Boğaziçi: Etirazlar ardınca daha 11 universitetə rektorlar təyin olunur

Şəklin mənbəyi, AA/Getty images
İstanbuldakı Boğaziçi Universitetinə rektorun dövlət tərəfindən təyinatı ilə bağlı davam edən etirazlar ardınca daha 11 Universitetə yeni rektorlar təyin olunub. Türkiyə Prezidentinin müvafiq qərarı Resmi Gazete-de dərc olunub.
Recep Tayyip Erdoğanın imzaladığı sənədə əsasən, yeni təyinatlarla yanaşı Boğaziçi Universiteti də daxil, 13 universitetdə 16 yeni fakültə, institut və kollec yaradılıb. Daha 7 universitetdəki 16 institut və kollec isə bağlanılıb.
İstanbuldakı aparıcı ali təhsil müəssisələrindən biri - Boğaziçi Universitetinə Prezident tərəfindən yeni rektorun təyinatı artıq bir aya yaxındır ki, arası kəsilməyən etiraz aksiyalarına səbəb olub. Qərara qarşı çıxan tələbələr hesab edirlər ki, Melih Bulu-nun rektor vəzifəsinə təyin olunması qurumun qaydalarına ziddir. Onlar Universitet rəhbərinin seçilməsini tələb edirlər.
Bundan əvvəl Türkiyə Prezidenti rektorun təyinatı ilə bağlı etiraz aksiyalarına qatılan tələbələri tənqid edib.
Prof. Dr. Melih Bulu-nun Boğaziçi Universitetinə rektor təyin edilməsi barədə qərar yanvarın əvvəlində imzalanıb.

Şəklin mənbəyi, RESMI GAZETE
Recep Tayyip Erdoğan bu barədə AK partiyasının Artvin-Bilecik-Çankırı-Qaziantep-İğdır üzrə konqresində danışıb.
"Terror təşkilatı üzvü olan bu gəncləri milli və mənəvi dəyərlərə sahib kimi qəbul etmirik. Siz tələbəsinizmi Yoxsa rektorun otağına basqın edərək onu zəbt etməyə cəhd göstərən bir terrorçusunuzmu?" - videoformatda keçirilən görüş vaxtı çıxış edən Türkiyə lideri deyib.
"LGBT, elə bir şey yoxdur. Bu ölkə milli, mənəviyyatlıdır və bu dəyərlərlə gələcəyə doğru addımlayır", Prezident Erdoğan çıxışında bildirib.

Şəklin mənbəyi, EPA
Erdoğan deyib ki, "Bizim gəncimiz ... Boğaziçi kimi, ya LGBT-çi, onun-bunun kimi deyil, polisinə hücum edən biri deyil, əksinə, bütün polislərlə birgə, əl-ələ, dimdik yoluna davam edən bir gənclikdir."
Yanvarın sonunda Boğaziçi Universitetindəki bir tədbir vaxtı üzərində müqəddəs İslam məkanı və LGBT rəmzləri əks olunduğu deyilən bir rəsmin sərgilənməsindən sonra iki tələbə saxlanılıb.
Həftənin əvvəlində İstanbulda polis tərəfindən saxlanılan tələbələrə dəstək aksiyası vaxtı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verib. Nümayişçilərə qarşı rezin güllələr və gözyaşardıcı qazdan istifadə olunub.
Bazar ertəsi və ötən gün keçirilən aksiya vaxtı 200-dən çox etirazçı saxlanılıb.

Şəklin mənbəyi, Getty Images
Bundan əvvəl polis Universitet şəhərciyinin əsas girişində əraziyə daxil olmaq istəyənlərin vəsiqələrini yoxlayıb. Kürd təmayüllü Xalq Demokratik Partiyasından (HDP) olan bir neçə millət vəkili də daxil olmaqla, bəziləri içəri buraxılmayıb.
Müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlu, yaranmış vəziyyətə son qoymaq üçün cənab Bulu-nu istefaya çıxmağa səsləyib.
Lakin nüfuzlu MHP partiyasının lideri belə təşəbbüsə qarşı çıxıb: "Hörmətli rektor heç vaxt istefa etməməlidir. Əks təqdirdə, universitetlər tamamilə idarəolunmaz hala gələcək",- Devlet Bahçeli deyib.
Boğaziçi Universitetinə rektor təyin edilən Melih Bulu "istefa barədə düşünmədiyini" deyib.
Daxili İşlər Naziri hadisələrə görə LGBT üzvlərinin məsuliyyət daşıdığını bildirir. Twitterdə Süleyman Soylunun istifadə etdiyi ifadələr "nifrət davranışına dair" qaydaların pozulması kimi tanınaraq "gizlədilən" mesaj xəbərdarlığiyla müşayiət olunub.
Prezidentın mətbuat xidmətinin rəhbəri Fahrettin Altun, etirazçıların "küçələrdə qarışıqlıq" və "çevrilişə çağırışlar" etdiyini bildirib.
Prezident Recep Tayyip Erdoğan Prof. Dr. Melih Bulu-nun Boğaziçi Universitetinə rektor təyin edilməsi barədə qərarı yanvarın əvvəlində imzalayıb.
Qazax rayonu istiqamətində atəş barədə məlumatlar

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Qazax rayonu istiqamətində atəş açılması barədə məlumatları təkzib edib.
Azərbaycan Dövlət Sərhədi Xidməti çərşənbə axşamı günü Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qazax rayonu istiqamətində "atəşkəsi pozduğunu" açıqlayıb.
DSX-nın məlumatında deyilirdi ki, fevralın 2-də saat 5 radələrində Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru "pulemyot silahdan 20 dəfə atəş açıb".
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın məlumatlarını təkzib edib.
"Belə bir şey olmayıb, bu, tam yalandır", - Armenpress informasiya agentliyi Ermənistan Müdafiə Nazirliyinin cavabından sitat gətirib.

