Əyləncə mərkəzində şar partlaması necə baş verib?

Şar

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Günel Səfərova
    • Vəzifə, BBC News Azərbaycanca
  • Çap edildi

Azərbaycanda dövlət qurumları qapalı məkanlarda, şənliklərdə, ad günlərində, toylarda geniş şəkildə istifadə olunan şarlar və səhnə fişənglərinin istifadəsi ilə bağlı ciddi təhlükəsizlik tədbirlərinə çağırır və bu barədə tövsiyə məktubları hazırlayır.

Bu, həftə sonu Bakı şəhərində bir neçə uşağın da xəsarət alması ilə nəticələnmiş helium şarlarının partlaması ilə ani alışmanın baş verməsindən sonra gəlir.

Təhlükəsizlik məsələləri üzrə təhlilçilər deyirlər ki, əyləncə məqsədilə istifadə edilən fişəng və müxtəlif qazlarla doldurulmuş şarlar təhlükə yarada bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu hadisədən sonra uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab etdiyini açıqlayıb.

Dövlət Yanğın Nəzarəti Xidməti qapalı məkanlarda səhnə fişəngləri və müxtəlif qazlar doldurulmuş şarların istifadəsilə bağlı sahibkarlar üçün tövsiyə məktubları hazırlayıb göndərəcəyini deyir.

Nə baş verib?

İyunun 22-də paytaxtdakı "Megafun" əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib, Fövqəladə Hallar Nazirliyi bildirib.

Hadisə nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər xəsarət alıb, onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar, nazirliyin məlumatında deyilir.

Yerli mediada yayılan video görüntüdə animatorun əlindəki qığılcımlı vasitəni fırlatmasını, tavandakı şarların qığılcımların yaxınlaşması ilə partlamasını izləmək olur.

Rəfiqəsinin dəvətilə həmin tədbirdə azyaşlı qızı və anasilə birgə iştirak etdiyini bildirən və partlayış anını gördüyünü deyən müğənni Ayan Babakişiyeva sözlərinə görə, həmin gün orada 60 nəfərlik tədbir olub.

"250-300 dənə şar var idi. Ora animator gəldi, uşaqları əyləndirdi, amma biz bilmirdik ki, o fişəngdən istifadə edəcək. O, çıxış edərkən əlinə fişəngi alıb oynatmağa başladı və bir saniyənin içində partlayış oldu. Təbii qazın partlaması necə olar?"

BBC News Azərbaycanca animator şirkətindən fişənglə bağlı şərh ala bilməyib.

Ayan Babakişiyeva BBC News Azərbaycancaya müsahibəsində qeyd edir ki, onlara şarların "helium əvəzinə propan qazla doldurulduğu" deyilib.

Hadisənin şahidi animatorun və şarların tədbirə qonaqlıq sahibi tərəfindən gətirildiyini bildirib.

Ayan Babakişiyeva deyir ki, zalda su çiləyənlər işə düşdüyü üçün yanğın böyüməyib.

"Orada mənim anam, qızım, yaxınlarım, özüm hər kəs yanıq xəsarəti aldı. Su açılmasaydı orada hər kəs bir-birinə yapışacaqdı. Mal-mülk boş şeydir, o ərəfədə hamı övladını fikirləşir. Həmin an elə bildim övladımı görməyəcəm".

Hadisənin baş verdiyi restoranın yerləşdiyi Azure Kompleksinin rəhbərliyi BBC News Azərbaycancaya deyir ki, baş verənlər Megafun əyləncə mərkəzində yox, kompleksdə fəaliyyət göstərən kafedə, banket zalında baş verib.

Rəhbərliyin açıqlamasına görə, "animatorları da, şarları da, avadanlıqları da müştəri gətirib".

"Hadisə animatorun qeyri-peşəkarlığı və ehtiyatsızlığı ucbatından baş verib. Otaqdakı su çiləyicilər işə düşüb və yanğın baş verməsinin qarşısını alıb. Obyektə də yüngül ziyan dəyib, hazırda orada boyama işləri gedir", kompleks rəhbərliyi iddia edib.

BBC News Azərbaycanca müştəridən və animatordan bu iddialar barədə şərhlər ala bilməyib.

Azure Kompleks
Şəklin alt yazısı, Hadisə baş verdiyi məkanda hazırda boyama işləri gedir

"Maksimum çalışırıq ki, belə hadisə təkrar olmasın" deyən kompleksin rəhbərliyi insanların animator dəvət edərkən onlardan sertifikat istəmədiklərini də iddia edir.

Azure Kompleksinin rəhbərliyi bu hadisədən sonra burada keçiriləcək tədbirlərdə "odlu şouların tamamilə qadağan olunduğunu və gətirilən avadanlıqlara tək-tək baxış keçiriləcəyini" qeyd edib.

Dövlət qurumları nə deyir?

Dövlət Yanğın Nəzarəti Xidməti hadisəylə bağlı BBC News Azərbaycancaya bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməliyyat və istintaq komissiyası baş verən hadisə yerindən nümunələr götürüb və laboratoriyaya göndərib, nəticələr açıqlanandan sonra tədbir görüləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu hadisədən sonra uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab etdiyini açıqlayıb.

"Hazırda hadisə aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür", qurumdan bildirilib.

Qurum hadisə ilə bağlı valideynlərə müraciət edərək onları uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrinə çağırıb.

Komitənin valideynlərə digər məsləhəti isə uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmaları olub.

Od mənbəyi

Uşaqların əyləncə mərkəzində baş verənlər qığılcımlı vasitələrin yaratdığı tək hadisə deyil.

Ötən həftə Bakıda "Nazlı" adlı şadlıq sarayında gəlinin paltarı səhnə fişənglərinə ilişib.

Şadlıq sarayından BBC News Azərbaycancaya deyiblər ki, hadisə böyük olmayıb və yerində həll edilib.

Təhlükəsizlik məsələləri üzrə təhlilçi Elşən İsmayılov deyir ki, bu vasitələr istifadə olunan sahədə hava temperaturuna nəzarət olmalıdır. Həmin məkanda temperatur 20-21 dərəcədən yuxarı olmamalıdır.

O deyir ki, fişənglərdən çıxan əlavə qazlar tənəffüs yollarında problem yarada bilər. Sıxılmış qazlar həm temperatura, həm də qığılcımlara həssas olur.

Təhlükəsizlik məsələləri üzrə digər təhlilçi Vahid Əhədov isə deyir ki, qapalı məkanda qazların istifadəsi qadağandır.

Onun sözlərinə görə, adi hava ilə doldurulmuş şarlar heç bir problem yaratmır, amma şarlar helium və ya metan qazı ilə doldurulursa, mütləq partlayış təhlükəsi əmələ gətirir.

Cənab Əhədovun sözlərinə görə işıq və ya qığılcımlar saçan oyuncaqlar özlüyündə təhlükəli olmasa da, onların qığılcımları metan və ya digər qazlarla doldurulmuş şarlar üçün od mənbəyi ola bilər.

Dövlət Yanğın Nəzarəti Xidmətindən BBC News Azərbaycancaya deyirlər ki, helium təbiidirsə, o təhlükəli deyil, amma helium adı altında başqa qazlar doldurulursa, bu, təhlükə yaradır.

Qurum deyir ki, qapalı məkanlarda səhnə fişəngləri və müxtəlif qazlar doldurulmuş şarların istifadəsilə bağlı tövsiyə məktubları hazırlanıb və bu işlə məşğul olan sahibkarlara göndəriləcək.