Bakı və Ankara birgə hərbi rabitə təlimi keçirəcəklər; AstraZeneca peyvəndi Azərbaycana çatdırılıb

Şəklin mənbəyi, MOD.GOV.AZ
Azərbaycan və Türkiyə rabitə qoşunları birgə təlimə başlayır; Azərbaycanda ötən gün ərzində 22932 vaksin vurulub; COVAX platforması xətti ilə COVID-19 vaksinlərin ilk partiyası Bakıya gətirilib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Bakı və Ankara birgə hərbi rabitə təlimi keçirəcəklər
Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimlər zamanı "hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər."
"Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq," - Nazirlik bildirib.
Təlimlər aprelin 8-dək davam edəcək.
Azərbaycanda indiyədək nə qədər vaksin vurulub?

Şəklin mənbəyi, Getty Images
Aprelin 4-də Azərbaycanda 22 min 932 nəfər yeni koronavirus COVID-19 infeksiyasına qarşı vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bildirdiyinə görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 min 451, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 14 min 481 nəfər olub.
Hazırkı dövrədək ölkə üzrə vurulan vaksinlərin sayı 947 min 745 təşkil edib.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 590 min 914, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 356 min 831 nəfərdir.
AstraZeneca vaksini COVAX xətti ilə Bakıya çatdırılıb

Şəklin mənbəyi, Azertag
Azərbaycana COVAX platforması xətti ilə COVID-19 virusuna qarşı AstraZeneca peyvəndi çatdırılıb.
COVAX platforması vasitəsilə Cənubi Koreyadan Azərbaycana COVID-19 vaksinlərin ilk partiyası aprelin 4-də Bakıya gətirilib.
"AztraZeneca" şirkətinin istehsal etdiyi 84 min doza peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında bazar günü eniş edib.
Azərbaycanda vaksinasiya prosesi yanvar ayından başlayıb.
Azərbaycanda sön günlərdə COVID-19 virusuna yoluxma hallarında artım tendensiyası müşahidə olunub.
Bu səbəbdən aprelin 1-də Təhsil Nazirliyi bildirib ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayon məktəblərinin şagirdləri təhsillərini distant (məsafədən) davam etdirəcəklər.
Azərbaycanda koronavirus peyvəndlənməsi dövlət hesabına aparılır və könüllüdür.
2020-ci ilin sonunda Azərbaycanda vaksinasiya ilə bağlı TƏBİB rəsmisi Ramin Bayramlı birinci mərhələdə "əhalinin 10 faizinə peyvənd vurulacağını", ikinci mərhələdə isə peyvəndlənmənin "respublikanın daha çox hissəsini əhatə edəcəyini" bildirmişdi.
Ölkədə koronavirusa qarşı peyvənd ilkin olaraq səhiyyə işçilərinə vurulmağa başlanıb.



























