SOCAR: hava şəraitinə görə 500-dən çox neftçi təxliyyə edilib

neftçi

Şəklin mənbəyi, EPA

Çap edildi

SOCAR 21-22 sentyabr tarixlərində hava şəraitinin pisləşməsi ilə əlaqədar 500-dən çox neftçini təxliyyə etdiyini bildirib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi saytında şənbə günü dərc olunan bəyanatda bildirilir ki, neftçilər "hava və dəniz nəqliyyatları" vasitəsi ilə sahilə çıxarılıblar.

Neftçilərin təxliyyəsi ilə yanaşı, SOCAR bildirir ki, "bütün sahələrdə maarifləndirmə işləri aparılmış, açıq hava şəraitində işlər dayandırılmış, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilmişdir, zəruri sahələrdə növbətçilik təşkil olunmuşdur".

Şirkət "dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata" keçirlidyini bildirib.

SOCAR hava şəratinin 22 sentyabr səhər saatlarında normallaşacağını gözlədiyini əlavə edib.

Keçmişdə Xəzər dənizində neft və qaz hasilatı işlərinə dair qəzalar baş veribdir.

Son bir neçə ildə baş vermiş ən böyük qəzalardan biri 2016-cı il, dekabrın 15-də, Xəzər dənizində estakadanın aşması nəticəsində 10 neftçinin həyatını itirməsi olub.