Maskalar çıxacaqmı? Nazirlər Kabineti "yumşaldılma tədbirlərini" müzakirə edir

Açıq havada maskadan istifadənin ləğvi barədə hələ qərar verilməyib.
Bu barədə BBC News Azərbaycancanın sorğusunu cavablandıran TƏBİB bildirib ki, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahda Azərbaycanda epidemioloji vəziyyət dəyərləndirilərək "yumşaldılma tədbirləri barədə" müzakirələr aparılır.
Bir müddətdir ki, sosial şəbəkələrdə bəzi istifadəçilər isti havalarda açıq havada maskadan istifadənin çətin olduğunu yazırlar.
BBC News Azərbaycanca müxbirlərinin son günlər Bakı və Gəncədəki müşahidələrinə görə, açıq havada, xüsusilə parklarda vətəndaşlar maskadan qaydalara uyğun istifadə etmirlər, yəni maska taxsalar da, onu çənədə saxlayırlar. O da müşahidə edilib ki, xüsusilə parklarda bir müddət əvvəl maska taxılmasına sərt nəzarət edən polis əməkdaşları artıq gözə dəymirlər.
Bir neçə gün öncə Şuşada, Cıdır düzündə keçirilən musiqi festivalı zamanı Prezident İlham Əliyev "açıq havada maskanı çıxarda bilərsiniz" deyə tamaşaçılara xitab etmişdi.
Azərbaycanda qanunvericiliklə pandemiya şəraitində açıq havada maska taxmamaq inzibati məsuliyyət yaradır: karantin rejimində maska taxmaq tələbini pozmağa görə, fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər 400 manat cərimə ödəməlidirlər.
Hazırda Azərbaycanda koronavirusa yoluxma və ölüm hallarının bir neçə həftə əvvələ nisbətən bir neçə dəfə azaldığı müşahidə edilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 19-na olan məlumatına görə, 339 koronavirusa yoluxma, 12 ölüm halı qeydə alınıb.

























