Azərbaycan və Ermənistanda güclü qar yağır

Quba, qar, Qusar, hava

Şəklin mənbəyi, Azərtac

Çap edildi
Oxuma vaxtı: 3 dəq

Bu gün Azərbaycanın şimalında bəzi kəndlərdə 20 sm hündürlükdə qar müşahidə olunur, Ermənistanda bir gündə üç aylıq qar norması yağıb, Ermənistanda koronavirusdan ölüm hallarının azalmasına baxmayaraq, yoluxma hallarında son vaxtların rekordu qeydə alınıb, daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Martın 11-dən Azərbaycanın bölgələrinə intensiv qar yağmağa başlayıb

Video açılmırsa YouTube-dan izləyin.

Azərtac xəbər verir ki, ölkənin şimalında, Qusarın Ləzə kəndində 20 sm hündürlükdə qar müşahidə olunur.

Eyni zamanda, Qubanın Qırız kəndində -14 dərəcə şaxta qeydə alınıb.

Quba-Xınalıq yolu avtomobillərin hərəkəti üçün çətinləşsə də, açıqdır, - agentlik xəbər verir.

Naxçıvanın "Nuhçıxan" xəbər agentliyi xəbər verir ki, ən çox qar Ordubad rayonunun Nürgüt kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 40 santimetrə çatır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, aran rayonlarında 0-2 dərəcə, dağlıq rayonlarda 4-6 dərəcə, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olub.

Sinoptiklər kəskin hava şəraitinin şənbə gününə qədər davam edəcəyini proqnozlaşdırırlar.

Bakı, qar, hava

Yol polisindən müraciət

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib.

Qurum Respublikanın əksər bölgələrində pisləşən hava şəraiti ilə əlaqədar sürücüləri "diqqətli və ehtiyatlı olmağa, qəfil tormozlama aparmamağa" və şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən "mümkün qədər az istifadə etməyə" çağırıb.

Müraciətdə deyilir ki, sürücülər ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalı, qəfil manevrlər etməməlidirlər.

"Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi piyadalara asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir", - müraciətdə deyilir.

Ermənistanda bir gündə üç aylıq qar norması yağıb

Ermənistanda güclü qar yağıb

Şəklin mənbəyi, Mes.am

Ermənistanın bütün rayonlarında martın 11-i və 12-də çoxlu qar yağıb, Ermənistan Fövqəladə Hallar Xidmətinin Hidrometeorologiya və Monitorinq Mərkəzi bildirir.

"...Ararat vadisi düzənlikləri istisna olaraq... Burada yağıntı qarlı yağış və sulu qar şəklində olub", - FHX-nin Facebook səhifəsində deyilir.

Ən çox qar Vayots Dzor və Sünik vilayətlərində yağıb.

Sisyan, Qoris və Cermuk şəhərlərində və Vorotan aşırımında qarın hündürlüyü 30-35 sm olub. FHX məlumatına görə, bu bölgələrdə çovğun gözlənir.

Bir çox rayonlarda avtomobillər yolları keçilməzdir, FHX xəbərdar edir.

Məlumata görə, bütün gün bərk qar yağacaq, axşam saatlarında siklon zonası Ermənistan ərazisindən çıxacaq və yağıntılar kəsiləcək.

Hava şəraitinə görə Gürcüstanın Rusiya ilə sərhədində Lars keçid məntəqəsi bütün nəqliyyat növləri üçün bağlıdır. Bu səbəbdən sərhədin Rusiya tərəfində 500 qədər Ermənistana gələn yük maşınları yığılıb, Ermənistan FHX xəbər verir.

Ermənistanda koronavirusa yoluxmada son 3 ayın rekordu

Covid-19, Ermənistan

Şəklin mənbəyi, MOh.am

Ermənistan Səhiyyə Nazirliyinin martın 12-nə olan məlumatına görə, Ermənistanda koronavirusa yoluxma hallarının sayı 177 mini ötüb. Son gündə 818 yeni yoluxma halları aşkarlanıb, 4 xəstə ölüb.

Ölüm hallarının azalmasına baxmayaraq, bir sutkada yoluxma hallarının sayına görə, 818 rekord rəqəmdir.

Bu, Covid-19 virusu ilə bağlı keçirilən 3934 testlərin 20,8 faizini təşkil edir.

Məsələn, fevralın 20-də keçirilən 3509 testdən 223-ü müsbət nəticə verib. Bu, yoxlananların 6,3 faizinin koronavirusa yoluxduğunu göstərir.

Fevralın 15-də isə keçirilən 2802 test nəticəsində 88 yoluxma halı (3,14 %) qeyd olunmuşdu.

Pandemiya başlanandan bu günədək koronovirusdan 3243 adam ölüb. Covid-19 virusuna yoluxan 835 nəfər isə başqa səbəblərdən ölüb.

165718 pasiyent sağalıb, 6208 nəfərin müalicəsini davam edir.

Koronavirus pandemiyası ilə bağlı 2020-ci il martın 16-dan sentyabrın 11-dək ölkədə fövqəladə vəziyyət rejimi olub. Daha sonra karantin rejimi elan olunub və 2021-ci il iyulun 11-nə kimi davam edəcək. Tibbi maska taxmaq tələbi qüvvədə qalmaqdadır.

Karantin rejimi ölkəyə xüsusi giriş və çıxış, özünütəcrid qaydaları, ictimai tədbirlər və tədris prosesində bir sıra məhdudiyyətlər nəzərdə tutur.

Son aylar Covid-19 virusa yoluxma halların azalmasına görə, bir çoxları "maska rejimi", gigiyena, ictimai yerlərdə "sosial məsafə" saxlamaq tələblərinə əməl etməməyə başlayıb. Bundan başqa, karantin qaydalarının pozulmasına nəzarət və məsuliyyətə cəlb etmə tədbirləri keçirilmir. Qaydaların pozulması üçün 10 min dram cərimə nəzərdə tutulur, lakin artıq bir neçə aydır ki, bu, tətbiq edilmir.

Cümə axşamı günü hökumət iclası zamanı Baş nazir Paşinyan əhalini karantin tələblərinə ciddi riayət etməyə çağırıb. O, xəbərdarlıq edib ki, əks təqdirdə hakimiyyət yenidən sərt tədbirlərə qayıtmağa məcbur olacaq.