Neftçi bu ilin çempionu oldu. Azərbaycan futbolunda yeni eramı başlayır?

Şəklin mənbəyi, www.facebook.com/NeftciPFK
- Müəllif, Redaksiya
- Vəzifə, BBC Azərbaycanca
- Çap edildi
Azərbycan futbol tarixində son illərin ən yadda qalan hadisəsi bu həftə baş verib.
Neftçi futbol klubu Azərbaycan Premyer Liqasının yekun turunda son yeddi ilin hegemonu olmuş Qarabağa 1:0 hesabı ilə üstün gələrək ölkə çempionu olub.
Son turdan əvvəl Qarabağ Neftçidən bir xal irəlidə idi və çempionatın son matçının əsas vaxtının son dəqiqəsində Bakı klubunun vurduğu qol matçın qalibi ilə yanaşı həm də çempionluğa sahiblik məsələsini həll etmiş oldu.
Milli futbolun lokomotivinə çevrilmiş Qarabağ indiyədək Avropa arenalarında Azərbaycanı dünyaya tanıtdıran əsas klub olub. Qarabağın Avropanın aparıcı futbol klublarından olan Madridin Atletko komandasını qonaq meydançada heç-heçə oynayaraq, Çempionlar Liqasından vurub çıxarması yaddaşlardan hələ də silinməyib.
Azərbaycan millisinə bu illər ərzində ən çox oyunçu verən də məhz Qarabağ klubu olub.
Bu baxımdan, Qarabağın Azərbaycan futbolu üçün əhəmiyyətini 1970-ci illərdə Sovet futbolu üçün məşhur ukraynalı məşqçi Lobanovskinin Dinamo-Kiyev klubunun əhəmiyyətinə bənzətmək olar.
Odur ki, Neftçinin indi Qarabağ klubunu taxt-tacdan salması Azərbaycan futbolunda bir fırtına təəssüratı bağışlayır.
Azarkeşlərin məyusluğu
Mövsümün son matçının son dəqiqəsində Qarabağın büdrəməsi ilk növbədə klubun azarkeşlərini məyus edib.
Sosial şəbəkələrdə paylaşımlardan bəlli olur ki, onların məyusluğunun daha bir səbəbi Qarabağ klubunun futbol taxt-tacından düşməsinin məhz Qarabağda torpaqların işğaldan azad olunması ilinə təsadüf etməsi olub.
Qarabağ azarkeşlərinə görə, klubun uduzmasına, iddia edildiyi kimi, oyunun hakimi tərəfindən iki penalti zərbəsinin əsirgəməsi də təsirini göstərib. Mayın 19-da Neftçi-Qarabağ oyunu bitəndən sonra matçın hakimi Dalğa-Arenanı polis əməkdaşlarının mühafizəsi altında tərk etməli olub.

Şəklin mənbəyi, Getty Images
Lakin oyun sonrası mətbuat konfransı hər iki tərəfdən emosiyaları bir qədər soyutmuş oldu.
Qarşılıqlı təbriklər
Qarabağın Baş məşqçisi Qurban Qurbanov Neftçini qələbəsi və çempionluq titulu ilə bağlı ilk təbrik edənlərdən olub.
"Neftçi"ni təbrik edirəm. Neçə illər idi çox istəkli idilər. Bu il buna nail oldular," - oyundan sonrakı mətbuat konfransında Qurban Qurbanov deyib.
Qarabağın baş məşqçisi klub üçün bu ilin yekununun təkcə futbol çərçivəsi ilə məhdudlaşmadığını da xatırladıb.
"Torpaqlarımızın işğaldan azad olunması böyük qalibiyyətdir," - Qurban Qurbanov deyib.
Neftçinin Baş məşqçisi Samir Abbasov isə Azərbaycan futbolu üçün Qarabağ klubunun nə olduğunu bu sözlərlə ifadə edib: "Biz bu gün təkcə Qarabağa qarşı deyil, bir struktura qarşı oynayırdıq. Qarabağ nümunəvi klubdur".

