İsmayıllı və Şəkidə kütləvi zəhərlənmələrə görə cinayət işi açılıb

Şəklin mənbəyi, Azertag
Bazar günü və çərşənbə günü İsmayıllı və Şəkidə baş vermiş kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir.
Hər iki zəhərlənmə halı ilə bağlı "bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda" maddəsi ilə cinayət işi açılıb.
Çərşənbə axşamı günü İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Səhiyyə Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, zəhərlənmə ilə bağlı 33 nəfər xəstəxanaya müraciət edib.
Bazar günü Şəkinin Çeşməli kəndində şadlıq saraylarının birində keçirilən toyda da kütləvi zəhərlənmə baş verib.
Səhiyyə Nazirliyinin dediyinə görə, eyni toyda iştirak edən 57 nəfər toy mərasimindən sonra Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər.
İsmayıllı
Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, çərşənbə günü səhər saatlarında xəstəxanada ikisi uşaq olmaqla cəmi 4 nəfər qalıb. Onların yaxın yamanda evə buraxılacağı gözlənilir.
İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edən vətəndaşlar həkimlərə bildiriblər ki, rayonun Qəzli kəndində keçirilən kiçik toy məclisində iştirak etdikdən sonra özlərini pis hiss ediblər.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.
Agentliyin məlumatında deyilir ki, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
Şəki
Bazar günü günü Şəkinin Çeşməli kəndində şadlıq saraylarının birində keçirilən toyda kütləvi zəhərlənmədən sonra xəstəxanaya müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıb. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Şəki şəhərində baş verən zəhərlənmə ilə bağlı "bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda" maddəsi ilə cinayət işi açılıb, Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin birgə bəyanatında deyilir.
Məlumatda deyilir ki, toyda iştirak edən 400 qonaqdan 57-si qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edib və ilkin tibbi yardım göstərilməklə evə buraxılıb.
"İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları qəbul etdikdən sonra halları pisləşib", - qurumlar bildirib.
Hazırda Qida Təhlükəsizliyi Agentliyi, Şəki rayon polis şöbəsi və prokurorluq məsələni araşdırır.


























