Əli İnsanovun köməkçisi saxlanılıb, Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxıb

Rəşad Abbaslı

Şəklin mənbəyi, Facebook

Şəklin alt yazısı, Rəşad Abbaslı
Çap edildi

Haqq Ədəlat Partiyasının (HƏP) İdarə heyətinin üzvü, partiya sədrinin köməkcisi Rəşad Abbaslı şənbə günü 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Saxlanılan andan onun mobil telefonu söndürülüb.

Haqq Ədəlat Partiyasının sədri sabiq səhiyyə naziri Əli İnsanovdur.

Əli İnsanovun Facebook səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, Haqq Ədəlat Partiyasının İdarə heyətinin üzvü, partiya sədrinin köməkcisi Rəşad Abbaslı şənbə günü HƏP sədri akademik Əli İnsanovla saat 16:00 radələrində əvvəlcədən danışılmış görüşə gəlmək məqsədiylə 14:30-da yaşadığı evdən çıxsada, onunla 14:30-dan rabitə əlaqəsi kəsilib.

"Şəxsi mobil telefonu bizə məlum olmayan səbəbdən söndürülmüş və onunla əlaqə yaratmaq birdaha mümkün olmamışdır. Hal-hazırda Rəşad Abbaslının harda olması bizlərə məlum deyil", - məlumatda deyilib.

Partiya bildirib ki, Abbaslının harada olması barədə nə onun ailəsinə, nə də Haqq Ədalət Partiyasına hər hansı məlumat verilməyib.

"Rəşad Abbaslının valideynləri yaşadığı ərazidəki Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində olub. Polis Abbaslını itkin düşmüş şəxs kimi qeydə alıb," - Haqq Ədalət Partiyasından deyiblər.

Rəsmi qurumlar Rəşad Abbaslı ilə bağlı məlumat yaymayıb.

Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxıb

İlham Əliyev

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı, Keçmiş millət vəkili İlham Əliyev

Sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayev azadlığa buraxılıblar.

Məlumatlara görə, bazar gün həmin şəxslərin inzibati həbs cəzasının vaxtı başa çatıb və onlar azadlığa çıxıblar.

AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni olan İlham Əliyev jurnalistlərə açıqlama verərkən prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qarşısında, cəmiyyət qarşısında üzr istədiyini söyləyib: "Mümkündürsə, məni bağışlasınlar".

"Müstəqillik dövründə ulu öndərimiz Azərbaycana rəhbərlik edəndə Ramiz Mehdiyev ona sədaqətlə xidmət edib", - deyən keçmiş deputat İlham Əliyev qeyd edib ki, "Ramiz Mehdiyevin sadiqliyi aksiomadır".

İlham Əliyev Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy edib. Avqustun 22-də o, inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək Abşeron rayon məhkəməsinin qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bundan başqa, onun qudası Rövşən Mustafayev də onunla eyni gündə15 sutka müddətinə inzibati qaydada həbs olunub.