Bakının bəzi yerlərində dünən gecə yayılan pis iyin səbəbləri açıqlanıb. Azərbaycan daha on modul tipli xəstəxana tikəcək. BMT-dən heyvanlardan keçən xəstəliklərlə bağlı xəbərdarlıq

Azərbaycanda koronavirusla mübarizə tədbirləri nəticəsində daha on modul tipli xəstəxana inşa ediləcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının bəzi ərazilərində yayılan pis iylə bağlı araşdırmalara davam edir, BMT mütəxəssisləri heyvanlardan keçən xəstəliklərlə bağlı xəbərdalıq ediblər - bu və digər xəbərlər BBC News Azərbaycanın icmalında.
Bazar ertəsi axşam Bakını bürümüş pis iyin mənbəyi haradır?
Dünən axşam Bakının bəzi rayonlarında havadan gələn pis qoxunun mənbəyi məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin yayılmış qoxudan götürülən nümunə yaşılımtıl rəngli və bataqlıq qoxuludur.
Nazirlik kəskin iyin Boyük Şor gölündən yayıldığını bildirir.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyevdeyib ki, Sobsan fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur.
O, bununla bağlı araşdırmaların davam etdiyini qeyd edib.

Şəklin mənbəyi, President.az
Azərbaycan daha on modul tipli xəstəxana tikəcək
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi günü Bakıda koronovirusdan müalicə məqsədiylə tikilən modul tipli xəstəxanının açılışında deyib ki, ölkədə "əlavə xəstəxanalara ehtiyac olacaq".
"Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq,"- İlham Əliyev deyib.
Prezidentin saytının məlumatına görə, İlham Əliyev deyib ki, hazırda ölkənin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar.
Prezident onu da deyib ki, koronavirusdan müalicə alanların yerləşdirildiyi xəstəxanalardan 36-sı onun sərəncamıyla son müddət ərzində inşa edilib.
"Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq," - İlham Əliyev bildirib.
Bu ilin aprelində İlham Əliyev Azərbaycanda koronavirusla mübarizə üçün on modul tipli xəstəxananın tikilməsi barədə tapşırıq verib. Rəsmi məlumata görə, o xəstəxanalardan beşi artıq tikilib və istifadəyə verilib. Digər beş xəstəxananın tikintisi isə davam etdirilir.

Şəklin mənbəyi, Reuters
BMT mütəxəssisləri heyvandan insana keçən xəstəliklər barədə xəbərdarlıq edib
BMT mütəxəssisləri xəbərdarlıq edərək, heyvandan insana keçən xəstəliklərin artmaqda olduğunu və vəhşi təbiətin, ətraf mühitin qorunması üçün tədbirlər görülməsə bunun davam edəcəyini bildiriblər.
Onlar heyvan zülalına yüksək tələbatın, qeyri-sabit kənd təsərrüfatı təcrübələri və iqlim dəyişikliyi kimi amillərin Covid-19 kimi xəstəliklərin artmasına səbəb olduğunu bildiriblər.
Ebola, Qərbi Nil virusu və Sars kimi xəstəliklər heyvan mənşəli xəstəliklərdir: heyvanlarda başlayıb və sonradan insanlara keçib.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı və Beynəlxalq Heyvandarlıq Tədqiqatları İnstitutunun hesabatına əsasən, bu kimi xəstəliklərin keçməsinə səbəb torpaqların pozulması, vəhşi təbiətin istismarı, resurs hasilatı və iqlim dəyişikliyi kimi təbii mühitimizin deqradasiyasına gətirib çıxaran amillər rol oynayır.
BMT Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen deyib ki, "Son iki onillikdə və Covid-19-dan əvvəl heyvanlardan keçən xəstəliklər 100 milyard ABŞ dolları dəyərində iqtisadi ziyana səbəb olub".
Onun sözlərinə görə, hər il aşağı və orta gəlirli ölkələrdə iki milyon insan baxımsızlıqdan heyvanlardan yoluxan xəstəliklərdən ölür.
İnger Andersen deyib ki, son 50 ildə ət istehsalı 260 faiz artıb.



























