Bu gündən SMS icazə ləğv olunur, bəzi qadağalar aradan qaldırılır

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images
Çərşənbə günü səhər saat 06:00-dan küçəyə çıxmaq üçün alınan SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı belədir.
Qurumun qərarına əsasən, karantin səbəbi ilə qadağan edilmiş çimərliklərdən istifadə sərbəstdir.
Azərbaycanda 13 şəhər və rayonda sərtləşdirilmiş karantin rejimi 31 avqustadək uzadılıb.
COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayon və şəhərlərində sərtləşdirilmiş xüsusi karantin rejiminin 31 avqust gecəyarısınadək tətbiqi davam etdirilir.
Azərbaycanda martın 24-dən tətbiq olunan karantin rejimi aprelin 27-dən yumşaldılmağa başladılıb. Mayın 4-dən bu rejim bir qədər də yumşaldılsa da daha sonra iyun ayından etibarən ölkədə sərt karantin rejimi çərçivəsində həftəsonları ev təcridi tətbiq olunub.
Həftəsonları ictimai nəqliyyat işləməyəcək
Ölkədə xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dən 31-dək həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti
8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;
15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;
22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;
29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək məhdudlaşdırılır.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonun nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və Mall-ların fəaliyyətinə qoyulmuş məhdudiyyətlər qüvvədə qalır.
Bundan başqa, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla), açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması qüvvədə qalır.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır.
Toy, nişan, ad günləri, yas mərasimlərinin keçirilməsi qadağandır
Avqustun 31-i gecəyarısınadək ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla), xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) kimi məhdudiyyətlər qalmaqda davam edir.
ASAN Xidmət və "DOST" xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağası qüvvədə qalır.
İri ticarət mərkəzlərinin və "Mall"arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması, əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması, idman, sağlamlıq-bərpa (tibbi xidmətlər istisna olmaqla) üzrə xidmətlərin dayandırılması, mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması qadağası qüvvədədir.
Bundan başqa, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi, toy məclislərinin təşkili, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla) qadağandır.
Həmçinin, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda toplaşması, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsi, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə, tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti, massaj və hamam xidmətlərinin göstərilməsi də qadağalar siyahısındadır.
Azərbaycan koronavirusa ilk yoluxma faktı fevralın 28-də qeydə alınıb.
İndiyədək ölkədə 32 mindən çox şəxs bu virusa yoluxub. 470-dən çox şəxs vəfat edib.
Azərbaycanda ilk koronavirusa yoluxma halı fevralın 28-də başlayıb.


























