzub.

Çərşənbə günü axşam Bakı Olimpiya stadionunda AVRO-2020 futbol çempionatının Türkiyə-Uels oyunu ilə əlaqədar məkanın ətrafında yollar bağlanmışdı.

Futbol oyununu Azərbaycan və Türkiyə prezidentləri də birgə izləyib.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) bildirib ki, Olimpiya stadionu və ona bitişik ərazidən keçən avtomobill yollarında hərəkətə tam məhdudiyyət qoyulmuşdu. Həmin ərazilər polis nəzarət edirdi.

"Olimpiya stadionu və ya Böyükşor bulvarı istiqamətində olan Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu Köndələn və X.R.Ulutürk küçələrindən, eləcə də H.Əliyev prospektilə 3 saylı Asan Xidmət yanından və Hava Limanından mərkəzə doğru H.Əliyev prospektindən Olimpiya stadionunun əsas giriş qapısı istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur", - Bakı Şəhər Dövlət Yol Polisi çərşənbə günü bəyan edib.

Rəsmi qrumlar stadiona aparılması üçün xüsusi nəzərdə tutulan ekspress marşrutlardan istifadə olunacağını, əhalinin isə ictimai nəqliyyatdan istifadəsini tövsiyə edib.

Yerli polis bildirib ki, futbol azarkeşləri metronun Qara Qarayev stansiyasının yaxınlığından və Səməd Vurğun adına parkın qarşısından ekspress avtobuslarla stadiona gedə bilərlər. Stadiona piyada getmək istəyənlər isə Koroğlu metrostansiyasından istifadə edə bilərlər.

Putin və Biden

Şəklin mənbəyi, Sergey Bobylev/TASS

İsveçrədə Putin-Biden danışıqları başlayıb

Cenevrədə Vladimir Putin və Joe Biden arasında danışıqlar başlayıb.

Rusiya və ABŞ liderləri arasında son görüş 2018-ci ildə, Helsinki şəhərində keçirilib.

TASS agentliyi müxtəlif tərkibdə keçirilən görüşlərə təxminən 5 saatın ayrıldığını bildirir.

Görüşdən sonra tərəflər bir-birindən ayrı mətbuat konfransı keçirəcək.

Mart ayında ABŞ Prezidenti ABC News kanalının "Siz Putini qatil hesab edirsinizmi?"sualına təsdiqi cavab verib.

Bundan sonra ölkələr arasında əlaqələr gərgin olaraq qalır.

Görüşdən əvvəl Joe Biden deyib ki, Rusiya ilə ABŞ arasında əməkdaşlıq potensialı ilə yanaşı "qırmızı xətlər" də mövcuddur.

İbrahim İbrahimli

Şəklin mənbəyi, Togrul İsmayıl

Arif Hacılı: "İbrahim İbrahimli Azərbaycan tarixində qalacaq şəxslərdən biridir"

Azərbaycan Milli Azadlıq Hərəkatının üzvlərindən biri, sabiq deputat İbrahim İbrahimli çərşənbə günü 69 yaşında vəfat edib.

Yaxınları İbrahim İbrahimlinin uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.

İbrahim İbrahimli 1991-ci ilin martında SSRİ-nin saxlanması ilə bağlı referendumun əleyhinə səs vermişdi. O, bunun əleyhinə səs verən 43 deputatdan biri idi. Bundan sonra yerli mətbuatda həmin 43 nəfər "istiqlalçı deputat" kimi təqdim edildi.

İbrahim İbrahimli uzun müddət Müsavat Partiyasının Divan üzvü olub.

O, siyasi fəaliyyətində hakimiyyətin sərt tənqidçilərindən biri kimi tanınıb.

2003-cü ildə prezident seçkisindən sonra iğtişaşların təşkilində ittiham olunaraq həbs olunub, iki il sonra əfv sərəncamı ilə azadlığa çıxıb.

İbrahim İbrahimli 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndində doğulub, ixtisasca filioloq idi.

İbrahim İbrahimli Azərbaycan xalq hərəkatının "simvol şəxsiyyətlərindən" biri idi, Müsavat partiyasının başqanı Arif Hacılı BBC News Azərbaycancaya deyib. O, İbrahim İbrahimlinin siyasi fəaliyyətə ictimai-siyasi şəraitin "kifayət qədər mürəkkəb olduğu Naxçıvanda" başlamasına diqqət çəkir: "İbrahim bəy ilk dövrdən Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan şəxsiyyətlərindən, xalq hərəkatının mühüm simalarından biri idi".

Arif Hacılı xatırladır ki, ötən əsrin 90-cı illərində İbrahim İbrahimli Azərbaycanın istiqlaliyyəti əleyhinə olan qərarlara etriaz edərək aclıq aksiyası keçirmiş 10 deputatdan biri olub.

