You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Elina Hacıyeva işi": şahidlər və zərərçəkənlər məhkəmədə ifadə verməyə başlayıb
Çərşənbə günü 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ilə əlaqədar 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın məhkəməsi olub.
BBC News Azərbaycancanın müxbirinin məlumatına görə, "Elina Hacıyeva işi" üzrə 46 şahid var.
Məhkəmədə Elina Hacıyevanın hüquqi varisi Sevil Hüseynova bu iş üzrə təqsirləndirilən Sevinc Abbasovanın ilkin ifadəsini dəyişdiyini deyib.
"Öncə Sevinc Abbasova məndən üzr istəyib, peşiman olduğunu bildirdi, daha sonra isə bu ifadələrini geri götürdü".
Sevinc Abbasova fasilə zamanı BBC News Azərbaycancaya bildirib ki, "cinayət işinin materialları ilə tanış olanadək özünü Elinanın ölümündə günahkar bilib, cinayət işinin materialları ilə tanış olduqdan sonra fikrini dəyişib".
Sevinc Abbasova özünü "hüquqi cəhətdən heç bir şəkildə günahkar bilmədiyini" və ona qarşı açılmış ittihamları rədd etdiyini deyib.
İş üzrə təqsirləndirilən Sevinc Abbasovaya qarşı ilk olaraq "özünü öldürmə həddinə çatdırma" maddəsiylə cinayət işi başladılıb.
Sonra isə istintaq bu maddəyə xitam verib və iş məhkəməyə "təhlükədə qoyma və səhlənkarlıq", "zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda" maddələri ilə göndərilib.
Bu prosesdə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova şahid qismində məhkəmədə çıxış edib.
Müxbirimiz deyir ki, məhkəmə prosesi başladıqdan dərhal sonra iş üzrə zərərçəkmiş tərəfin vəkilləri jurnalistlərin məhkəməni işıqlandırmaq üçün zala buraxılmasını tələb edən vəsatət qaldırıblar.
Hakim Azər Tağıyev vəsatəti təmin etməyib, deyib ki, "məhkəmə özü zəruri informasiyanı ictimaiyyətə çatdıracaq".
Elina Hacıyeva işi ilə bağlı jurnalistlər və ictimai fəallar sentyabrın 12-də açıq keçirilmiş ilk məhkəmə iclasına buraxılmamışdılar.
Nə baş verib?
Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib.
O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra xəstəxanada vəfat edib.
Baş Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd etmişdi.
Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, o, məktəbdə qızına qarşı olan pis davranışlar barədə məktəb müəllimlərinə və direktoruna dəfələrlə müraciət edib, amma bir tədbir görülməyib.
Sevil Hüseynova ölümlə bağlı "məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət" etdiklərini deyib.