İlham Əliyev: "Fövqəladə vəziyyət elan oluna bilər"

Şəklin mənbəyi, President.az
"...İstisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər", - İlham Əliyev cümə axşamı günü Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik edərkən koronavirusla bağlı hazırki vəziyyətdən də danışıb.
Prezident hazırda bu xəstəliyin "nəyə gətirib çıxaracağının bilinmədiyini", fövqəladə vəziyyətin elan olunmasının istisna olunmadığını deyib.
"Hər bir vətəndaş məsuliyyəti dərk etsin"
İlham Əliyev deyib ki, bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi "mümkün deyil".
Hər il 20-21 mart tarixlərində Novruz bayramı ilə əlaqədar İçərişəhərdə bayram şənlikləri keçirilirdi. Bu il bayram şənlikləri koronavirus epidemiyasına görə ləğv olunub.
Prezident Azərbaycan xalqının "bu vəziyyəti anladığına əmin olduğunu" vurğulayıb.
İlham Əliyev koronavirusla bağlı yaşlılara "xüsusi diqqət göstərilməli" olduğunu söyləyib.
"Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə də xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur".
"Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm..."
Prezident deyib ki, əsas məqsəd "bu xəstəliyin Azərbaycanda yayılmamasıdır", buna nail olmaq üçün isə, "təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil".
O xəstələrin də həkimlərə "böyük diqqətlə yanaşmasını" istəyib.
"Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir".
O əlavə edib: "Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək", - İlham Əliyev deyib.
10 laboratoriya açılıb
İlham Əliyev deyib ki, "qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb". Onun sözlərinə görə, bununla da laboratoriyaların sayı 10-a çatıb.
O, ehtiyac yaranarsa, əlavə laboratoriyaların alınacağını söyləyib.
Prezident hazırda Bakı və bölgələrdə 10 xəstəxananın xüsusi rejimdə işlədiyini bildirib.



























