Zəngilanda İsrailin camış ferması və "motsarella" pendiri, erməni çoban haqqında iddialar, Məzahir Pənahov yenidən MSK sədri seçilib

Şəklin mənbəyi, President.az
Bu günün xəbərləri: MSK-nın tərkibi yenidən formalaşıb, İsrail Zəngilanda camış ferması tikəcək, Ermənistan ombudsmanı Azərbaycan hərbçiləri tərəfindən sərhədyanı Ermənistan kənd sakinini silahla hədələndiyini deyir. Azərbaycan Mijatovoç-i "qərəzsizliyə" çağırır. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən üç şirkət siyahıdan çıxarılıb. Prezident İlham Əliyev Şəmkirin icra başçısını vəzifəsindən azad edib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Zəngilanda camış ferması
''İsrail Zəngilanda camış ferması tikəcək''. Bu barədə İsraildən dəvət olunmuş şirkətin əməkdaşı aprelin 26-da Prezident İlham Əliyevə məruzə edərkən deyib, Azertac yazır.
Şirkət nümayəndəsi bildirib ki, fermada ilkin olaraq 300-400 başlıq camış olacaq, daha sonra isə bu say 1000-ə çatdırılacaq.
Onun sözlərinə görə, şirkət "ağıllı fermalar üzrə texnologiya" ilə işləyir və bu, bir neçə sahədə mənfəət verəcək.
"Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu, o deməkdir ki, sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik".
Kənd təsərrüfatı naziri İnam Kərimov camışların İtaliyadan idxal olunacağını qeyd edib.
Layihə meneceri Giuseppe Grisolia bildirib ki, onların biznes ideyası strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli "motsarella", "burrata" və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır.
O deyib ki, südçülük ferması qurulandan sonra işçilərə təlim keçiriləcək və bununla Azərbaycanda "birinci nəsil bacarıqlı pendir hazırlayanlar" yetişdiriləcək.
"Biz Azərbaycanda sadə keyfiyyətdə camış pendirinin istehsal olunmasını istəmirik. Bizim hədəfimiz yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl "motsarella di buffalo" pendirlərinin istehsalçısı olsun. Bu sahədə güzəştdən söhbət gedə bilməz, yalnız birinci səviyyəli istehsal ola bilər. Biz azərbaycanlı dostlarımızla əlimizdən gələni edəcəyik".
İlham Əliyev İsrail və İtaliyanı "dost ölkə" adlandırıb və bu ölkənin şirkətlərinin Azərbaycandakı layihələrə qoşulduğu üçün "şad olduğunu" bildirib.

Şəklin mənbəyi, Azərtac
MSK-nın tərkibi yenidən formalaşıb
Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.
Səsvermə Komissiyanın yeni tərkibində çərşənbə axşamı günü keçirdiyi ilk iclasda baş tutub.
Rövzət Qasımov yenidən MSK sədrinin müavini seçilib.
Mikayıl Rəhimov və Arifə Muxtarova yenidən qurumun katibi seçiliblər.
Məzahir Pənahov 21 ildir ki, MSK-ya sədrlik edir.

