Mirzə Xəzər bu gün dəfn edilib

Mirzə Xəzər vəfat edib

Şəklin mənbəyi, Mirzə Xəzər

Şəklin alt yazısı, Mirzə Xəzər vəfat edib
Çap edildi
Oxuma vaxtı: 2 dəq

Tanınmış jurnalist, "20 Yanvar" hadisələrini Azadlıq Radiosu vasitəsiylə ilə dünyaya çatdırmış Mirzə Xəzərin Almaniyanın Munich şəhərində dəfn mərasimi keçirilib. Azərbaycanlı mühacir Elman Mustafazadə bildirir ki, dəfn mərasimində Mirzə Xəzərin yaxınları iştirak edib.

Mirzə Xəzər

Şəklin mənbəyi, Elman Mustafazadə

Şəklin alt yazısı, Mirzə Xəzərin dəfn mərasimi, Almaniya

Azadlıq Radiosunun Azərbaycan xidmətinin keçmiş direktoru və hazırda "Настоящее Время" telekanalının baş redaktoru Kənan Kazımoğlu BBC News Azərbaycancaya deyib ki, Mirzə Xəzər yanvarın 31-də Almaniyanın Munich şəhərində vəfat edib.

Mirzə Xəzərin ailə dostu Billurə Sultanova BBC News Azərbaycancaya deyib ki, "o, ev şəraitində uzun sürən xəstəlikdən sonra vəfat edib".

"Mirzə Xəzərin bronxial astması var idi və bu xəstəlikdən uzun müddət müalicə alıb. On ilə yaxındır, xəstəxanada, evdə müalicə alıb", - Billurə Sultanova deyib.

Mirzə Xəzər 1947-ci ildə Göyçayda anadan olub.

Azadlıq Radiosunun Azərbaycan redaksiyasının 1987-2003-cü illərdə rəhbəri olmuş Mirzə Xəzər həm də 1990-cı il yanvarın 20-də Sovet ordusunun qırğını barədə dünyaya məlumat yayması ilə xatırlanır.

"Mirzə Xəzəri həmişə radioda dinləyirdik, amma mənim üçün ən təsirli 20 Yanvar hadisələri zamanı onu səhər saat beşdə olan efirdə dinləmək idi", - Azadlıq Radiosunun keçmiş rəhbəri (Mirzə Xəzərdən sonra) Kənan Kazımoğlu deyir.

"2011-ci ildə 20 Yanvar hadisələrinin ildönümü vaxtı Almaniyaya, Munich şəhərinə getdik, Mirzə Xəzərlə müsahibə etdik. O bizə həmin vaxt olan hadisələri danışdı", - Kənan Kazımoğlu əlavə edib.

Kənan Kazımoğlu bildirib ki, o, Azadlıq Radiosunda işləməyə başlayanda Mirzə Xəzərin səs yazılarını rəqəmsallaşdıraraq arxivləşdirib.

O, Azərbaycanda istiqlal muzeyinin yaradılması və Mirzə Xəzərin səslərinin o muzeydə saxlanmasını aruzlayır.

Cənab Kazımoğlunun fikrincə, Mirzə Xəzərin 20 yanvar vaxtı etdikləri tarix kitablarında əks olunmalıdır və bu, "tarixi hadisə" olub.

Mirzə Xəzər Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyətin qurulması uğrunda çalışan radiojurnalist və media rəhbəri kimi uzun illər fəaliyyət göstərib.

O, həm də Bibliyanı Azərbaycancaya tərcümə edib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı BBC News Azərbaycancaya deyib ki, Azərbaycan SSRİ-nin tərkibində olanda, "dünyada səsimiz eşidilməyəndə Azadlıq Radiosunda Mirzə Xəzərin səsi azərbaycanlıların haqq səsi kimi yayılırdı".

"Meydan hadisələri, Qarabağ məsələsi başlayandan sonra Azərbaycanın öz torpaqları uğrunda mübarizəsi, Ermənistanın işğalçılıq siyasətinə qarşı xalq hərəkatının güclənməsi o dövrdə Azadlıq Radiosu vasitəsiylə yayılırdı.

Mirzə Xəzər Azərbaycandan çıxmış bir insan kimi Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırırdı", - Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, 1990-cı illərdə Mirzə Xəzər ona tez-tez zəng edərək Azərbaycan, ölkədə gedən proseslər barədə ondan məlumat alıb, müsahibələr götürüb.

"Mirzə Xəzərin o illərdəki fəaliyyəti bəs edir ki, onun xatirəsi əziz tutulsun və güman edirəm ki, azad söz, haqq söz tərəfdarları onu həmişə xatırlayacaqlar", - Sabir Rüstəmxanlı deyib.