You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Paşinyan Moskvada Putinlə görüşüb
Ermənistan Baş naziri Moskvada Putinlə görüşüb, Dmitri Peskov Şuşadakı "İsgəndər" raketi barədə "heç nə bilmir", Robert Koçaryana qarşı "konstitusiya quruluşunu devirmək" ittihamı ləğv olunub, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi Xankəndidə ofis açacağını elan edib,- daha ərtaflı BBC News Azərbaycancanın icmalında
Paşinyan Moskvada Putinlə görüşüb
Bu gün Moskvada Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Görüş zamanı Vladimir Putin Ermənistanın inkişafı üçün bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat marşrutlarının bərpa olunması Ermənistanın inkişafı üçün yeni imkanlar yaradacaq.
Daha əvvəl Rusiya Prezidentinin rəsmi saytında görüş zamanı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının həyata keçirilməsinin gedişi, eləcə də bölgədə mövcud problemlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi kontekstində, həllinə dair gələcək addımların nəzərdən keçirilməsi planlaşdırıldığını bildirmişdi.
Paşinyan Putinə nə deyib?
Ermənistan Baş naziri Nikol Paşiyan Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Rusiya sülhməramlı qoşunlarının Qarabağda olmasını bölgədə sabitlik və təhlükəsizliyin önəmli amilinə çevrildiyini bildirib.
Paşinyan Rusiyanın bölgədə atəşkəsin bərpa olması və blokadaların aradan qaldırılması üçün rolunu yüksək qiymətləndirib.
Eyni zamanda Ermənistan Baş naziri Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 9-da imzaladıqları bəyanatın şərtlərinin yerinə yetirilmədiyindən gileylənib.
Paşinyan hərbi əsir, girov və başqa saxlanılan şəxslərlə bağlı məsələnin həll olunmadığını bildirib.
"Biz dəfələrlə müzakirə etmişik ki, 9 noyabr bəyanatına əsasən bütün girovlar, hərbi əsirlər və başqa saxlanılan şəxslər vətənə qaytarılmalıdır. Təssüf ki, indiyə kimi Azərbaycanda bizim saxlanılan şəxslərimiz var",- Paşinyan deyib.
Paşinyan Putinlə "hərbi əməkdaşlığın bəzi nüanslarını" müzakirə etmək istədiyini də deyib.
"Mən ümid edirəm ki, biz Rusiya-Ermənistan birləşmiş qoşun qrupunun və birləşmiş regional Hava Hücumundan Müdafiə sisteminin bəzi nüanslarını da müzakirə edərik", - Paşinyan deyib.
Daha əvvəl Paşinyan bəyan etmişdi ki, "regional təhdidlərə qarşı durmaq üçün" birləşmiş qoşun qruplaşmasını möhkəmləndirmək lazımdır.
Rusiya-Ermənistan birləşmiş qoşun qrupu 2016-cı ildə yaradılıb.
Paşinyan Putinə Rusiyanın iştirakı ilə Ermənistanda yeni atom elektrik stansiyası tikilməsini təklif edib.
"Mən bu gün strateji investisiya ilə bağlı bəzi məsələlərin müzakirə edəcəyimizə ümid edirəm və bu səpkidə sizinlə Ermənistan Respublikasında yeni atom elektrik stansiyasının tikilməsi imkanlarını müzakirə etmək istərdim", - Paşinyan Rusiya Prezidentinə deyib.
Peskov Şuşadakı "İsgəndər" raketi barədə "heç nə bilmir"
"Raket haqqında heç nə deyə bilmərəm, bilmirəm, məlumatım yoxdur," - bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O bu sözləri jurnalistlərin "Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü ərəfəsində Azərbaycan tərəfinin Şuşada tapılmış "İsgəndər" raketinin rusiyadaxili, ixrac üçün nəzərdə tutulmayan modeli olması barədə bəyanatı barədə hesabat alıbmı?" sualına cavabında deyib.
Ermənistan Baş naziri Nikol Paşinyanın bu gün, aprelin 7-də, Rusiyaya işgüzar səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Azərbaycan jurnalistləri "İsgəndər" raketi ilə bağlı Rusiyadan rəsmi mövqe istəyir
Azərbaycanda bir qrup media nümayəndəsi və bloqçu Şuşada tapılan Rusiyaya məxsus "İsgəndər" raketinin qalıqları ilə bağlı Rusiyanın rəsmi mövqe bildirməsi üçün ölkənin Azərbaycandakı səfirliyinə müraciət ediblər.
Onların arasında AzTV, İctimai TV, Mətbuat Şurası olan 20-dən çox medianın təmsilçisi və bloggerlər var.
Azərbaycan işğaldan azad edilmiş Şuşaya Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik "İsgəndər" raketlərinin atıldığını bildirir.
ANAMA ötən həftə bunun sübutu kimi raket qalıqlarının fotolarını yayıb və məsələ geniş müzakirələrə səbəb olub.
Jurnalistlər müraciətlərində bildiriblər ki, "Şuşada "İsgəndər-M" raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub, lakin indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib".
"Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə "İsgəndər-M" Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur,"- müraciətdə deyilir.
Müraciəti imzalayanlar Rusiya tərəfinin "ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcəyinə və təhqiqatın başlanmasını rəsmən elan edəcəyinə" ümidvar olduqlarını qeyd ediblər.