Şəklin mənbəyi, Aysor.am
Erməni çobandan ''üç nəfər silahlı azərbaycanlı'' iddiası
Ermənistan insan haqları müdafiəçisi (ombudsman) Arman Tatoyan Azərbaycanla həmsərhəd Sünik vilayəti Aravus kənd sakininə qarşı "Azərbaycan əsgərləri tərəfindən qəsdlə bağlı" beynəlxalq təşkilatlara müraciət etmək üçün sənədlər hazırlayır.
O, 44 günlük Qarabağ müharibəsindən sonra bu bölgədə belə hadisələrin tez-tez müşahidə olunduğunu bildirir.
"Bu insidentlər mənim, insan haqları müdafiəçisi olaraq, Sünik vilayətində Ermənistan vətəndaşlarının hüquqlarını təmin etmək üçün təcili surətdə təhlükəsizlik zonası yaradılmasının labüdlüyü haqqında təklifimin əsaslılığını təsdiq edir", - ombudsman Tatoyanın rəsmi Facebook hesabında dərc etdiyi bəyanatında deyilir.
Adı açıqlanmayan Aravus kənd sakininin ombudsmana söylədiyinə görə, aprelin 18-də o, evinin təxminən 500 metrliyində mal-qarasını otarırmış və saat 17-18 arasında Aravus kəndindən 50 metr məsafədə yerləşən Azərbaycan mövqeləri yanından keçərkən üç nəfər silahlı azərbaycanlı ona yaxınlaşıb.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri əvvəlcə onu silahla hədələyib sonra "darta-darta Azərbaycan mövqeyi istiqamətində səngərə tərəf aparmağa çalışıblar". Və onlar bu müddət çobanı hədələyib və təhqir ediblər
Erməni tərəfindən kənd sakinləri və erməni hərbçilərin çobanın köməyinə gəldiyini görəndə azərbaycanlılardan biri "onun gözündən vurub və öz mövqelərinə qayıdıblar", Aravus kəndindən olan çoban deyib.
Arman Tatoyan kənd sakinləri və çobanın ailə üzvlərinin söylədiklərinə əsasında deyir ki, "aprelin 20-də saat 19-da həmin Aravus çobanının ünvanına söyüb və silahla hədələyiblər".
Kənd icra başçısının ombudsman ofisinə verdiyi məlumata görə, yerli erməni sakinlərin evləri Azərbaycan hərbi mövqelərindən 100-dən 500-ə qədər məsafədə yerləşir.
Arman Tatpyan hesab edir ki, Ermənistanın Sünik vilayəti yaşayış məntəqələrindən keçən yollarda Azərbaycan əsgərləri, Azərbaycan bayraqları və Azərbaycana aid heç bir nişan olmamalıdır.
2020-ci il Qarabağ müharibəsindən sonra Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında atəşkəs haqqında 10 noyabr tarixli bəyanat imzalandıqdan sonra Dağlıq Qarabağda və Ermənistanın Azərbaycanla həmsərhəd cənub rayonlarında sərhədlər dəyişib. Bəzi yerlərdə Azərbaycan və Ermənistan kəndlərini bircə yol ayırır.
Sünik vilayətinin Şurnux kəndində 11 ev, Vorotan kəndində 10 ev azərbaycanlılara verilib.
Sovet dövründən fərqli olaraq, indi erməni və azərbaycanlı kəndlərinin yaxınlığı ciddi problemlər yaradır, gərginliyə səbəb olur.
Azərbaycan Mijatovoç-i "qərəzsizliyə" çağırır

