Müsavatda başqan seçkisi: Arif Hacılı yenidən başqan seçilib
Video açılmasa, YouTube-da izləyin.
Bazar günü Müsavat partiyasının 9-cu qurultayında keçirilmiş səsvermə nəticəsində partiyanın yeni başqanı Arif Hacılı oldu - o, 262 səslə seçilib. Digər namizədlərdən Tofiq Yaqublu - 51 səs, Yadigar Sadıqlı isə 20 səs toplayıb.
Arif Hacılı səsvermənin nəticəsi elan olunduqdan sonra seçicilərinin etimadını doğruldacağını qeyd edib.
Müsavat partiyasının başqanlığına üç namizəd var idi: hazırkı başqan Arif Hacılı, keçmiş başqan müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqlı.
Qurultayı izləyən müxbirimiz Cəmilə İbrahimova deyir ki, qurultayda qeydiyyatdan keçənlərin sayı 333 nəfərə olub.

Şəklin mənbəyi, BBC
Partiya başqanlığına namizədlərdən Yadigar Sadıqlı qurultaydakı nitqində gələcək planlarından danışıb. O, gənclərin və partiyanın rayon təşkilat üzvlərinin partiyada daha aktiv iştiraka cəlb olunmasını təklif edib.
"Etiraf etmək lazımdır ki, Müsavat bu gün ən güclü deyil. Bunu demək mənə nə qədər ağır olsa da etiraf etmək lazımdır. Bu diaqnozu qoymaq və vəziyyətdən çıxış yolunu axtarmaq lazımdır," - Yadigar Sadıqlı deyib.
"Müsavatın son iki piketi belə heç də çoxsaylı iştirakla fərqlənmirdi. Axı çəkilişlər var, videolar var, bunu görmək elə də çətin deyil. Hətta xüsusi icazə tələb etməyən aksiyalarımız belə kifayət qədər insan toplaya bilmir. Mənim atam hamıdan güclüdür xülyası ilə yaşamaq istəmirsinizsə o şəkillərə yəqin ki, baxıb müqayisə aparmısınız", - Yadigar Sadıqlı qeyd edib.
Yadigar Sadıqlı Arif Hacılını partiya vəzifələrinə təyin zamanı şəxsi münasibətlərindən istifadə etməkdə ittiham edib.
Arif Hacılı bu itithamları qəbul etməyib.
Partiya başqanlığına digər bir namizəd Tofiq Yaqublu çıxışında deyib ki, "Müsavat partiyası yenə irəlidə getməlidir".
"Biz zəifliklərimizi etiraf etməyi bacarmalıyıq, bunu edə bilmiriksə, Müsavatçı deyilik, - Tofiq Yaqublu deyib. - Biz müqayisə üçün güclü təşkilatı göstərməliyik. Ad çəkən kimi deyirlər kimisə təbliğ edirsən. Mən deyirəm ki, biz geri qalmışıq. Kim deyə bilər ki, 2019-cu il 13 oktyabr gününə Müsavat partiyası təkbaşına hakimiyyətə gələcək? Soruşdum, hamı deyir ki, mümkün deyil".
Tofiq Yaqublu davam edib: "Biz deyirik ki, mütləq kiminləsə əməkdaşlıq qurmalıyıq. Kiminlə? Bir sədr, bir qovluq olan partiyalarla? Real qüvvələrlə əməkdaşlıq etməliyik. Bu dəqiqə İlham Əliyevin ən çox qorxduğu Xalq Cəbhəsi ilə Müsavatın bir yerdə olmasıdır. Onun ürəyindən keçir ki, biz həmişə bir-birimizi qıraq. Mən özümü yeganə siyasətçi sayıram ki, kameralar qarşısında nə demişəmsə, daxili müzakirələrdə də onu demişəm".
Müxbirimizin bildirdiyinə görə, qurultayda hazırki başqan və yeni başqanlığa namizəd Arif Hacılı partiya üzvləri qarşısında hesabat verib.
"Müsavat partiyasının axırıncı qurultayından 5 il keçib. Bu müddət ərzində Müsavat partiyası öz proqram və nizamnaməsinə uyğun olaraq Azərbaycanda avtoritar rejimə qarşı mübarizəni davam etdirib. Bu müddət ərzində Müsavat partiyası ölkədə hüquqi dövlətin, cəmiyyətin qurulması uğrunda daima fəaliyyət göstərib", - Arif Hacılı çıxışında qeyd edib.
Onun sözlərinə görə, Müsavat partiyası ölkə daxilində baş verən hər hansı məsələyə daima münasibət bildirib.
"Müsavat partiyası Azərbaycan hakimiyyətinin xalqa zidd siyasətinə qarşı öz mövqeyini davam etdirib və bütün məsələlərdə öz prinsipial mövqeyini ortaya qoyub. Müsavat Partiyası bu dövr ərzində ölkədə baş verən bütün iqtisadi, siyasi məsələlərə dair mövqeyini bildirib, Qarabağ məsələsinə dair mövqeyini bildirib, geopolitik siyasətin Azərbaycana təsirinə aid olan məsələlərlə bağlı qərarlar qəbul edib, - Arif Hacılı Müsavatın digər partiyalardan fərqləndiyini qeyd edib, - Biz yalnız Azərbaycan hakimiyyətinə, Əliyev rejiminə qarşı yox, həm də Azərbaycana qarşı fəaliyyət göstərən bütün mərkəzlərə qarşı mübarizə aparmışıq. Biz Qarabağ ərazilərini erməni silahlı birləşmələri ilə birlikdə işğal altında saxlayan Rusiyanın anti-Azərbaycan siyasəti ilə bağlı qəbul etdiyi bütün qərarlara daim münasibət bildirmişik."
Arif Hacılı partiyanın iqtisadi sahədə mövqeyi barədə bunları söyləyib: "Azərbaycan hakimiyyətinin korrupsiya siyasətinə qarşıyıq. Yalnız Müsavat partiyası ofşorlarda gizlədilən pullarla bağlı fakt üzrə cinayət işi qaldırılması ilə əlaqədar respublikanın Baş prokurorluğuna müraciət edib".