Müraciəti imzalayanlar REAL TV-nin rəhbəri Mir Şahin Ağayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev, AzTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru Mehriban Məmmədova, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, ATV prezidentinin müşaviri Səadət Məmmədova, İTV-nin Baş direktorunun müavini Murad Hüseynov, "Rossiya 24" kanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli, REAL TV-nin hərbi analitiki İlqar Mikayıloğlu, Xəzər TV-nin aparıcısı Lalə Azərtaş, jurnalistlər Orxan Fikrətoğlu, Həmid Həmidov, Mübariz Əsgərov, ASAN radionun rəhbəri Emin Musəvi, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, bloqçular Azər Qərib, Vyacheslav Sapunov, Ədalət Verdiyev, Əli Hacızadə, AzTV-nin siyasi icmalçısı Tofiq Abbasov, "Minval.az" saytının siyasi icmalçısı Tofiqəxanım Qasımova, Milli.az saytının baş redaktoru Elçin Alıoğlu, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov, "Novaya Vremya" qəzetinin baş redaktoru Şakir Ağayevdir.
Rusiyanın Azərbaycandakı səfirliyinin məktuba reaksiyası məlum deyil.
Koçaryana qarşı "konstitusiya quruluşunu devirmək" ittihamı ləğv olunub
Yerevan Birinci İnstansiya Məhkəməsi ikinci Ermənistan Prezidenti Robert Koçaryana qarşı "1 mart 2008-ci il" cinayət işinin ləğv edilməsi qərarı qəbul edib.
Bu, Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən Robert Koçaryanın ittiham olunduğu 300.1 (konstitusiya quruluşunu devirməsi) maddəsinin ləğv edilməsindən sonra mümkün olub.
Robert Koçaryanla birlikdə Cinayət Məcəlləsinin eyni məcəlləsi üzrə ittiham olunan Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq Baş Qərargah rəisi Yuri Xaçaturov və keçmiş baş nazir müavini Armen Gevorqyan barəsində də cinayət işləri ləğv edilib.
Seyran Ohanyan və Yuri Xaçaturov cinayət məsuliyyətindən tamamilə azad olunub.
Robert Koçaryan və Armen Gevorqyan cinayət məsuliyyətindən tam azad olunmurlar, çünki Robert Koçaryan, həmçinin, xüsusilə böyük məbləğdə rüşvət almaq məcəlləsi üzrə ittiham olunur. Armen Gevorqyan isə pulların yuyulması maddəsi üzrə.
Daha əvvəl Prokuror Gevorq Baqdasaryan ikinci Ermənistan Prezidenti Robert Koçaryana qarşı cinayət işinin yenidən təsnif ediləcəyi və Koçaryana qarşı vəzifə səlahiyyətlərini aşmaq maddəsinə əsasən ittiham irəli sürüləcəyini bildirib.
Ermənistan Xüsusi İstintaq Xidməti 26 iyun 2018-ci ildə Robert Koçaryana və başqa yüksək vəzifəli hərbçi və dövlət məmuruna qarşı "1 mart 2008-ci il" cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirmək ittihamı irəli sürüb.
Həmin iyulda Robert Koçaryan həbs olunub, lakin avqustda həbs qətimkan tədbiri dəyişilib və o, azad olunub.
Dekabrın 7-də Koçaryan yenidən həbs olunub və 2019-cu ilin may ayında tanınmamış "DQR keçmiş və vəzifədə olan prezidentləri" Arkadi Ğukasyan və Bako Sahakyanın zəmanəti ilə girovla azad edilib.
Lakin bir aydan sonra Robert Koçaryan üçüncü dəfə həbs olunub və 2019-cu il iyunun 19-na kimi təcridxanada saxlanıb. İyunun 19-da Robert Koçaryan təxminən 4 milyon dollar məbləğində girovla həbsdən azad olub.
Dağlıq Qarabağın Azərbaycanlı İcması Xankəndidə özünə ofis axtarır
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi Xankəndidə ofis açacağını elan edib.
Təşkilatın sədri, millət vəkili Tural Gəncəliyev öz Twitter səhifəsində yazıb ki, "Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək".
"Hazırda şəhərdəki yeni ofis binası üçün mümkün yerləri nəzərdən keçiririk. Xankəndinin bütün sakinlərini təmsil edən millət vəkili kimi etnik mənşəyindən asılı olmayaraq hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!" - Tural Gəncəliyev Twitter səhifəsində yazıb.
İkinci Qarabağ müharibəsindən sonra Xankəndi Azərbaycanın nəzarətində olmayan şəhərlər sırasındadır.
Hazırda Azərbaycan tərəfi rəsmi şəkildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olan Xankəndi (Stepanakert) və digər ərazilərin Rusiya sülhmərmalılarının nəzarətində olduğunu deyir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya sülhməramlıları 50 minə yaxın qaçqının Ermənistandan Qarabağa qayıtmasına kömək edib. Azərbaycanlı məcburi köçkünlərin isə ora nə vaxt qayıdacağı ilə bağlı rəsmi məlumat yoxdur.
Hazırda bölgədə rus sülhməramlıları atəşkəsə nəzarət edir.
Azərbaycan və Ermənistan arasında ötən payız başlamış və 44 gün davam etmiş müharibə nəticəsində Azərbaycan işğalda olan ərazilərinin böyük bir hissəsini geri qaytarıb.