Müsavat başqanı əlavə edib ki, İbrahim İbrahimli sonrakı mərhələlərdə o, Azərbaycanda demokratiya və insan haqları ilə bağlı mübarizənin "öncül simalarından" biri olub: "2003-cü il prezident seçkisindən sonra saxtakarlığa qarşı etiraz prosesinə liderlik edən rəhbərlərdən biriydi. Biz onunla həbsxanada bir yerdə olmuşuq. İbrahim İbrahimli bütün bu dövrlərdə özünü mətin, fədakar siyasətçi kimi aparıb. O, Azərbaycan tarixində qalacaq şəxslərdən biridir".

Arif Hacılı ümid edir ki, nə vaxtsa İbrahim İbrahimlinin xatirəsi əbədiləşdiriləcək və onun fəaliyyəti öyrəniləcək.

Rusiya sülhməramlısı

Rusiyalı sülhməramlılar Qarabağda su çəkirlər

Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramları Xocavənd rayonundakı iki yaşayış məntəqəsinin su ilə təchizatını bərpa edirlər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata əsasən, 20 kilometr boru kəmərinin dəyişdirilməsindən sonra Tağaverd və Qırmızı Bazar kəndlərinin 2500-dən çox sakini içməli su ilə təmin ediləcək.

İşlərin aparılmasına icazə bu sahədə mina və ya partlayıcı maddələrin axtarışından sonra verilib.

Su kəmərində təmir işləri aparmaq xahişi ilə yerli sakinlər müraciət ediblər, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Levon Ter-Petrosyan

Şəklin mənbəyi, 1tv.am

Ter-Petrosyan: "Biz həm Əliyevlə, həm də Türkiyə ilə hansısa bir razılığa gəlməli olacağıq"

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, hazırda Azərbaycanla müharibə təhlükəsi yoxdur.

"İndi Əliyevdən (Azərbaycan Prezidenti İlham Əliyev - red.) müharibə təhlükəsi gözlənilmir. Sülh hökm sürür, Rusiya qoşunları durur və Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil," - Ter-Petrosyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

"Razılaşa da bilərsiniz, razılaşmaya da, lakin nə zamansa biz həm Əliyevlə, həm də Türkiyə ilə hansısa bir razılığa gəlməli olacağıq. Qonşular əbədi düşmən ola bilməz," - o əlavə edib.

Müstəqil Ermənistanın ilk prezidentinin sözlərinə görə, qonşularla əbədi düşmənçilik Ermənistanın mövcudluğunu təhlükə altına qoyur. Vəziyyətin tənzimlənməsi üçün sülh, mehriban qonşuluq və əmin-amanlıq olmalıdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə gəldikdə isə, Ter-Petrosyan hesab edir ki, indən belə bu, Ermənistandan asılı deyil. Bu məsələni bəlkə Rusiya, ya da BMT həll edəcək və "barışmaqdan başqa bir yol" yoxdur.

"Heç bir erməni deyə bilməz: mən Qarabağ münaqişəsini həll edərəm. Belə şey yoxdur. Bu, illüziyadır," - o deyib.

Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Recep Tayyip Erdoğan bu gün Milli Məclisdə çıxış edəcək

Recep Tayyip Erdoğan Milli Məclisdə çıxış edəcək

Çərşənbə axşamı günü Türkiyənin Prezidenti Recep Tayyip Erdoğan Azərbaycana səfərinin ikinci günündə parlamentin iclasına qatılacaq. Onun Milli Məclisdə çıxış edəcəyi daha əvvəldən səfər gündəliyində elan edilib.

Ötən gün Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında "Şuşa bəyannaməsini" imzalayıblar.

Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.

Bundan başqa, Türkiyə prezidenti Erdoğan Türkiyənin Şuşada Baş konsulluq açacağını bəyan edib.

İlham Əliyev jurnalistlərə açıqlamasında deyib ki, "aramızdakı əməkdaşlığın adı müttəflqlikdir və bu, özü hər şeyi deyir".

Azərbaycan Prezidenti yeni bəyannamənin 100 il əvvəl imzalanmış Qars sazişinə istinad etdiyini, orda bir çox önəmli məsələlərin öz əksini tapdığını deyib.

Bəyannamədə beynəlxalq müstəvidə əməkdaşlıq, siyasi-iqtisadi, ticarət, mədəni, təhsil, idman, gənclər, enerji təhlükəsizliyi, hərbi sahələrində əlaqələrdən bəhs edilir.

Ermənistan Erdoğan və Əliyevin Şuşaya səfərini "pislədiyini" bildirib.

Şuşadan əvvəl hər iki Prezident Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərində olublar.

Prezidentlərin bu gün Bakıda keçiriləcək Avro 2020 çempionatı çərçivəsindəki Türkiyə-Uels futbol oyununu izləyəcəkləri də elan olunub.