Futbol üzrə Azərbaycan Kuboku: yarımfinalçılar müəyyənləşdi

Futbol topu

Şəklin mənbəyi, Visionhaus/Getty images

Çap edildi

Bu gün və şənbə günü keçirilən oyunların nəticələrinə görə, Futbol üzrə Azərbaycan Kubokunun yarımfinalında rəqabət aparacaq dördlük müəyyən olunub.

Beləliklə, aprelin ikinci yarısına təyin olunan yarışmanın növbəti mərhələsində "Sumqayıt"la "Qarabağ" və "Zirə" ilə "Keşlə" komandaları qarşılaşacaq.

Azərbaycan Kubokunun finalı mayın 28-də keçiriləcək. Lakin onun harada keçəcəyi hələ ki, müəyyən edilməyib.

"Kubokun finalı ilə bağlı dəqiq fikir demək çətindir. Final matçında çoxlu sürprizlərimiz olacaq və bu tədbir təşkilatçılığa görə digər finalları geridə qoyacaq", - ötən il Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Ötən il pandemiya üzündən futbol mövsümü yarımçıq başa vurulub.

Qurban Qurbanov

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini deyib

Ötən gün futbol üzrə Azərbaycan Kubokunun dörddə bir final mərhələsində "Qəbələ"ni məğlub edən "Qarabağ" futbolçuları yarımfinala vəsiqə qazanıblar. Matç 3:0 hesabı ilə başa çatıb.

"Qəbələ"nin baş məşqçisi oyunda qarşı tərəfin "pressinqindən çıxmağın" çətin olduğunu deyib. "Evdə oynamağımıza baxmayaraq, çempionatın liderinə qarşı çıxış etdik. Bu rəqiblə imkan verdiyi qədər oynamaq mümkündür," - Elmar Baxşıyevin sözləri Report agentliyində iqtibas olunur.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə "qarşıya qoyulan məqsədin" yerinə yetirildiyini deyib.

Bu gün keçirilən daha bir oyunda "Səbail"i məğlub edən "Sumqayıt" ("Səbail" 1-2 "Sumqayıt") növbəti mərhələyə keçib.

Dörddə bir final mərhələsi üzrə oyunlar 7 fevralda yekunlaşacaq.

Xudafərin körpüsü

Şəklin mənbəyi, APA

Diplomatlar Cəbrayıl və Zəngilanda olublar

Azərbaycanda təmsil olunan diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatlar və media üçün işğaldan azad olunmuş ərazilərə səfər təşkil edilib, mətbuat bildirir.

Şənbə günü Cəbrayılda olan Britaniya səfiri bu barədə öz tvitində yazıb.

"Bu gün işğaldan azad olunmuş ərazilərdəyəm. Bu Cəbrayıldır", - James Sharp yazıb.

Tvitdə Cəbrayılın görüntüsü

Şəklin mənbəyi, Twitter

Azərtac agentliyinə əsasən, bölgəyə gələn diplomatlar Xudafərin körpüsünə də baş çəkiblər.

Səfərin məqsədi işğaldan azad olunan ərazilərdəki vəziyyəti göstərməkdir.

Bundan əvvəl belə səfərlər Füzuli və Ağdama təşkil olunub.

Koçaryan

Şəklin mənbəyi, TASS/Getty images

Ermənistanın ikinci prezidenti "böyük siyasətə" qayıtdığını bildirib

Robert Koçaryan bu barədə Sputnik Armenia saytına verdiyi müsahibəsində deyib. Siyasətçinin sözlərinə görə, indi "güclü şəxsiyyətlərə" tələbat yaranıb.

İnsanlar "populizmin bəhrəsini, rəngli inqilabların və təcrübəsiz insanların" işlərinin dadını görüblər, Robert Koçaryan belə hesab edir.

Siyasətçiyə əsasən, yeni parlament seçkiləri ikiqütblü olacaq. Belə ki, rəqabət mövcud hökumət və onun əleyhdarları arasında aparılacaq.

Ermənistanın ikinci prezidenti 2008-ci il 1 mart cinayət işi üzrə konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Robert Koçaryan barəsində çıxarılan həbs qətimkan tədbiri ötən il girovla dəyişilib və o, həbsdən azad edilib. Robert Koçaryan özünü günahkar hesab etmir və Paşinyan hakimiyyəti tərəfindən siyasi səbəblərlə təqib olunduğunu bildirir.

Ermənistanın Tavuş rayonu

Şəklin mənbəyi, TASS/Getty Image

Şəklin alt yazısı, Ermənistanın Tavuş rayonu (Foto: arxiv)

Azərbaycanla həmsərhəd Ermənistan bölgəsində təkrar yeraltı təkanlar

Ermənistanda bu gün təkrar yeraltı təkanlar qeydə alınıb. Zəlzələ şimal-qərbdə yerləşən iki bölgədə - Geğarkunik və Tavuşda yer alıb.

Zəlzələnin gücü episentrdə 5 bala çatıb, seysmoloqlar bildirir.

Ötən gün baş verən yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss edilib. "Zəlzələ Azərbaycanın sərhəd rayonlarında Qazax, Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunmuşdur", - Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda deyilir.

Təkrar yeraltı təkanların mərkəzi yerin 10 kilometr dərinliyində yerləşib.

Ermənistan mediası zəlzələdən sonra bir sıra yaşayış məntəqələrində elektrik enerjisi ilə təchizatın pozulduğunu xəbər verir

Avtobus

Şəklin mənbəyi, Getty Images

Azərbaycanda ictimai nəqliyyatın işi dayandırılıb

Bu gündən başlayaraq bazar ertəsinə kimi ölkə boyu ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

İctimai nəqliyyatla yanaşı paytaxt metropoliteni də xidmət göstərməyəcək.

Azərbaycanda ilk dəfə karantin rejimi ötən ilin mart ayında tətbiq olunub.

Son zamanlar bəzi məhdudiyyətlər yumşaldılsa da, xüsusi karantin rejiminin müddəti 2021-ci ilin aprelin 1-dək uzadılıb.