Paşinyanın partiyası Prezident Sarkisyana impiçmentin mümkünlüyünü xatırladıb; Qarabağda daha bir Azərbaycan hərbçisi həlak olub

Şəklin mənbəyi, PRESIDENT.AM
Ermənistanda hakim partiya prezidentin impiçmentinin mümkünlüyünü dilə gətirib; Ermənistan Baş naziri Nikol Paşinyan vətəndaşları martın 1-də mitinqə çağırıb, Qarabağda daha bir Azərbaycan hərbçisi həlak olub, Azərbaycanda 273198 nəfər vaksinasiya olunub - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Paşinyanın partiyası prezidentə impiçmentin mümkünlüyünü xatırladıb
Ermənistan parlamentinin hakim "Mənim addımım" fraksiyasından olan deputat Vahan Hovakimyan öz Facebook səhifəsində Prezident Sarkisyana qarşı impiçment prosesinin mümkünlüyünü qeyd edib.
O, hesab edir ki, Prezident Armen Sarkisyan Baş Qərargah rəisi Onik Gasparyanın işdən çıxarılması ilə bağlı Baş nazir Paşinyanın vəsatətini təmin etməməklə belə bir prosedurun keçirilməsinə yol açmış olub.
Hovakimyan qeyd edib ki, baş nazirin vəsatətinin prezident tərəfindən imzalanmaması "sabitliyin pozulmasına və dövlət təhlükəsizliyinin risk altına alınmasına" gətirib çıxara bilər.
Hakim partiyadan deputatın sözlərinə görə, Konstitusiyanın kobud şəkildə pozulması əsasında prezidentin impiçment prosesinə başlamaq üçün əsaslar var.
Ermənistanda prezidentin vəzifədən kənarlaşdırılması üçün əsasların olması barədə rəyi Konstitusiya Məhkəməsi verir.
Həmin rəyin alınması üçün parlament Konstitusiya Məhkəməsinə müraciət etməlidir.
Daha sonra Konstitusiya Məhkəməsinin rəyi əsasında parlament prezidentin vəzifədən kənarlaşdırılması barədə qərar qəbul etməlidir.
Paşinyan Baş Qərargah rəisini işdən çıxrmaq qərarını fevralın 25-də ordu generalları baş nazirin istefasını tələb etdikdən sonra verib. Paşinyan generalların hərəkətini çevriliş cəhdi kimi qiymətləndirib.
Həmin gün Ermənistan müxalifəti müddətsiz etiraz aksiyalarının başladığını elan edərək parlament binası yaxınlığında çadırlar qurub.
Paşinyan vətəndaşları mitinqə çağırıb

Şəklin mənbəyi, facebook/nikol.pashinyan
Ermənistan Baş naziri Nikol Paşinnyan ölkə vətəndaşlarını 2008-ci il mart hadisələrinin növbəti ildönümü münasibətilə bazar ertəsi, martın 1-də, saat 18:30-da keçirilən mitinqdə iştirak etməyə çağırıb.
"İlk növbədə bu, simvolik gündür. Və sabahkı mitinqimizlə xalqımızı demokratik və konstitusiya quruluşunu, eləcə də xalq hakimiyyətini dəstəkləməyə hazırlığını təsdiq etməlidir", - Paşinyan Facebook vasitəsilə müraciətində deyib.
Onun sözlərinə görə, söhbət xalqın hakimiyyətindən gedir, çünki hakimiyyət mövcud iqtidarın ya şəxsən ona məxsus deyil.
"Ermənistanda mənim hakimiyyətim yoxdur, hakimiyyət, onu müvəqqəti mənə tapşıran xalqa məxsusdur", - o deyib.
2008-ci il martın 1-də, 19 fevral tarixində keçirilən prezident seçkilərinin nəticələrini saxtalaşdırılmış hesab edən müxalifət Yerevanın mərkəzində fasiləsiz etiraz aksiyaları təşkil etmişdi. Martın 1-i günü və 2-nə keçən gecə meydanı etirazçılardan təmizləmə əməliyyatı keçirən güc strukturu qoşunları ilə toqquşma nəticəsində 10 nəfər ölüb, 200-dən çoxu xəsarət almışdı.
Hazırda həmin hadisələrlə bağlı konstitusiya quruluşunu devirmək maddəsi üzrə keçmiş prezident Robert Koçaryan, bir sıra keçmiş dövlət məmuru və yüksək vəzifəli hərbçilərin məhkəmə prosesi gedir.
"Ermənistanın daxilində düşməni olmayıb, yoxdur və olmayacaq. Siyasi əqidəsi və mövqeyindən asılı olmayaraq, biz bir-birimizə bacı və qardaşıq", - Paşinyan bəyan edib.
O, həmçinin 1 mart cinayət işi üzrə davam edən məhkəmə prosesinə, hərbi çevriliş cəhdi, prezident Sarkisyanın baş qərargah rəisinin azad edilməsi haqqında sərəncamın təsdiq etməməsinə dair öz mövqeyini təqdim etməyi vəd edib.
O, bir sıra siyasi qüvvələri mitinqdə iştirak və çıxış etməyə dəvət edib.
Baş nazir Paşinyanın mitinq çağırdığı martın 1-i, saat 14-də onun istefasını tələb edən qüvvələrin də mitinqi planlaşdırılıb.
Qarabağda daha bir Azərbaycan hərbçisi həlak olub

Şəklin mənbəyi, MOD.GOV.AZ
Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçu Musayev Səhman Qəşəm oğlunun "fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində" həlak olduğunu bildirib.
"Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Nazirlik bir daha KİV nümayəndələrinə müraciət edərək bildirir ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər," - MN-in açıqlamasında deyilib.
MN-in açıqlaqmasından əvvəl bəzi media vasitələrində Azərbaycan Ordusunun hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində mina partlaması nəticəsində həlak olduğu bildirilmişdi.
273198 nəfər vaksinasiya olunub

Şəklin mənbəyi, Getty Images/Aziz Karimov
Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 16980 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 273198 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya çərçivəsində görülən tədbirlər Azərbaycanın bütün rayonlarında davam etdirilir, məlumatda qeyd olunub.






























