Karantin rejimində maska taxmaq məcburi hala gətilib, taxmayanlar azı 50 manat cərimələnir

Çap edildi

Karantin rejimində maska taxmaq məcburi hala gətilib, taxmayanlar azı 50 manat cərimə ediləcək.

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Dəyişiklərə görə karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcək.

Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Milli Məclis çərşənbə axşamı günü İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib.

BBC News Azərbaycancanın müxbiri Bakının 28 may metrosu ətrafında yerləşən bir neçə aptekə baş çəkib.

Apteklərinin bəzilərində müxbirimizə maskaların "iki-iki satıldığı", bəzilərində isə satışda maska olmadığı bildirilib.

Maska qıtlığını bəzi apteklər onunla əsaslandırıb ki, satışa "gündə bir qutudan artıq maska verilmir".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə BBC News Azərbaycancaya deyib ki, "ölkədə 10 milyondan artıq maska ehtiyatı var" və "apteklərdə maska qıtlığı ilə bağlı onda məlumat yoxdur".