Azərbaycanda gediş-gəliş dayandırıldı

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Bu gecədən başlayaraq Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən ölkədə yerli hava uçuşları tam şəkildə dayandırılır. Bu, aprelin 20-nədək qüvvədə olacaq.
Azərbaycanda koronavirus pandemiyasına qarşı martın 24-dən karantin elan edilib.
Hazırda ölkədə koronavurusa yoluxanların sayı 500-ə yaxınlaşıb və 5 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, aprelin 5-dən yükdaşımalar istisna olmaqla, bütün ölkə ərazisinə giriş-çıxış dayandırılır.
Qurum bu məhdudiyyəti koronovirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması və bu yöndə işlər aparılması, o cümlədən karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi ilə izah edir.
Nazirlər Kabineti xarici ölkələrdə olan və vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarını olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, səfərlərdən çəkinməyə çağırır.

Azərbaycan martın ortalarından başlayaraq sərhəd ölkələri ilə hava və quru nəqliyyat yollarını bağlamış, xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarının bəzilərini çarter reyslərlə və avtobuslarla ölkəyə gətirmişdi.
Amma hələ də xarici ölkələrdə geriyə qayıtmağı gözləyən yüzlərlə Azərbaycan vətəndaşı var.
Nazirlər Kabineti gediş-gəlişin dayandırıldığı bu müddət ərzində xarici ölkələrdə qayıtmağı gözləyən Azərbaycan vətəndaşlarını gətirmək üçün çarter reyslərin göndərilib-göndərilməyəcəyinə aydınlıq gətirməyib.



























