Ali məktəblərə qəbul: Karantinə görə müsabiqə şərtləri dəyişdiriləcəkmi? İmtahan sualları çətindirmi?

bu gün Azərbaycanda buraxılış imtahanları keçirilir

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanları ilə bağlı müsabiqə şərtlərinin yumşaldılmasına dair qərar verilməsinin "səlahiyyətlərində olmadığını" deyib.

"Müsabiqə şərtləri bu il də Təhsil Nazirliyi ilə birgə müzakirə olunub və imtahanlardan öncə ictimaiyyətə təqdim olunub və hüquqi cəhətdən bu şərtlərin dəyişdirilməsi DİM-in səlahiyyətlərində deyil", çərşənbə axşamı günü DİM-in yaydığı açıqlamada deyilir.

Bundan əvvəl Ombudsman Səbinə Əliyeva bir qrup abituriyentin müraciəti əsasında DİM rəhbərliyindən xahiş edib ki, koronavirus epidemiyasına qarşı görülən tədbirlərin normal həyat şərtlərini dəyişməsini nəzərə alsınlar və "müsabiqə şərtlərini yumşaltsınlar".

Ombudsmana müraciət edənlər məktəblərin bağlanması, qrup halında məşğələlərin məhdudlaşdırılması, internetə fasiləsiz çıxışın olmamasına görə onlayn dərslərə qoşulmadakı problemlər, imtahan vaxtlarının dəyişdirilməsinin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğunu qeyd ediblər.

DİM saytında yayılan məlumatda deyilir ki, pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri minimuma endirmək üçün bir sıra tədbirlər həyata keçirilib.

bu gün təhsil

Şəklin mənbəyi, Getty Images

Məlumatda, həmçinin deyilir ki, pandemiyanın təsirini azaltmaq üçün Təhsil Nazirliyi ilə birgə 2020-ci il qəbul proqramı, imtahanın məzmunu və imtahan suallarının təqdim edilmə forması daha da sadələşdirib.

"...Tədrisi 2020-ci ilin mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qəbul imtahanı proqramından qeyd edilən dövrə aid mövzular çıxarıldı və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmadı," DİM-in yaydığı rəsmi məlumatda deyilir.

Məlumata əsasən, bundan əlavə, imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50 faiz azaldılıb.

İmtahan sualları çətindirmi?

Məleykə Abbaszadə qəbul imtahanlarının orta məktəbin proqramına nisbətdə daha çətin olduğu barədə bəzi valideynlərin izhar etdiyi fikirlərlə razılaşmayıb.

Onun sözlərinə görə, ümumi statistikanı götürüb, nəticələri müqayisə edəndə sualların auditoriyanın bilik səviyyəsinə tam adekvat olduğunu görmək olar.

"Nə dərəcədə çətin ola bilər ki, bu proqram çərçivəsində olan suallardır, - BBC News Azərbaycancanın sualını cavablandıran rəsmi bildirib. - Hansısa valideynlərin bu fikri ilə razılaşa bilmərəm, çünki hər bir uşağın hazırlıq səviyyəsi müxtəlif olur".

DİM rəhbərinə əsasən, suallar proqramda olan mövzulardan təklif olunur və buradan model suallar hələ ilin əvvəlində təqdim edilib.

"Çünki imtahanın çətinlik səviyyəsi onun auditoriyanın bilik səviyyəsinə uyğunluğu statistik metodlarla araşdırılır. Sübut olunur. Biz bu araşdırmaları hər il aparırıq və ictimaiyyətə təqdim edirik, bu ilin də araşdırmaları ictimaiyyətə təqdim olunacaq".

DİM-in məlumatına görə, müsabiqə vəziyyəti bir neçə amilə əsasən formalaşır: Buraya Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerləri, müsabiqədə iştirak edəcək abituriyentlərin sayı və onların topladıqları ballar daxildir.

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi sentyabrın 10-dan 20-dək internet vasitəsilə aparılacaq.