Səhiyyə Nazirliyi: şənbə günü Bakıda zəhərlənmiş tələbələr evə buraxılıb

Şəklin mənbəyi, Azertag
Şənbə günü Bakıda zəhərlənmə ehtimalı ilə xəstəxanaya aparılan tələbələr evə buraxılıblar, Səhiyyə Nazirliyi bildirib.
Nazirlik bildirib ki, şənbə günü səhər saatlarında Bakının Nizami rayonunda NZS qəsəbəsində iki tələbənin qidadan zəhərlənməsi barədə Təcili Tibbi Yardıma məlumat verilib.
21 və 22 yaşlı tələbələr 3 saylı şəhər xəstəxanasına aparılıblar.
Tələbələr turşudan zəhərləndiklərini ehtimal ediblər.
Səhiyyə Nazirliyi bildirib ki, tələbələrə lazımi yardım göstəriləndən sonra ambulator müalicəyə buraxılıblar.
Qida Təhlukəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə agentlik qidadan zəhərlənmə ehtimalını araşdırır.
Bundan əvvəl Bakıda noyabrın 21-də 3, 26-da isə 6 tələbə zəhərlənmişdi.
Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında huşsuz vəziyyətdə tapılmış üç tələbədən biri həmin gün ölmüşdü.
Noyabrın 26-da isə Xəzər Universitetinin tələbələri dəm qazından zəhərləndiklərini deyiblər.

























