Azərbaycanda koronavirusla bağlı status yazanlar polisə çağrılıb

Bakı bu gün koronavirus

Şəklin mənbəyi, Aziz Karimov/Getty

Çap edildi

Azəbaycanda koronavirusla bağlı sosial mediada müəyyən postlar paylaşan bir neçə ictimai fəal və jurnalist polisə çağrılıb.

Daxili İşlər Nazirliyi deyir ki, bəzi şəxsləri "koronavirus infeksiyası ilə bağlı dezinformasiya yaydığına görə" polisə çağrılıb və onlar "xəbərdarlıq edilikdən sonra sərbəst buraxılıblar".

Jurnalist Əminə Məmmədova martın 12-də Facebookda "dostunun yazdığı statusu paylaşdığına görə" polisə ifadə verməli olub.

Bu statusda qeyd edilir ki, "koronavirusa görə Azərbaycanda bir neçə nəfər ölüb və karantindən çıxmaq üçün 200 dollar pul vermək olar".

Azərbaycanda ilk koronavirus halı fevralın 28-də təsdiqlənib. Bu günə qədər 76 nəfər aktiv koronavirus müalicəsi alan şəxsin olduğu, bir nəfərin öldüyü, 11 nəfərin sağaldığı deyilir.

"Rəis dedi ki, etdiyin cinayətdir"

Əminə Məmmədova martın 24-də səhər saatlarında sahə rəisi vasitəsiə polis bölməsinə çağrıldığını deyir.

Onun sözlərinə görə, bölmə rəisi jurnalistlə profilaktik söhbət aparıb və ona xəbərdarlıq edilib.

"Rəis dedi ki, etdiyin cinayətdir. Qanunvericiliyi oxudu və 500 manatdan 5000 manata qədər cərimə və inzibati həbs nəzərdə tutulduğunu dedi. İzahat yazdım. Statusla bağlı xəbərdarlıq edildi və deyildi ki, bir də olsa inzibati qaydada həbs edilə bilərəm," - Əminə Məmmədova deyir.

Jurnalist əlavə edir ki, ona bu statusla polisə böhtan atdığı da deyilib, çünki karantin şəraitinə polislər nəzarət edir.

O, Facebookda paylaşdığı postu silib. Əminə Məmmədovanın sosial media hesabında yazılıb ki, "əvvəlki statusu təsdiqlənməmiş olduğu üçün silib və dezinformasiyaya görə üzr istəyir".

Əminə Məmmədova "ictimai üzrxahlığı ondan polisdə istənildiyini" deyir.

O dörd saatdan çox bölmədə qaldıqdan sonra sərbəst buraxılıb. Amma ondan paylaşdığı statusun əsas müəllifini gətirməsini istəyiblər. Dostu da bölməyə gəlib və sərbəst buraxılıb, Əminə Məmmədova BBC News Azərbaycancaya bildirib.

"Koronavirusa görə təklif statusunu polis sildirib"

Bundan başqa Rəhim Xoyski adlı Facebook istifadəçisi də martın 24-də polisə çağrılıb.

O deyir ki, sosial şəbəkədə koronavirusla bağlı təkliflər yazıb. Bölmədə isə bu statusunu silməsini istəyiblər.

Bu postda o, fövqəladə vəziyyət dövründə vətəndaşların borc və kreditlərinin dondurulması, kommunal xidmətlərin limitlərə qədər ödənişsiz olmasını, gəlirlərini itirən vətəndaşlara yaşayış minimumunun ödənilməsi, sahibkarlardan alınan vergilərin dondurulması təkliflərini verib.

O, xəbərdarlıq edilərək sərbəst buraxıldığını deyir.

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov BBC News Azərbaycancaya bildirib ki, bəzi sosial media fəalları sosial şəbəkələrdə yaydığı postlara görə polis bölmələrinə dəvət olunub.

O bildirir ki, bu, xüsusi karantin rejiminin tələblərindən biridir.

Koronavirus infeksiyası ilə bağlı əhali arasında dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısı alınmalıdır. Belə məlumat yayanlar dəvət edilir, onlara xəbərdarlıq edilir, izahedici, maarifləndirici söhbət aparılır. Bir daha onların diqqətinə çatdırılır. Belə şey olmaz. Əhali arasında dezinformasiya xarakterli məlumat yayılması yolverilməzdir," - Ehsan Zahidov deyib.

DİN bu günə qədər neçə nəfərin polis bölməsinə çağrılması ilə bağlı statistika aparmayıb, qurumun sözçüsü əlavə edib.

Ehsan Zahidov deyib ki, vətəndaşlar koronavirusla bağlı təklif yazmamalıdırlar, çünki bu təkliflər Nazirlə Kabinetinin yanında Operativ Qərargahda hazırlanır.

"Təklifə ehtiyac yoxdur, vətəndaş dövlətin qərarlarına riayət etməlidir", o deyib.

Bundan əvvəl Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov koronavirusla əlaqədar şayiə yayanlarla bağlı danışıb və onlara xəbərdarlıq edib.

"Belə informasiyaların yayılmasını həyata keçirən KİV-lər, o cümlədən sosial şəbəkə istifadəçilərinə bir daha xəbərdar edirik ki, gələcəkdə bu qəbildən olan qanunazidd hərəkətlərini davam etdirəcəkləri təqdirdə, barələrində cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi qanunamüvafiq tədbirlər görüləcək.

Baş prokurorluq adını açıqlamadığı bir Bakı sakininin Facebookda yaydığı "koronavirus infeksiyasının guya respublika ərazisində geniş miqyasda yayılacağı" barədə statusuna görə xəbərdarlıq edildiyini açıqlayıb.