Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri yaradılıb

İlham Əliyev Prezidentin xüsusi nümayəndəsi

Şəklin mənbəyi, President.az

Çap edildi

İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri yaradılıb, Hirkan Milli Parkında bir neçə gün davam edən yanğın söndürülüb, İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib ki, "Qarabağın bərpasında İran şirkətləri də iştirak etməyə hazırdır", Rusiya Müdafiə Nazirliyi indiyədək 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.

Bu, Prezident İlham Əliyevin "Azərbaycan Prezidentinin xüsusi nümayəndələri haqqında" Fərmanı imzalaması ilə mümkün olub.

"Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinə ölkə başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər," - Fərmanda deyilir.

Fərmanla müəyyən edilib ki, xüsusi nümayəndə müəyyən ərazi hüdudlarında Prezidenti təmsil edən vəzifəli şəxsdir və Prezidentin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

Fərmana əsasən, Prezident Administrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Hirkan Milli Parkında "təqribən 100 hektar sahə yanıb"

Hirkan Milli Parkı

Şəklin mənbəyi, AZƏRTAC

"Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən söndürülüb. İlkin hesablamalara görə, təqribən, 100 hektar sahədə quru ağac, kol-kos və xəzəl yanıb", FHN açıqlayıb.

Qurum bazar ertəsi günü bildirmişdi ki, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır.

"Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir. Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, 2 texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, 2 texnika, Xüsusi Riskli Xilastemə Xidmətindən 31 nəfər şəxsi heyət, 2 texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, 2 texnika, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub", FHN-in məlumatında bildirilib.

Qurum həmçinin yanğının söndürülməsinə Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsinin də cəlb edildiyini açıqlamışdı.

Yanvarın 11-də Hirkan Milli Parkı yaxınlığında Astaranın Alaşa kəndi ətrafında başlamış və gün ərzində davam etmiş yanğın daha sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən "söndürüldüyü" açıqlanmışdı.

Bir neçə gün sonra FHN Hirkan Milli Parkında yanğınların yenidən davam etdiyini və qarşısının alınması üçün tədbirlər görüldüyünü bildirmişdi.

Lakin ötən müddət ərzində aidiyyatı dövlət qurumları yağının səbəbləri barədə məlumat açıqlamayıb.

Iran şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyir

Mahmud Vaezi Şahin Mustafayev Azərbaycan Irah Tehran Bakı siyasət Mahmoud Vaezi Dağlıq Qarabağ Qarabağ savaş münaqişə Ermənistan ermənilər azərbaycanlılar

Şəklin mənbəyi, AZƏRTAC

İran rəsmisi Mahmud Vaezi deyib ki, İran şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdı.

İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezinin Tehranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə vurğulanıb ki, Qarabağın işğaldan azad edilməsindən sonra regionda yaranan yeni imkanlar region dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələr qurması üçün geniş imkanlar meydana çıxarıb.

Azərtac xəbər verir ki, bu görüşdə Mahmud Vaezi İranın "hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını" və Azərbaycan rayonlarının "işğaldan azad olmasının sevindirici olduğunu" deyib.

Görüşdə Bakı-Naxçıvan dəmir yolunun yenidən qurularaq istismara verilməsinin Rusiya, Azərbaycan, İran, Türkiyə və Ermənistanın bir-biriləri ilə iqtisadi-ticarət əlaqələri yaratmasına imkanı verəcəyindən bəhs edilib.

İran və Azərbaycan rəsmiləri nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq əlaqələrinin qurulacağını vurğulayıblar.

50 min erməni qaçqın Qarabağa qayıdıb

Ria Novosti Dağlıq Qarabağ ermənilər Azərbaycanlılar Xankəndi şəkillərdə Stepanakert rusiya

Şəklin mənbəyi, Ria Novosti

Rusiya Müdafiə Nazirliyi indiyədək 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb.

Qurumun məlumatına görə, "ötən sutka ərzində daha 175 qaçqın daimi yaşayış yerinə qayıdıb".

"Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları vətəndaşların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, humanitar yardım göstərir və mülki infrastrukturu bərpa edir. Vəziyyətin gecə-gündüz monitorinqi və 27 müşahidə məntəqəsində atəşkəs rejiminə əməl olunmasına nəzarət aparılır," Nazirliyin məlumatında bildirilir.

Azərbaycan, Ermənistan arasında İkinci Qarabağ Müharibəsi sentyabrın 27 də başlayıb və 44 gün davam edib.

Noyabrın 10-da hər iki ölkə lideri və Rusiya Prezidenti Vladimur Putinin iştirakı ilə döyüşlərin dayandırılması üçün üçtərəfli birgə bəyanat imzalanıb. Bəyanata əsasən, Qarabağa Rusiya sülhməramlısı yerləşib.