Şəklin mənbəyi, BBC

Müsavat partiyasının başqanlığına namizəd Arif Hacılı öz gələcək planlarından danışıb.
"Mən əminliklə deyirəm ki, Müsavat partiyası Azərbaycanın ən nüfuzlu siyasi partiyasıdır və bu gün Azərbaycanda minimum demokratik şəraitdə seçkilər keçirilərsə yenə də Müsavat partiyası galib gələcək", - Arif Hacılı deyib.
"Bu gün Azərbaycanda Müsavatçılıq ideyalarına zidd olan siyasət yeridən hakimiyyət mövcuddur. Bu gün hakimiyyətdə olan qüvvələr Azərbaycanın heç bir problemini həll etmir, Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət mövcud deyil. Azərbaycan korrupsiyanın miqyasına görə dünyada ən öndə gedən dövlətlər kimi ad çıxarmağa nail olur. Azərbaycanda saxta seçkilərlə hakimiyyətə gələn qüvvələr Azərbaycanın heç bir problemini həll etməyə hər hansı ciddi addımlar atmamış, buna görə də Azərbaycan xalqı layiq olduğu səviyyədən qat-qat aşağı, pis vəziyyətdə yaşayır. Bu gun Azərbaycan hakimiyyəti tam iflic vəziyyətdədir, - Partiya başqanlığına namizəd Arif Hacılı qeyd edib. - Biz Azərbaycanda hakimiyyətin dəyişməsini əsas hədəf kimi götürməliyik. Bu istiqamətdə qüvvələrimizi səfərbər etməliyik, sıralarımızı artırmalıyıq. Müsavat partiyasının sıralarına gənclərin, xanımların qoşulması yönündə güclərimizi artırmalıyıq".

Qurultayda Məmməd Əmin Rəsulzadənin nəticəsi Rəis Rəsulzadəyə də söz verilib.
O, Müsavat partiyasında xeyli müsbət dəyişikliklərin olduğunu qeyd edib: "Çalışırsınız ki, qurultayın keçirilməsində həddindən artıq şəffaflıq olsun".
"Müsavat millətçilik deməkdir"- o, əlavə edib.
"Arif Hacılı dedikdə mübarizlik, müasirlik, demokratik qaydalara əməl edən ağla gəlir", - Rəis Rəsulzadə qeyd edib.

Çərşənbə axşamı günü partiyanın başqanlığa namizədləri arasında debat keçirilib. Debatda başqanlığa namizədlər gələcək planlarından, partiyadakı vəziyyətdən və seçkilərdən danışıblar.
Müsavat partiyası sonuncu qurultayını 2014-cü ildə keçirib və Arif Hacılı başqan seçilib.
Müsavat partiyasının əsası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən qoyulub.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra partiya mühacirətdə fəaliyyətini davam etdirməyə çalışıb.
1992-ci ildə Azərbaycanda Müsavat Partiyası bərpa olunub və İsa Qəmbər başqan seçilib.
- "Müxalifət yığıncaqlarını keçirmək üçün niyə yer tapa bilmir?"
- "Mən özüm Xalq Cəbhəsini onun üçün yaradırdım ki..." Zərdüşt Əlizadə
- Geriyə baxış-Azərbaycan Xalq Cəbhəsi 30: İsa Qəmbərlə müsahibə
- Faktları yoxlayırıq: Qarabağ münaqişəsi AXC-Müsavat cütlüyünün "ağır mirası"dırmı?
- Heydər Əliyev Azərbaycana nə verib?
- Azərbaycan: Siyasi partiyalarda gender balansı necə gözlənir?



























