Vasim Məmmədəliyev "sıradan bir insan deyildi"

Şəklin mənbəyi, Azertag
Bazar ertəsi 77 yaşında vəfat etmiş tanınmış şərqşünas-alim, akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində keçirilir.
Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birlikdə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib.
"Vasim Məmmədəliyevin vəfatı bizim elmimizə ağır zərbədir. O, görkəmli şərqşünas alim, ərəb dilinin mükəmməl bilicisi, şərq dillərinin bilicisi, tədqiqatçısı idi", bu sözləri BBC News Azərbaycancaya müsahibəsində yazıçı Anar deyib.
O, şərqşünas alimin vəfatından kədərləndiyini bildirir.
"Onu çoxdan tanıyırdım, birgə səfərlərdə olmuşduq. Bu səfərlər zamanı onun nə qədər dərin bir alim olduğunu, zəngin bir hafizəyə sahib olduğunu, muğam sənətini nə qədər dərindən bildiyini gördüm. Azərbaycanca, farsca, ərəbcə şeirləri əzbər deyirdi. Həmişə dost münasibətimiz olub", Anar qeyd edib.
Vasim Məmmədəliyevin qəfil ölümündən təəssüflənən şərqşünas alim Aida Qəmbər alimin onun taleyində "böyük rolu olduğunu" vurğulayb.
"Vasim Məmmədəliyev mənə BDU-nin şərşünaslıq fakultəsində ərəb dilindən dərs deyib. Mən tələbə olarkən Vasim müəllim şərqşünaslıq elminin aparıcı simalarından biri idi. O, sıradan bir insan deyildi, fərqlənən alim idi", Aida Qəmbər deyib.

Şəklin mənbəyi, Azertag
Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyeva da Vasim Məmmədəliyevin vəfatı ilə bağlı başsağlığı verib.
"Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan - Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi... Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir", Mehriban Əliyevanın rəsmi İnstagram səhifəsində qeyd edilib.
Vasim Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, əməkdar elm xadimi adına layiq görülüb və 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
O, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri kimi çalışıb, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.



