Şəklin mənbəyi, AZERTAG
Neftçi güclənib, yoxsa Qarabağ zəifləyib?
Yeddi illik təkbaşına liderlikdən sonra ikinci bir klubun Qarabğla rəqabət aparıb onu yerindən tərpədə bilməsi ən azı Azərbaycan futbolunda yeni intriqa, çempionluq uğrunda mübarizənin qızışacağını vəd edə bilər.
Amma görəsən buna gətirib çıxaran nə olub - Qarabağın zəifləməsi, yoxsa Neftçinin güclənməsi?
"Əslində bunun hər ikisi baş verib, bir qədər Qarabağ zəifləyib, Neftçi isə bir qədər güclənib, - Bakıdakı idman jurnalisti Elmir Əliyev hesab edir. -Qarabağın oyunu son iki ildir, zəifləyirdi. Bunu, komandanın Avropa kuboklarında əldə etdiyi nəticələrdən də görmək mümkün idi, Qarabağ Avropa kuboklarında qrup mərhələsini heç cür adlayıb keçə bilmir."
İcmalçının təbirincə, Qarabağ qələbələrdən "artıq doymuş kimi görünürdü, odur ki indiki məğlubiyyət komandanın silkələnməsinə, dəyişiklik edilməsinə gətirib çıxara bilər."
Son illərdə Neftçinin gücləndiyini deyən jurnalist xüsusilə klubun yeni məşqçi seçiminin uğurlu olduğunu vurğulayıb: "Yeni baş məşqçi Samir Abbasov gəncdir, ambisiyalıdır. Qeyri-standart gedişlər etməyi bacarır."
"İndi hamı Neftçidən Avropa kuboklarında bu uğurun davaımını gözləyir. Neftçini Çempionlar Liqasının artiq ilk raundunda güclü rəqiblər gözləyə bilər. Püşkatma iyunun15-də olmalıdır," - Elmir Əliyev qeyd edib.
İdman yazarı hesab edir ki, Neftçi üçün Avropa turnirlərində Qarabağ səviyyəsində çıxış etmək "mürəkkəb bir məsələ ola bilər."
Hər halda Neftçinin son uğuru ən azı növbəti mövsümdə Azərbaycan futbolunda bu iki klub arasında gərgin və maraqlı bir rəqabətin olacağını azarkeşlərə vəd edir.
Qarabağ-Neftçi rəqabəti nə vəd edə bilər?
Bəs Qarabağ-Neftçi rəqabəti ümumilikdə Azərbaycan futbolunun səviyyəsini daha bir pillə yuxarı qaldıra biləcəkmi, digər klublar bu tandemə yaxınlaşa biləcəkmi?
Elmir Əliyev hesab edir ki, Sabah, Zirə və Sumqayıt kimi klublardan bunu gözləmək olar.
"Lakin ümumilikdə götürəndə, Azərbaycan futbolundan beynəlxalq arenada gələn il böyük nəticələr gözləmək üçün ciddi bir bir əsas yoxdur. Avropa oyunlarında yaxşı nəticə göstərmək üçün güclü xarici legionerlər lazımdır. Onların isə Azərbaycana gəlmək həvəsi son illərdə azalıb," - təhlilçi qeyd edib.
Onun qənaətinə görə, bu, "ilk növbədə maliyyə imkanları ilə bağlıdır."
"Misal üçün Cənubi Amerikadan futbolçunu gətirmək üçün, Azərbaycanda ona Avropada vəd ediləndən 3-5 qat artığı təklif olunmalıdır. Buna isə hazırda imkan yoxdur. Odur ki, son illərdə Azərbaycan futbolunda keyfiyyətli legionerlərin sayı azalıb," - Elmir Əliyev deyib.
O, hesab edir ki, Neftçi və Qarabağ bu il Avropa kuboklarının heç olmasa qrup mərhələsinə keçə bilsələr, "artıq bunun özü böyük bir uğur olacaq."






















