Azad Həsənov: "Həbs olunmağımı gözləyirdim, amma belə ağır maddəni gözləmirdim"

Azad Həsənli siyasi məhbus

Şəklin mənbəyi, TƏRANƏ MƏMMƏDOVA

Çap edildi

Mühacirətdən xəstə atasını görmək üçün vətənə qayıdandan sonra həbs edilən və bu gün şərti azadlığa buraxılan Müsavat partiyasının üzvü Azad Həsənov deyir ki, həbs olunacağını gözləsə də, "belə bir ağır maddənin verilməsi gözlənilməz" olub.

"Gözləyirdim ki, bir aylıq yüngül həbs verərlər, ya işgəncə verərlər, və ya bir ay ərzində yoxlayarlar ki, kiməm, nəçiyəm, nəyə görə gəlmişəm, sonra da yüngül cəza ilə buraxarlar. Uzaqbaşı düşünürdüm ki, ölkədən geri çıxmağa icazə verməzlər", BBC News Azərbaycancaya müsahibə verən cənab Həsənli deyir.

Müsavat partiyasının üzvü Azad Həsənov 2015-cü ildən mühacirətdə olduğu Litvadan xəstə atasıyla görüşmək üçün 2018-ci ilin oktyabrında Azərbaycana qayıdıb.

Gəldiyi gün saxlanılan Azad Həsənliyə Xətai rayon məhkəməsinin qərarı ilə "külli miqdarda narkotik əldə etmə" ittihamına gör 4 ay müddətinə həbs cəzası verilib. Ailəsi onun bu iddiaları rədd etdiyini bildirib. O, avqustun 5-də şərti azadlığa buraxılıb.

Fəal Bakıya atasını görməyə gəldiyini deyir.

"Atam onkoloji xəstədir. Yəni indi də xəstədir və çox şükür ki, sağ-salamatdır. Yəni atamı görməyə gəlmişəm. O günü onkologiya cavab vermişdi ki, aparın onu evə, yəni artıq 3-4 günün qonağıdır. Mən də gəldim, dedim, heç olmasa, dəfninə çataram. Gəldiyim gün də həbs olundum".

Azad Həsənli 2015-ci ilin fevralından "siyasi səbəblərlə" mühacirətdə olduğunu və yaşadığı ölkədə siyasi fəaliyyətini davam etdirdiyini söyləyir.

"Müxalif fəaliyyətimi orada da davam etdirmişəm, aksiyalarda iştirak etmişəm, siyasi məhbuslarla bağlı səfirliyin qabağında aksiyalarda iştirak etmişəm. Yəni aktiv olmuşam, burdakı kimi. Sonra da gəldim - həbs olundum".

O deyir ki, şərti cəzası bitənədək Azərbaycanda qalacaq.

Azad Həsənovun vəkili Osman Kazımov BBC News Azərbaycancaya deyib ki, Azad Həsənovun bu günki məhkəməsində ittiham dəyişdirilib və ona elan olunmuş "külli miqdarda narkotik maddələrin saxlanması və satışı" maddəsi "naktotik vasitələrin saxlanması " ittihamı ilə əvəz edilib.

"[Məhkəmə-red.] ittiham maddəsini 4-cü hissədən birinci hissəyə tövsif edərək Azad Həsənova bir il cərimə verdi və həbsdə yatdığı müddət çıxıldıqdan sonra onu məhkəmə zalından azadlığa buraxdı. Cəzanın qalan hissəsini isə Cinayət Məcəlləsinin "şərti məhkum etmə" maddəsini tətbiq edərək şərti cəza etdi",- Osman Kazımov bildirib.

Vəkil bildirib ki, məsləhətləşmələr apardıqdan sonra növbəti hüquqi addımın atılması barədə qərar qəbul edəcəklər.

Azad Həsənovun ötən ayın ortalarında saxlanıldığı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirdiyi haqqında xəbərlər yayılmışdı.

1984-cü il təvəllüdlü Azad Həsənovun həyat yoldaşı Təranə Məmmədova BBC News Azərbaycancaya həyat yoldaşının səhhətində problemlərin olduğunu demişdi.