DİN: xüsusi karantin rejimində hovuzunu açan otellə bağlı "araşdırma aparılır"

Alov qüllələri

Şəklin mənbəyi, Vladimir Gerdo

Çap edildi

Bazar günü xüsusi karantin qaydalarını pozduğu iddia edilən otellə bağlı "araşdırma aparılır," Daxili İşlər Nazirliyi bildirir.

İyulun 5-də Bakının mərkəzində yerləşən otellərdən birində karantin qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilənlər olub.

Yerli media bu otelin Səbail rayonunda yerləşən, Alov Qüllələri kompleksinə daxil olan "Fairmont" olduğunu iddia edib.

Daxili İşlər Nazirliyinin şənbə günü yaydığı məlumatda otelin Səbail rayonunda yerləşdiyi göstərilib, amma hansı oteldən sohbət getdiyini və onunla bağlı hansı tədbirlər görüldüyünü açıqlamamamışdı.

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya otelin "Fairmont" olduğunu təsdiqləyib.

"Fairmont" yerli mediada bu məlumatı nə təsdiq, nə təkzib edib.

Şənbə günü sosial mediada Bakının mərkəzində yerləşən otellərin birinin hovuzunda istirahət edənlərin olması ilə bağlı foto və videolar paylaşılıb.

Fairmont oteli BBC News Azərbaycancanın sosial mediada yayılan görüntülərlə və polis reydi ilə bağlı suallarını hələ cavablandırmayıb.

Bakı da daxil, Azərbaycanın bəzi bölgələrində koronavirus epidemiyasına görə xüsusi karantin rejimi olduğundan istirahət məkanlarının fəaliyyətinə icazə verilmir.

otel

Şəklin mənbəyi, Sosial media

Şəklin alt yazısı, Sosial mediada yayılan video kadrlarda və fotolarda aralarında uşaqlar da olan onlarla adamın hovuzda üzdüyü və hovuz ətrafında günəşləndiyi görünür.

Sosial mediada nə yayılıb?

Sosial mediada yayılan video kadrlarda və fotolarda aralarında uşaqlar da olan onlarla adamın hovuzda üzdüyü və hovuz ətrafında günəşləndiyi görünür. Bu görüntülərin şənbə günü çəkildiyi iddia edilir.

Bu videogörüntülər və fotolar sosial mediada müzakirələrə və əsasən tənqidə səbəb olub. Bazar günü dövlət və özəl KİV-də yayılan digər videoda isə həmin istirahət mərkəzi olduğu iddia edilən oteldə polislər və çimərlik geyimində olan bəzi şəxslər görüntülənib.

Sosial mediada paylaşılan başqa videoda isə bir kişi "Fairmont"də olduğunu deyir və əlavə edir ki, "bağlandı bura da. "Fairmont" da bağlandı".

Yerli mediada xüsusi karantin rejiminə baxmayaraq, istirahət mərkəzini açan və müştəri qəbul edən otelin "Fairmont" olduğu iddia edilib.

"Fairmont" yerli mediada bu məlumatı nə təsdiq, nə təkzib edib.

Sosial mediada yayılan videoların bu otelə məxsus olub-olmadığı və polisin "Fairmont"da reyd keçirib-keçirməməsi ilə bağlı BBC News Azərbaycancanın sualına oteldən cavab verilməyib.

Bəzi sosial media istifadəçiləri iddia ediblər ki, "Fairmont" rəsmi İnstagram səhifəsində həftəsonu üçün 3 və 4 gecəlik istirahət paketləri paylaşılıb.

"İnstagram" səhifəsindən görünür ki, bununla bağlı ən son paylaşım iyunun 25-də olub.

"Fairmont"dan yalnız onu bildiriblər ki, otel öz fəaliyyətini davam etdirir, amma istirahət məkanları və restoranları bağlıdır.

polis, koronavirus, karantin, bu gün

Şəklin mənbəyi, Getty Images

DİN-in bazar günü yaydığı məlumatında deyilirdi?

Daxili İşlər Nazirliyi bazar günü onlarla şəxsin fotosunu yayaraq onların xüsusi karantin rejimini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb edildiyini açıqlayıb.

"Paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib", - DİN-in yaydığı məlumatda vurğulanıb.

Amma həmin məlumatında xüsusi karantin qadağalarını pozan otelin rəhbərliyi ilə bağlı hansı addım atıldığı barədə məlumat verilməyib. O cümlədən karantin qaydalarının pozan otelin adı da açıqlanmayıb.

Bazar ertəsi DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya otelin Fairmont olduğunu təsdiqləyib və deyib ki, məsələ "araşdırılır".