Bu günün xəbərləri: Paşinyan Baş nazir vəzifəsinə təyin olunmadı, Ermənistan Parlamenti buraxıldı

Şəklin mənbəyi, Gov.am
Bu gün Ermənistan parlamenti özünü ləğv edib; yeni parlament erkən seçkilər nəticəsində formalaşmalıdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda bir neçə obyektin açılışını edib, Paşinyan deyib ki, Türkiyə ilə Ermənistanın "düşmənçiliyi" idarəolunan olmalıdır, Hindistanda Covid-19 xəstələri öldürücü "qara göbələyə" yoluxurlar, Azərbaycanda küləkli və soyuq havaya nə səbəb olub? - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Ermənistan Milli Məclisi buraxıldı
Bu gün Ermənistan Milli Məclisi son iki həftə ərzində ikinci dəfə Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini qəbul etmədi.
Paşinyan 76 əleyhinə, 1 bitərəf və 1 lehinə səslə Baş nazir vəzifəsinə təyin olunmadı.
Beləliklə, Ermənistan Milli Məclisi buraxılıb.
Konstitusiyaya əsasən, Baş nazirin istefasından sonra Milli Məclis iki dəfə yeni baş nazir seçməzsə, buraxılır və erkən seçkilər keçirilir.
Baş nazir Nikol Paşinyan aprelin 25-də istefaya çıxdığını elan edib və müvəqqəti bu vəzifəni icra edir.
Erkən parlament seçkisinin tarixi artıq təyin edilib - 20 iyun 2021-ci il.
Daha əvvəl, 18 martda Prezident Armen Sarkisyan və parlament fraksiyaları ilə müzakirələrdən sonra Nikol Paşinyan 2021-ci il iyunun 20-də növbədənkənar parlament seçkilərini keçirmək qərarını bəyan edib.
Ermənistan Konstitusiyasına əsasən, fəaliyyətdə olan Baş nazir istefa verdikdən sonra parlament səsvermə nəticəsində fraksiyalar tərəfindən təklif edilən namizədlərdən birini seçməlidir.
Lakin iki həftə ərzində keçirilən iki parlament iclası nəticəsində Baş nazir seçilməzsə, Milli Məclis buraxılmalı və yeni növbədənkənar parlament seçkiləri keçirilməlidir.
Növbədənkənar parlament seçkiləri parlament ləğv olunduqdan 30 gün sonra, lakin 45 gündən gec olmayaraq keçirilməlidir.
Baş nazir Paşinyan və onun rəhbərlik etdiyi hökumətin istefası məsələsi Ermənistanın 2020-ci il payızında Qarabağ müharibəsində məğlub olmasından sonra gündəmə gəlib.
Ermənistanda Paşinyanın istefası tələbilə izdihamlı etiraz aksiyaları başlayıb. Onun istefasını tək müxalif siyasi qüvvələr deyil, müxtəlif ictimai təşkilat nümayəndələri, elm, mədəniyyət, din xadimləri, hətta Paşinyanın siyasətdə "xaç atası" hesab edilən Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan tələb edib.
Lakin Paşinyan yalnız "xalqın həqiqi mövqeyini təzahür edən seçkilər yolu ilə" tərk etməyə hazır olduğunu deyib.
Növbədənkənar seçkilər keçirmək qərarına gəlincə Paşinyan bir neçə dəfə öz mövqeyini dəyişib: əvvəlcə növbədənkənar seçkilər keçirməyi vəd edib, sonradan bu fikrindən dönüb, bir müddət keçmiş isə yenidən seçkilərin keçirilməsi tarixini müzakirə etməyə hazır olduğunu bildirib.
İlham Əliyev Naxçıvanda

Şəklin mənbəyi, Getty Images
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi günü Naxçıvana səfər edib.
İlham Əliyev Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Culfa-Ordubad magistral avtomobil yolunun açılışını edib.
Prezident həmçinin Süni Mayalanma Mərkəzinin, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Culfa-Ordubad magistral avtomobil yolunun açılış mərasiminə qatılıb.
Bundan başqa dövlət başçısı Naxçıvan şəhərində "ASAN xidmət" Mərkəzinin binasının tikintisi, Ordubad Su Elektrik Stansiyasının tikintisi və Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub.
Paşinyan Türkiyə ilə düşmənçilik istəmir

