24 aprel açıqlaması: Ankara Biden-in "soyqırım" açıqlamasını necə qavrayıb, Türkiyə-ABŞ münasibətləri necə təsirlənir?

ABŞ prezidenti Joe Biden

Şəklin mənbəyi, Reuters

Çap edildi

ABŞ Prezidenti Joe Biden-in 1915-ci il hadisələrini "erməni soyqırımı" adlandırmasına Türkiyə sərt reaksiya verib. Bu məsələ son zamanlar onsuz da gərgin olan Türkiyə-ABŞ münasibətlərini necə təsirləndirəcək sualını gündəmə gətirib.

Washington və Ankaradan gələn ilk siqnallar, Biden-in hərəkətinin həmin münasibətlərə yeni bir zərbə vurduğuna baxmayaraq tərəflərin aralarındakı körpüləri tamamilə məhv edə bilən addımlardan çəkinəcəklərini göstərir.

Münasibətlərə "soyqırım" sözünün atdığı kölgəyə baxmayaraq, Erdoğan və Biden 14 iyun tarixində keçiriləcək NATO sammitində üz-üzə görüşmək üçün görüş təyin ediblər və bu, ən yüksək səviyyədə.dialoqun davamına tərəflərin verdiyi əhəmiyyəti göstərir.

ABŞ mətbuatında Biden-in aprelin 23-də Prezident Erdoğanla ilk telefon danışığında 24 aprel çıxışında "soyqırım" ifadəsini işlədəcəyini bildirməsi qeyd olunub.

Elə həmin gecə Türkiyə Prezidentinin Mətbuat Katibi İbrahim Kalın və ABŞ Milli Təhlükəsizlik müşaviri Jake Sullivan ilə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlunun amerikalı həmkarı Anthony Blinken arasındakı telefon danışıqlarında məsələnin gündəmdə olduğu, lakin Washington-un münasibətini dəyişdirməyəcəyi bəlli olub.

Washington-un fikrini dəyiştirməyən Ankara üçün ən əhəmiyyətli məsələ Biden-in açıqlamasında bu ifadənin necə işlədiləcəyi, gələcəkdə Türkiyəyə hər hansı bir hüquqi problem yaradıb-yaratmayacağı oldu.

Türkiyəyə və türk xalqına istinad yox

Son dərəcə diqqətlə yazıldığı güman edilən mətnlə bağlı bir sıra məqamlar diqqəti cəlb edib:

Biden 24 aprel 1915-ci hadisələrini "soyqırım" adlandırsa da, bu tarixi hadisəni Türkiyə və ya türk milləti ilə əlaqələndirməməyə çalışıb.

Mətndə Türkiyə və ya türk xalqına bir istinad yoxdur.

Keçmişdəkindən fərqli olaraq bu dəfə Türkiyə-Ermənistan münasibətlərinə istinad edilməməsi Biden-in açıqlamasını mövcud beynəlxalq münasibətlər müstəvisindən çıxarıb tarixi hadisənin şərhi dərəcəsinə endirdiyi barədə yozumlara yer verib.

Biden-in Ermənistan xalqından daha çox 1915-ci il hadisələrindən sonra ABŞ-a gəlib yeni həyata başlayan Amerika ermənilərinə müraciət etməsi bu dəyərləndirməni gücləndirib.

Ankara üçün digər vacib amil Biden-in "Bunu ittihamlamaq üçün deyil, təkrarlanmasının qarşısını almaq üçün edirik" ifadəsini işlətməsidir. ABŞ

Prezidentinin Türkiyəyə qarşı istifadə etdiyi "soyqırım" ifadəsinin yeni hüquqi problemlər yarada biləcəyi, xüsusilə təzminat iddiasını qaldıra biləcəyi qeyd olunurdu.

ABŞ icra hakimiyyətinin başında duran Prezident Biden-in "ittiham yönəltmək niyyətində olmadığını" söyləməsi Washington-un Türkiyəyə qarşı işlərə dəstək verməyəcəyi mesajı kimi qəbul edilib.

Erdoğan və Biden iyunun 14-də görüşəcəklər

Joe Biden və Recep Tayyip Erdoğan -2014-cü ildə İstanbul-da

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Joe Biden və Recep Tayyip Erdoğan iyunun 14-də NATO sammiti çərçivəsində görüş keçirəcəklər

"Soyqırım" açıqlamasından bir gün əvvəl Erdoğan ilə Biden arasında telefon danışığı keçirilib. ABŞ mətbuatı iki lider arasındakı telefon danışıqlarının "gərgin" keçdiyini qeyd edib. İki prezidentdən sonra Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət Katibi Anthony Blinkenin də telefonla danışdıqları açıqlanıb.

Qeyd olunan gərginliyinə baxmayaraq həm Washington, həm də Ankara iyunun 14-də Brüsseldə NATO liderlərinin zirvə görüşündə Erdoğan-Biden danışıqlarının keçiriləcəyi razılaşdırılıb.

Mövcud problemlərə "soyqırım" kölgəsinin də əlavə olunmasına baxmayaraq tərəflərin ən yüksək səviyyədə təmas qurmaq niyyəti münasibətlərin tamamilə pozulmasını istəmədikləri kimi qiymətləndirilib.

Ankaradan hələlik heç bir qisas qərarı açıqlanmayıb

Biyden-in açıqlamasına Ankaranın reaksiyası gözlənildiyi kimi cəld və sərt oldu. Xarici İşlər Nazirliyi və digər əlaqədar qurumların verdiyi açıqlamalarda, soyqırım sözünün işlənməsi üçün nə tarixi,nə də hüquqi əsasın olmadığı və Biden-in bu addımı "populist" siyasi səbəblərdən atdığı vurğulanıb.

Bu reaksiyalarla parallel olaraq rəsmi mənbələrdən edilən açıqlamalarda Biden-in qərarının Türkiyə-ABŞ münasibətlərinə birbaşa təsir edəcəyi ilə bağlı heç bir ifadənin olmaması və ABŞ-a qarşı qisasdan bəhs olunmaması diqqəti çəkib. Keçmişdə buna bənzər vəziyyətlərdə Ankara səfirini məsləhətləşmə üçün ölkədən geri çağırırdı, siyasi və hərbi əməkdaşlığı dayandırmaq kimi bir çox digər addımlar da atırdı.

Ankaranın reaksiyasının ilk mərhələdə Biden-ə yönəldilməsi və siyasi motivlərlə səsləndirilmiş bu terminin hüquqi qüvvəyə malik olmaması da şərhlərdə yer alıb.