"Qarabağ" klubu Çempionlar Liqası çərçivəsində Kiprin APOEL klubunu məğlub edib

Qurban Qurbanov

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qurban Qurbanov
    • Müəllif, İlkin Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca, Bakı
  • Çap edildi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" klubu Kiprin APOEL klubunu 2:1 hesabı ilə məğlub edib.

Oyun Kiprin Nikosiyadakı GSP stadionunda keçirilib və qollar ikinci hissədə vurulub.

Qolları "Qarabağın" oyunçuları Mahir Emreli və Queye Maqaye vurub. Kipr komandası isə yalnız bir cavab topu vura bilib.

Qarabağ futbol klubunun rəsmi Facebook səhifəsinin yaydığı məlumata görə, oyundan sonra baş məşqçi Qurban Qurbanov oyunçuları təbrik edib.

"Rəqibin gücü hamıya məlumdur və bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar. APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbəyə baxmayaraq, biz arxayınlaşmayacağıq. Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib, cavab matçında daha hazırlıqlı olmalıyıq",- Qurban Qurbanov deyib.

"Qarabağ" klubunun bu mövsümdə ilk səfər qələbəsi olan bu oyunun cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək.

"Qarabağ" ötən il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bundan əvvəl isə o UEFA-nın Çempionlar Liqasının qrup mərhələsində oynayan ilk Azərbaycan klubu olub.

2017-ci ilin avqustunda Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ" dünyanın güclü futbol komandaları: İngiltərənin "Chelsea", Madridin "Atletiko", İtaliyanın "Roma" klubları ilə rəqib olub.