Şəklin mənbəyi, gov.am
Ermənistanda Təhlükəsizlik Şurasının iclası keçirilib
Ermənistan Baş naziri Nikol Paşinyan çərşənbə axşamı günü Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib.
"İclasda Ermənistan və Dağlıq Qarabağ ətrafında vəziyyət, humanitar problemlər və bir sıra təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub", - Ermənistan Nazirlər Kabineti mətbuat xidmətinin məlumatında deyilir.

Şəklin mənbəyi, President.az
Azərbaycanda növbəti onillik üçün 5 Milli Prioritet açıqlanıb
Azərbaycanda növbəti onillikdə sosial-iqtisadi inkişafa dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur.
Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı günü "2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama görə, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:
1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
Sərəncamda deyilir ki, ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalı, yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşması təmin olunmalıdır.
Bundan başqa, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni hərəkətverici qüvvələrin tapılması, qeyri-neft iqtisadiyatının inkişaf etdirilməsi də prioritet olaraq göstərilib.
Görüləcək işlər arasında məhkəmə-hüquq sistemində şəffaflığın artırılması, haqsız rəqabətin qarşısı alınması, xarici investorların cəlb olunması, kölgə iqtisadiyyatının minimuma endirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi kimi hədəflər də qeyd olunub.
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
Sənəddə deyilir ki, hər bir vətəndaş öz həyatında "davamlı və yüksək iqtisadi artımı" hiss etməlidir. Bunun üçün də, insanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı "bərabər və ədalətli" olmalıdır.
Prioritetlər arasında aşağıgəlirli təbəqənin, əlilliyi olan şəxslərin sosial təminatı məsələləri də yer alıb.
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
Sərəncamda deyilir ki, strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan "ömürboyu təhsil"ə xüsusi önəm verilməlidir.
Bundan başqa, erkən və məktəbəqədər təhsilin "əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir".
Prioritetlər arasında "vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzinin təmin olunması" da yer alıb.
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
Sənəddə bildirilir ki, işğaldan azad edilən ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı və həmin ərazilərin inteqrasiyası təmin edilməlidir.
Bunun üçün regionda əhalinin "dayanıqlı məskunlaşması" və ərazinin iqtisadi inkişafı görüləcək işlər arasında qeyd olunub.
5. təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi.
Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir, sərəncamda deyilir.
Prioritetlər arasında təbii resurslardan səmərəli istifadə, ekoloji problemlərin kompleks həlli, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması qeyd olunur.
"Qeyd olunan Milli Prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir," sərəncamda deyilir.

Şəklin mənbəyi, President.az
İlham Əliyev MHP-nin sədr müavini ilə "Şuşada tikiləcək məktəbdən" danışıb
Prezident İlham Əliyev çərşənbə axşamı günü Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.
President.az saytı yazır ki, İlham Əliyev Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəkdən, Türkiyə Prezidenti Recep Tayyib Erdoğanın və Milliyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçelinin açıqlamalarından danışıb.
Məlumatda deyilir ki, cənab Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında "mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı" təşəbbüs barədə Prezidentə məlumat verib.
O, bu barədə Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü açıqlayıb.
Prezidentin mətbuat xidməti bildirir ki, İlham Əliyev məktəb tikintisi ilə bağlı təşəbbüsün azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində "nəzərə alınacağını", "məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini" bildirib.
MHP lideri Devlet Bahçeli Şuşada "Üzeyir Hacıbəyli məktəbi" inşa etmək barədə təşəbbüs irəli sürmüşdü.

Şəklin mənbəyi, CHRISTIAN MIRANDA/AFP/Getty Images
Azərbaycan və Türkiyədə zəlzələ olub
Bazar ertəsi günü gecə saatlarında Türkiyənin İzmir şəhərinin Karaburun bölgəsində zəlzələ olub, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Qurum təbii fəlakətin yerli vaxtla saat 23:46-da 4,8 bal gücündə qeydə alındığını bildirib.
AFAD həmçinin Kayserinin Sarığoğlan bölgəsində gecə saatlarında 4,6 bal gücündə zəlzələnin qeydə alındığını bildirib.
Hələlik hər hansı tələfatın olmadığı, bəzi binalara ziyan dəydiyi bildirilir.
Bazar ertəsi günü Azərbaycanın Şamaxı rayonu ərazisində də zəlzələ baş verib, Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Qurum zəlzələnin yerli vaxtla saat 20:13-də Pirqulu stansiyasından 2 km qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alındığını açıqlayıb. Zəlzələnin Şamaxı rayonunda 3 bala qədər hiss olunduğu bildirilir.





























