190 manat üçün "müraciətlər bitdiyinə görə" qeydiyyat dayandırılıb

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca
  • Çap edildi

Bazar ertəsi günü Azərbaycanda hökumətin işsiz və işini koronavirusla mübarizə tədbirləri nəticəsində itirmiş şəxslər üçün nəzərdə tutduğu 190 manatlıq birdəfəlik yardımı almaq üçün onlayn qeydiyyat prosesi dayandırılıb.

Bu barədə BBC News Azərbaycancaya məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov qeydiyyatın dayandırılmasını "müraciətlərin bitməsilə" izah edib.

Bazar ertəsi günündən etibarən Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasına başlanıb.

Azərbaycanda işsizlər və koronavirusla mübarizə tədbirləri çərçivəsində işini itirmiş şəxslərə hökumətin verdiyi 190 manatlıq birdəfəlik yardımı almaq üçün qeydiyyat prosesi aprelin 7-də başlayıb. Ölkədə martın 24-dən xüsusi karantin rejiminin tətbiq edilməsi nəticəsində bir sıra fəaliyyət növləri dayandırılmışdı.

"Müraciətlər kifayət qədər olduğuna görə"

"Bu gündən xüsusi karantin rejiminin yumşalması və müvafiq sahələrin işə başlaması haqqında qərar qəbul edilib. Həmçinin də müraciətlərin axını son günlərdə kəskin şəkildə azaldığına görə, kifayət qədər işini itirmiş, aztəminatlı şəxslərin müraciətləri kifayət qədər olduğuna görə, elektron sistemdə müraciət axını dayandırılıb", - Fazil Talıbov BBC News Azərbaycancaya bildirib.

Qeyri-iş saatlarında və həftəsonları elektron qeydiyyatın (onlayn müraciətin) mümkünsüzlüyünün səbəbini isə cənab Talıbov "müraciətlərin emalı ilə məşğul olan işçilərin əmək hüquqlarının qorunması məqsədli" olduğunu bildirir.

"Müraciətlər daxil olduqdan sonra onların emalı prosesi fiziki olaraq işçilər tərəfindən həyata keçirilir. Onlar 22 elektron informasiya sistemi üzərindən araşdırma aparırlar. Yəni, bütün bu iş yükü işçinin üzərində olduğuna görə, həmin işçinin də əmək hüquqlarını qorumalıyıq. Onların da müraciətlərin araşdırılması istiqamətindəki işini tənzimləməliyik. Bu baxımdan da müraciətlər konkret iş saatlarında təyin edilmişdir. Burada qeyri-adi bir şey yoxdur. Səhər 9-dan axşam 6-dək vətəndaşın kifayət qədər vaxtı var idi və onlar qeydiyyatdan keçə bilərdilər".

"Pay torpağım yoxdur" deyənlər

Sosial mediada bir sıra vətəndaşlar 4.1.3 maddəsi ilə yəni, şəxsin adına pay torpağının olması maddəsilə onlara imtina SMS-i gəldiyini bildirirlər. Həmin imtina SMS-lərinə gəlincə, Fazil Talıbov bu imtinaların "havadan-sudan verilmədiyini" söyləyib.

"Bu cavablar informasiya sistemi üzərindən aparılmış araşdırmaların nəticəsinə uyğun olaraq verilib. Demək ki, həmin vətəndaşın adına sistemdə pay torpağı göründüyünə görə ona imtina verilib".

Cənab Talıbov adında pay torpağı görünən, əslində isə pay torpağı olmayan vətəndaşların şikayət edə biləcəklərini bildirir. O əlavə edir ki, bu şikayətlər "ani vaxt rejimində" araşdırılır.

Bəs, ehtiyacı olub, qeydiyyatdan keçə bilməyənlər nə edəcəklər?

Aztəminatlı şəxslərin bundan sonra sosial vəziyyətinin yaxşılaşdırılmasına gəlincə, qurum rəsmisi işsiz qalmış şəxslərlə bağlı "bir sıra sosial dəstək tədbirlərinin olduğunu" deyir.

"Məsələn, işsiz vətəndaşlara ödənişli ictimai iş yerləri təklif olunur. Bu, çox ciddi layihədir. Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu iş yerlərinin sayı 90 minə çatdırılacaq. Hazırda isə 55 min vətəndaşımız əmək müqaviləsi ilə - rəsmi maaşla bu işlərdə çalışır. Həmçinin iş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi istiqamətində işlər aparılır.

Digər bir məsələ isə ilin sonunadək minimum 12 min ailə üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar qurulacağıdır.

Gəlirləri ehtiyac meyarından aşağı olan ailələr varsa, ünvanlı sosial yardım proqramından yararlana bilərlər. Təkcə aprel ayında 12 min ailəyə (50 min ailə üzvü) ünvanlı yardım müəyyən olunub. Bununla da bu yardımı alan ailələrin sayı 82 minə çatıb, bu isə 340 mindən çox ailə üzvü deməkdir", qurum rəsmisi bildirib.

ƏƏSMN sözçüsü Fazil Talıbov "aztəminatlı ailələrə sosial dəstəyin bundan sonra da davam etdiriləcəyini, işsiz şəxslərin, aztəminatlıların gəlirlərinin formalaşması istiqamətində təkliflərin olduğunu və bundan sonra da olacağını" bildirib.

ƏƏSMN bildirir ki, Azərbaycan dövlət başçısının cari ilin martın 19-da verdiyi sərəncamla "birdəfəlik ödəmə proqramı tətbiq olunub. Daha sonra əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb. Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq".

Azərbaycanda martın 24-dən elan edilmiş xüsusi karantin rejimi çərçivəsində aprelin 5-dən ölkədə hərəkət məhdudiyyəti və küçəyə çıxmaq üçün SMS icazə tətbiq edilib. Xüsusi karantin rejiminin aprelin 20-də başa çatması nəzərdə tutulsa da, bu müddət sonradan mayın 4-nə kimi uzadılıb.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Ölkədə indiyədək 1500-dən çox koronavirusa yoluxma faktı aşkarlanıb, virusdan 21 nəfər vəfat edib.