Azərbaycan: Bəzi dövlət qurumlarının işçiləri məzuniyyətə göndəriləcək

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Azərbaycanda bəzi dövlət qurumlarının əməkdaşları martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndəriləcək.
Nazirlər Kabineti yanında operativ qərargah bu qərarın vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə verildiyini qeyd edib.
Məlumatda qərarın müvəqqəti olduğu və vətəndaşların əməkhaqlarının tam şəkildə ödəniləcəyi bildirilir.
Qərarda dövlət qurumlarının adı açıqlanmır.
Bundan əvvəl sosial təcrid tədbirləri çərçivəsində martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. İlk dərs günü 20 apreldir.


Qərar koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə verilib.
Bundan əvvəl tədris martın 3-dən 9-na qədər Nazirlər Kabinetinin qərarı ilə dayandırılmış, Novruz bayramı ilə əlaqədar istirahət günləri ilə birgə tətil 29 marta qədər uzadılmışdı.
Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi var. Rəsmi qurumlara əsasən, indiyədək Azərbaycanda koronavirusdan 11 nəfər sağalıb, bir nəfər ölüb.
Azərbaycanda koronavirusa ilk yoluxma halı 28 fevralda qeydə alınıb.
Dünyada bu virusdan ölüm sayı 10 mini ötüb. Təsdiqlənmiş yoluxma hallarınn sayı 250 mindir. 80 min insanın bu xəstəlikdən sağaldığı deyilir.




