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) müharibədən sonrakı vəziyyətlə bağlı Azərbaycan Prezidentinə məktub yollayan Avropa Şurası İnsan Hüquqları üzrə Komissarını "qərəzsiz olmağa" çağırıb.
"Azərbaycan, Komissarı mandatının tələb etdiyi kimi qərəzsiz olmağa və Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırır", - Çərşənbə axşamı günü XİN-in yaydığı rəsmi şərhində deyilir.
Dunja Mijatovic-in Azərbaycan Prezidentinə 20 apreldə yolladığı məktubun mətni bu gün açıqlanıb. Təşkilatın saytındakı sənədə əsasən, Komissar Dağlıq Qarabağ ətrafındakı münaqişədən təsirlənən icmalar arasında onsuz da dərin kök salmış narazılıqların davam etməməsi və artmaması üçün son dərəcə ehtiyatlı olmağa çağırır.
O, həmçinin Bakıda Qənimətlər parkının açılması ilə bağlı "təəssüfləndiyini" bilirir, orada "ölən və ya ölməkdə olan" erməni əsgərlərinin görüntülərini "çox narahatedici və alçaldıcı" kimi qiymətləndirir. Bu cür nümayiş çoxdan bəri davam edən düşmənçilik hisslərini və nifrət nitqini daha da "intensivləşdirə və gücləndirə bilər", dözümsüzlük təzahürlərini çoxalda və təbliğ edə bilər, məktubda deyilir.
AŞ nümayəndəsi öz məktubunda düşmənçilik və ya nifrətə təkan verən hər hansı bir ritorika və hərəkətlərə qarşı sərt mövqe tutmağa və bunun əvəzinə, "xüsusilə münaqişədən təsirlənmiş" əhali arasında gələcək nəsillərinin rifahı və barışığın təşviqinə yönələn səylərə dəstək göstərməyə çağırır. Dunja Mijatovic məktubun sonunda "mandatına uyğun olaraq" ölkənin beynəlxalq "səviyyədə tanınmış sərhədləri daxilində" bütün insan hüquqları ilə əlaqəli yerlərə baş çəkməyə hazır olduğunu bildirir.
Azərbaycanın rəsmi açıqlamasına əsasən, "30 ilə yaxın davam edən müharibə" nəhəng humanitar əziyyətlərə səbəb olub və "yüz minlərlə azərbaycanlının" insan haqlarının kütləvi pozuntuları ilə müşayiət olunub. Lakin "bütün bu iztirablar" və hüquq pozuntuları həm hazırkı Komissarın, həm də onun sələflərinin "nəzərindən kənarda qalıb".
"Qeyd olunanların fonunda, Komissar görünür ki, sözügedən "mandat" tərəfindən qoyulan məhdudiyyətləri unudaraq, siyasi motivli məsələlərə maraq göstərməyə başlamışdır. Əslində bu, Avropa Şurasının müxtəlif qurumları tərəfindən Azərbaycanın tez-tez məruz qaldığı ikili standart və selektiv yanaşmanın başqa bir təzahürüdür", - Azərbaycan XİN-i bildirir.
Açıqlamaya əsasən, Bakıdakı Hərbi Qənimətlər Parkının açılışına görə Komissarın "təəssüf bildirməsi" də eynilə əsassızdır.
"Qənimətlər Parkı on illərdir davam edən təcavüz və etnik təmizləmə siyasəti üzərində beynəlxalq hüququn və ədalətin təntənəsinin rəmzidir. Azadlıq, suverenlik və ərazi bütövlüyü uğrunda müharibədəki qələbəni ölümsüzləşdirmək, Avropa Şurası bölgəsi də daxil olmaqla, bir çox xalqlar tərəfindən geniş tətbiq olunan bir təcrübədir".
XİN-ə əsasən, 20 aprel tarixli məktub Komissarın işinin "müstəqilliyi və qərəzsizliyini" şübhə altına aldığı və bunun Komissarın ofisi ilə Azərbaycan arasındakı münasibətlərə mənfi təsir "göstərə biləcəyi vurğulanmalıdır".
Ötən ilin noyabr ayında Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanat sentyabrın 27 başlamış və 44 gün davam edən müharibəyə son qoyub.
Üç dövlət şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıb

Şəklin mənbəyi, President.az
Üç dövlət şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıb.
Bu barədə Prezident İlham Əliyev çərşənbə axşamı günü fərman imzalayıb.
Fərmana əsasən, "Azərkosmos" ASC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lər holdinqin idarəetməsindən çıxarılıb.
Sözügedən şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə Prezidentin ötən ilin noyabrında imzaladığı fərmanla verilmişdi.

Şəklin mənbəyi, Report
Prezident Alimpaşa Məmmədovu işdən çıxarıb
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev çərşənbə axşamı günü sərəncam imzalayıb.
Bir gün əvvəl sosial mediada Dövlət Təhlükəsizlik Xidmətinin Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirildiyi barədə məlumatlar yayılsa da, rəsmi qurumlar bu barədə hələ ki, məlumat açıqlamayıblar.
Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb.
BBC News Azərbaycancanın Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.
Alimpaşa Məmmədov rayon icra başçısı vəzifəsini 2014-cü ildən icra edib.

Şəklin mənbəyi, Təhsil Nazirliyi
I siniflərə şagird qəbulu başlayır
Bu gündən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır.
Bakı şəhəri üzrə Təhsil İdarəsi açıqlayıb ki, I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.
Məlumatda deyilir ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Qurum bildirib ki, Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə aprelin 29-dan başlanılacaq. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq.
Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur, Bakı şəhəri üzrə Təhsil İdarəsi qeyd edib.
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.


























