Elmar Məmmədyarov vəzifəsindən azad olunub, onun yerinə Ceyhun Bayramov təyin olunub

Şəklin mənbəyi, Resul Rehimov/Anadolu Agency/Getty Images
Cümə axşamı günü Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad olunub.
Bu barədə Prezident İlham Əliyev sərəncam verib.
Prezidentin digər sərəncamı ilə bu vəzifəyə Ceyhun Bayramov təyin olunub. Ceyhun Bayramov bundan əvvəl təhsil naziri olub
Elmar Məmmədyarov kimdir?
Elmar Məmmədyarov 2 iyul 1960-cı ildə Bakıda anadan olub.
1977-1982-ci illərdə Kiyev Dövlət Universitetində Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsi üzrə təhsil alıb.
1982-1988-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyində II və I katib vəzifələrində çalışıb.
1988-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında tarix elmləri namizədi olub.
1989-1990-ci illərdə ABŞ-ın Brown Universitetinin Xarici siyasətin planlaşdırılması mərkəzində çalışıb.
1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət Protokolu şöbəsinin müdiri vəzifəsində işləyib.
1992-1995-ci illərdə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyində I katib vəzifəsini icra edib.
1995-1998-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsinin rəisi olub.
1998-2003-cü illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində müşavir olub.
2003-2004-cü illərdə Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsini icra edib.
2004-2020-ci illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb.


























