Şəki Xan Sarayında baş vermiş hadisədə xəsarət alanlardan biri ölüb

Şəki Xan Sarayının önündə ağac budağının düşməsi nəticəsində ağır xəsarət alanlardan biri - Xatirə Ağamalıyeva bazar ertəsi vəfat edib, Səhiyyə Nazirliyi bildirib.
Qurum Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstənin vəziyyətini ağır qiymətləndirmişdi. Ona "sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok" diaqnozu qoyulmuşdu.
Şəki Xan Sarayının qarşısında qədim çinar ağacının budağının aşması nəticəsində yaralanmış digər şəxslərdən bəzilərinin də vəziyyəti ağırdır.
Səhiyyə Nazirliyinin məlumatına görə, onurğanın qapalı travması diaqnozu ilə müalicə alan digər yaralı Elxan Məmmədovun vəziyyəti orta-ağırdır.
Nazirlik bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.

Bazar günü Şəki Xan Sarayının qarşısında qədim çinar ağacının bir parçası qırılaraq ətrafdakı turistlərin üstünə düşüb, şahidlər deyir.
"Ağacın budağı qırılıb", - Şəki polisindən BBC Azərbaycancanın müxbirinə bildirilib.
Azərbaycan Baş Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə məlumatında deyilib ki, "1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşdüb".
Qurumdan bildirilib ki, hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb və onlar Şəki mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
"Onlara ilkin təcili-tibbi yardım göstərilib. Dörd nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər", - məlumatda deyilib.

Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanlar:
- İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq)
- Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda),
- Farik Həsən (sol incik sümüyünün sınığı),
- Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) - helikopterlə klinik tibbi mərkəzə (KTM) göndəriliblər.
- Xatirə Ağamalıyevanın isə (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) - xəstəxanada vəfat edib.
- Digər xəsarət alan Elxan Məmmədovun (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir.
- Siyahıda olan digər şəxslərə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.
Mənbə: Səhiyyə Nazirliyi

"FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar", - məlumatda qeyd olunub.
Hadisə ilə əlaqədar Baş Prokurorluğun, FHN-in və Səhiyyə Nazirliyinin qaynar xətt telefon əlaqə mərkəzləri yaradılıb.
Sənəddə qeyd olunduğuna görə, baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi Azərbaycan prezidentinin nəzarətindədir.
"Hadisənin başvermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - Baş Prokurorluq və FHN-in məlumatında deyilib.
Bundan əvvəl Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Əbubəkirov BBC News Azərbaycancaya bildirib ki, hadisə nəticəsində 19 nəfər yaralanıb.
"İki yox, dörd nəfər xəstəxanaya yerləşdirilib", - Pərviz Əbubəkirov deyib.
Səhiyyə Nazirliyinin sözçüsü onu da bildirib ki, Bakıdan Şəkiyə həkim briqadası da gedib və ehtiyac olarsa, yaralılar Fövqəladə Hallar Nazirliyinin helikopterləri ilə paytaxta gətiriləcək.
Şahidlərin BBC News Azərbaycancaya dediklərinə görə, hadisə bazar günü saat 12 radələrində baş verib.
Dövlət Turizm Agentliyi xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşların olduğunu qeyd edib.
Səhiyə Nazirliyinə istinadən yayılmış bəzi məlumatlara görə, xəsarət almış 19 nəfərdən 5 nəfəri Suriya vətəndaşı, 2 nəfər Rusiya vətəndaşı, qalanları isə Azərbaycan vətəndaşlarıdır.
"Hadisə barədə tam məlumat yoxdur, Bədbəxt hadisə baş verib, şəxsi heyət yönləndirilib", - Şəki polisindən BBC Azərbaycancanın müxbirinə deyilib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmasa, YouTube-da izləyin.






















