"Gəncə işi" üzrə təqsirləndirilənlərdən 7 nəfərə hökm oxunub

Çap edildi

Cümə axşamı günü Sabunçu Rayon Məhkəməsində "Gəncə işi" üzrə təqsirləndirilən 7 nəfər şəxsə hökm oxunub.

İş üzrə vəkil Qanqa İbrahimov BBC News Azərbaycancaya bildirib ki, təqsirləndirilən şəxslərə, ümumilikdə 2 ildən 20 ilədək həbs cəzası verilib.

Vəkil bildirib ki, Gəncə işi üzrə təqsirləndirilən şəxslər əsasən, "qəsdlə adam öldürmə", "mütəşəkkil dəstə yaratmaq", "terrorçuluq", "hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə" və digər maddələr üzrə ittiham olunurlar.

""Hüseynzadə Oqtay və digərləri epizodu" üzrə 7 nəfərə hökm oxunub. Mənim müdafiə etdiyim şəxs 19 maddə üzrə ittiham olunub. Bir nəfər öldüyü üçün ona cəza verilmədi. Bir nəfərə 2 il, iki nəfərə 7 il, bir nəfərə 9 il, iki nəfərə 18 il, bir nəfərə isə 20 il həbs cəzası kəsildi".

Vəkil Qanqa İbrahimov deyir ki, təqsirləndirilən şəxslər artıq apellyasiyaya vermək istədiklərini bildiriblər.

"Gəncə işi"ndə təqsirləndirilənlərin valideynləri övladlarının "günahsız olduğunu, haqsız yerə həbs olunduqlarını" deyirlər.

"Gəncə işi" üzrə ümumilikdə 77 nəfər şəxs ittiham olunur.

"Gəncə hadisələri" zamanı nə olub?

2018-ci ildə iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıb.

Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.

Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı.

Bu hadisədən sonra hüquq-mühafizə orqanları 77 nəfərə cinayət işinin açıldığını, 11 nəfərin axtarışa verildiyini, 5 nəfərin öldürüldüyünü açıqlayıb.

Baş Prokurorluq Gəncə işi ilə bağlı ümumilikdə altı qrupun - 51 nəfərin işinin məhkəməyə göndərildiyini bildirir. Onlardan biri məhkəmə prosesləri zamanı ağır xəstəlikdən vəfat edib.