Şəklin mənbəyi, Getty Images/Russian Foreign Ministry
Türkiyə ilə Ermənistan arasında "düşmənçilik" idarəolunan olmalıdır, bu gün Ermənistan Milli Məclisində bitərəf millət vəkili Sergey Baqtratyanın müvafiq sualı cavabında Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
Paşinyan bu suala artıq dəfələrlə cavab verdiyini deyərək, Türkiyənin Ermənistanın həm "düşməni, həm də eyni zamanda qonşusu" olduğunu əlavə edib.
Onun sözlərinə görə, "adətən düşmənlər qonşu olurlar".
"Çətin olardı təsəvvür etmək ki, ekvatordan aşağı yerləşən bir ölkə bizə düşmən olsun... Yalnız fövqəldövlətlərin öz ölkələrindən uzaqda düşməni olur. Tarixdə mövcud olan bütün düşmənlər qonşu olub'' - o deyib.
''Biz deyirik, nəhayət, vaxt gəlib ki, bu düşmənçilik idarə olunsun. Çünki, bu düşmənçilik qaynayır, qaynayır, qaynayır, hər hansı bir iks anda partlayışla nəticələnə bilər", o əlavə edib.
Hindistanda Covid-19 xəstələri öldürücü "qara göbələyə" yoluxurlar

Şəklin mənbəyi, Getty Images
Hindistanda həkimlər Covid-19-dan müalicə olunan xəstələr arasında "qara göbələk" (mukormikozis) infeksiyasına rast gəlinməsi barədə xəbər verirlər.
Mukormikozis çox nadir və təhlükəli infeksiya sayılır. Bu infeksiyaya yoluxmaya səbəb torpaqda, bitkilərdə, peyində, cürüyən meyvə-tərəvəzdə rast gəlinən mukor kifinə məruz qalma ola bilər.
"Buna hər yerdə rast gəlinə bilər - torpaqda, havada və hətta sağlam insanın burnunda və seliklərində," - Mumbai şəhərindən doktor Akşay Nair deyib.
Bu aqressiv infeksiya burun, göz, ciyərlər və bəzən beyni zədələyə, immuniteti zəifləmiş xərçəng və ya HIV/AIDS xəstələri üçün isə ölümcül ola bilər.
"Bəzən xəstənin həyatını bu infeksiyanın təsirindən xilas etmək üçün göbələyə məruz qalmış gözünü əməliyyat edib çıxarmaq lazım gəlir", - doktor Nair deyir.
Həkimlər hesab edirlər ki, Hindistanda indiyədək çox nadir hallarda rast gəlinən bu xəstəliyə yoluxanların sayının kəskin artması Covid-19 xəstələrinin immunitetinin zəfləməsinin nəticəsində baş verib.
Covid-19 infeksiyasını ağır keçirən xəstələrə onların halını yüngülləşdirmək üçün steroidlər verilir.
Steroidlər ciyərdə iltihabı azaldır və orqanizmin Covid-19-a qarşı həddən artıq immun reaksiyasını zəiflədir. Lakin eyni zamanda bədənin immun səvviyəsi də düşür, qanda şəkərin səviyyəsi isə qalxır.
İmunitetin bu cür zəifləməsi, güman edildiyinə görə, mukormikoz xəstəliyinin başlamasına təkan verə bilər.
Növbəti günlərdə - mayın 11-dən 14-dək ölkədə xoş hava şəraiti olacaq

Bu gün Azərbaycanda küləkli və soyuq hava şəraitinin səbəbi ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsidir. Milli Hidrometeorologiya Xidməti bildirib ki, qeyri-sabit hava şəraiti sabaha kimi davam edəcək.
Azərtacın məlumatına görə, respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı olub, Qərb küləyinin sürəti saniyədə 30-34 metrə çatıb.
Yağıntılı və küləkli hava şəraiti gecə boyu ölkənin əksər rayonlarında müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, kəskin hava şəraitinin Bakı və Abşerona çatması bu gün səhər saatlarında olacaq.
"Saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək", - Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, növbəti günlərdə - mayın 11-dən 14-dək ölkədə yağmursuz və xoş hava şəraiti olacaq. Buna baxmayaraq zəif külək olacaq, havanın temperaturu getdikcə yüksələcək.
Umayra Tağıyeva bildirib ki, "mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək".


























